Yaşadığımız hər gün bizi Turan birliyinin tam gerçəkləşəcəyi vaxta yaxınlaşdırır. Bu bayraq idealın həyata keçməsinə gedən yol öncəliklə türkcəmizin, azərbaycanca da daxil olmaqla, bütün qol-budaqları arasında tam anlaşıqlılığının təmin edilməsindən keçir. Burda isə ən zəruri amillərdən biri türk dil, ləhcə və şivələrinə məxsus sözlərin ortaq olaraq işlənməsidir.
Bu baxımdan türkcələrarası ortaq kəlmələrdən ibarət lüğətlərin, müqayisəli sözlüklərin yayımlanması, eyni zamanda türk dillərindəki ləhcə-şivə elementlərinin də paylaşılması gərəkdir. Təəssüf ki, bu çərçivədə nəşrlər yox dərəcəsindədir. Bu problemi göz önündə tutaraq, İstanbulda Türkiyə türkcəsində yeni nəşr edilmiş "Gürcüstandan Azərbaycana ağız sözlüyü: Borçalı, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir və Gəncə" kitabının çapı təqdirəlayiqdir. Azərbaycan Diaspora Dəstək Fondunun maliyyə dəstəyi ilə 440 səhifədə nəfis bir tərtibatla yayımlanmış bu əsərin müəllifləri Türkiyənin Qars Kafkas Universiteti Azərbaycan Türkcəsi və Ədəbiyyatı kafedrasının müəllimi dosent Afina Barmanbay ilə Azərbaycanın Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlıdır.
Əvvəlcə vurğulayaq ki, kitabın adında "sözlük" ifadəsi olsa da, toplu sözlük meyarlarını aşıb və elmi tədqiqat, monoqrafik əsər məzmunundadır. Burada sözlüklərdə alışdığımız ifadələr sadəcə yan-yana düzülməyib, leksemlər üzərində dəqiq incələmələr aparılıb, müqayisəli dialektologiya müstəvisində gərəkli qənaətlərə varılıb.
Azərbaycanın Qərbində bir-biri ilə qonşu bölgələrinin və Borçalının ləhcə sözləri, ləhcə–şivə ülfəti ilk dəfə bu araşdırmada təsnifləndirilərək, günlük yaşam, məişət səviyyəsindən elmi sistemə yüksəldilib. İzahlı və örnəkli toplama səciyyəli lüğətdə digər türk boylarına aid çoxlu sözlər də yer alıb. Kitab aid olduğu elm sahəsində boşluğu dolduracaq faydalı mənbədir.
Əsərdə öncə Azərbaycan dialektologiyası üzrə mövcud araşdırmalardan bəhs edilir, sonra sözügedən bölgələrdə fəal işlənən ləhcə-şivə sözlərinə Türkiyənin Ərzurum, Qars, Ərdahan, İğdır vilayətlərinin şivələrində də ağırlıqlı olaraq rast gəlindiyi göstərilir. Bəzi sözlərin səs tərkibi baxımından Anadolu türkcəsindəki, həmçinin digər türk boylarının dillərindəki kəlmələrlə ekvivalent olsa da, fərqli anlamlarda işləndiyi göstərilir.
Ləhcə-şivə sözləri haqqında izahlar lüğətdən istifadədə oxucuya bələdçilik edir. Bölgələrə məxsus 6 min civarında ləhcə-şivə lekseminə yer verilib. Bölgələrin məkan durumuna bağlı xəritələr və coğrafi-sosial məzmunlu məlumatlar da Türkiyə oxucusu üçün vacib bilgilərdir. Araşdırmaya cəlb edilən dialektoloji materiallar kültür və folkloru, tarix və etnoqrafiyanı, siyasət və sosial həyatı, flora və faunanı, əkinçilik və heyvandarlığı, digər yaşam-məslək sahələrini əhatə edir. Azərbaycan əlifbasıyla yazılan ləhcə-şivə leksemlərinin izahı Türkiyə türkcəsində verilərək, örnək cümlələrlə anlaşılması dəstəklənir.
Monoqrafiyanın maraq doğuran elmi məziyyətlərindən biri də ləhcə-şivə vahidlərinin fonetik və qrammatik xüsusiyyətlərinin aydın şəkildə müəyyənləşdirilməsi üçün bu izahatın hər bölgəyə aid seçmə folklor mətnləri ilə tamamlanmasıdır.
Azərbaycanın Qərb bölgələri ilə Gürcüstan hüdudlarında özlərinə qarapapaqlar da deyən Borçalı azərbaycanlılarının yığcam və çoxluq halında məskunlaşdıqları bölgənin bir müstəvidə elmi araşdırmaya alınması diqqət çəkir. Gerçəkdən, Borçalı əhli ana dilini saf və paklıqla yaşadan, zəngin mədəniyyət xəzinəsinə, həmçinin dadlı danışıq tərzinə malik özəlliyi olan bir toplumdur. Borçalı dialekti bir yandan Azərbaycanın Qərb ellərinin ləhcəsiylə, digər yandan da Anadolunun Ərzurum–Çıldırarası yörələrinin dialektləri ilə yaxınlıq, bir bütünlük sərgiləməkdədir.
Bu baxımdan kitab strateji əhəmiyyətli elmi tədqiqat kimi də qiymətlidir. Vətəndən qıraqda qalan Borçalı azərbaycanlılarının Gəncə ötəsi yurdlarla etnik, dil, ləhcə vahidliyini ortaya qoyan bu monoqrafiya elmi önəmi ilə yanaşı, böyük milli mənafelərə də xidmət edir. Xəritələr kağız üzərində cızılır, könlü, ruhu isə bölmək mümkünsüzdür.
Əsərin daha bir önəmi xüsus nəşrin Türkiyədə Anadolu türkcəsində çapıdır. Kitabı ərsəyə gətirmiş yetkin alimlər çox gərəkli bir elmi çalışmaya imza atıblar, eyni zamanda türklük adına, türk birliyi idealı adına şərəfli təşəbbüs örnəyi göstəriblər.
Sözlükdəki şivə ünsürlərinin mühüm qismi sinədəftərlərdən toplanıb. Onu da qeyd edək ki, kitabın müəllifləri araşdırma aparılan bölgələrin dialektolojik mənzərəsinə bilavasitə yaxından bələdliliyi olan kəslərdir. Belə ki, Afina Məmmədli Barmanbay Borçalı kökənlidir, mərhum ədəbiyyatşünas professor, şair Əflatun Saraçlının qızıdır. Vasif Sadıqlı isə Qazax–Ağstafa bölgəsindəndir. Onların sahə çalışmaları sayəsində zəngin qaynaqları əldə edərək təsnifatlandırması kitabın ərsəyə gəlməsinə böyük təkan verib.
Nəhayət, kitabın redaktorluğunu tanınmış dilçi alim, professor Qəzənfər Kazımovla müştərək gerçəkləşdirməyimizdən böyük məmnunluqla, müəlliflərə – Afina xanıma və Vasif müəllimə bu qeyrət işinə görə böyük minnətdarlıq edirik.
Şurəddin MƏMMƏDLİ,
Türkiyə Ərdahan Universitetinin kafedra müdiri, professor