Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Əməkdar rəssam Həmzə Sadiqovun 75 illiyi münasibətilə fərdi yaradıcılıq sərgisi açılıb.
“Rənglərin harmoniyası” adlanan sərgi Ulu öndər Heydər Əliyevin anadan olmasının 101, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunub. Muxtar Respublika Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva rəssamın həyat və yaradıcılığından bəhs edib, Milli Məclisin Mədəniyyət Komitəsinin yubilyara təbriklərini çatdırıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov rəssamı təbrik edərək bildirib ki, Həmzə Sadiqovun taleyi, həyatı həmişə vətənə bağlı olub. Bunu onun yaradıcılığından da görmək olur. Həmzə Seyidov I Qarabağ mühaibəsi zamanı Sədərək döyüşlərində fədakarcasına iştirak edib. Ali Məclisin sədr müavini Əməkdar rəssamın realizm üslubunda yaratdığı əsərlərin Naxçıvana yeni bir baxışla baxmağa böyük imkan yaratdığını bildirib, onun əsərlərini bir çox gənc rəngkar üçün örnək kimi dəyərləndirib.
Mərasimdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Türkiyə Respublikasının Muxtar Respublikadakı baş konsulu Asip Kaya, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Milli Məclisin deputatı Cəbi Quliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev, muxtar respublika Yazıçılar Birliyinin sədri Asim Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Memarlar Birliyinin sədri Heydər Əhmədov və Xalq rəssamı Hüseynqulu Əliyev danışıb və yubilyara xoş arzularını çatdırıblar.
Əməkdar rəssam Həmzə Sadiqov verilən dəyərə görə minnətdarlıq edib. Sonra sərgiyə baxış olub. Sərgidə onun müxtəlif janrlarda ərsəyə gətirdiyi 60-a yaxın əsəri nümayiş etirilir.
XQ