Dövlət Miqrasiya Xidmətində jest dili üzrə təlim keçirilib

post-img

Dövlət Miqrasiya Xidmətinin Təlim Mərkəzində vətəndaş məmnunluğunun artırılması məqsədilə görmə, danışma və eşitmə məhdudiyyətli şəxslərə xidmət göstərən miqrasiya orqanları əməkdaşları üçün “Jest dili (İşarət dili)” mövzusunda təlim təşkil olunub.

Xidmətin Kadrlar və kadr hazırlığı idarəsi və Təlim-tədris mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təlimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin bu sahə üzrə mütəxəssisi Aytac Qədirova aparıb.

XQ xəbər verir ki, tədbirdə ölkəmizdə işarət dilinin rəsmi ünsiyyət dili kimi tanınmasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu addım əlilliyi olan şəxslərin informasiya mühitinə bərabər çıxışına, fikirlərini sərbəst ifadə etməsinə və cəmiyyət həyatında fəal iştirakına şərait yaradır.

Eyni zamanda, cəmiyyətin bütün üzvlərinin sosial həyata bərabər şəkildə qoşulmasının, əlilliyi olan şəxslərlə ünsiyyət bacarıqlarının təkmilləşdirilməsinin və inklüziv xidmətlərin genişləndirilməsinin vacibliyi təlim iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sosial həyat