Hindiba – qaraciyərin və sümüyün dostu
Şərq təbabətinin atası İbn Sinanın təbii müalicə vasitələri arasında önəm verdiyi bitkilərdən biri də mavi hindiba bitkisidir. Orta əsr müdriki bu şəfalı otun qaraciyəri təmizləməkdə sümüyü möhkəmləndirməkdə möcüzəli təsirini öyrənib ondan faydalanmağı tövsiyə edib.
Mavi çiçəkləri ilə yolların, tarlaların kənarlarını bəzəyən hindiba (ona cərahət otu da deyilir), sən demə, kökündən yarpaqlarına qədər şəfaverici vasitə imiş, sonrakı araşdırmalar göstərib ki, mavi hindibanın kökləri inulin adlı təbii prebiyotiklə zəngindir. Bu maddə bağırsaq florasını tənzimləyir, zərərli bakteriyaların çoxalmasının qarşısını alır və həzm prosesini asanlaşdırır. İnulin həm də qəbizliyi azaldır, immuniteti artırır. O, kalsiumun mənimsənilməsini artırır, bununla da sümük sıxlığını qoruyur.
Şərq təbabətində “qaraciyərin dostu” kimi tanınan mavi hindibanın tərkibindəki saponinlər və fenolik birləşmələr isə öd ifrazını artırır. Bu isə qaraciyərin zərərli yığıntılardan təbii yolla təmizlənməsinə kömək edir.
Mavi hindiba flavonoidlər və polifenollarla da zəngindir. Bu maddələr sərbəst radikalları zəiflədir, hüceyrələrin qocalmasını ləngidir və dəri iltihabını azaldır. Bitkidən daimi istifadə oynaq ağrıları, qaraciyər yorğunluğu və dəri sərtləşməsi kimi fəsadların qarşısını alır.
Hindibanın tərkibindəki seskviterpen laktonlar isə sinir sistemini qidalandırır, yaddaşı gücləndirir, diqqəti artırır və yorğunluğu azaldır.
Vüsalə ƏLİYEVA
XQ

