Gələcəyin Peşələri Sammiti bu dəfə Bakı şəhərində keçiriləcək

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ikinci Gələcəyin Peşələri Sammiti 28 noyabr 2025-ci il tarixində Bakı şəhərində təşkil olunacaq.

XQ xəbər verir ki, sammitin məqsədi əmək bazarında baş verən dəyişiklikləri, yeni peşə və bacarıqlarla bağlı tələbləri, texnologiya və innovasiyaların iş dünyasına təsirlərini peşəkar mühitdə müzakirə etmək, təhsil və məşğulluq sahələrində yeni çağırışlar nəzərə alınmaqla, bu ekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlıqlarını dəstəkləməkdir.

Tədbir dövlət və özəl sektorların, təhsil müəssisələrinin nümayəndələri, yerli və xarici karyera məsləhətçiləri, təlimçilər, insan resursları üzrə mütəxəssislər, ekspertlər, inkişaf mentorları arasında qeyd edilən mövzuda sağlam fikir mübadiləsi üçün vahid platforma yaratmağı nəzərdə tutur.

Sammitə iştirakçı qismində qatılmaq istəyənlər üçün qeydiyyat artıq başlayıb və noyabrın 23-ü saat 20:00-dək davam edəcək. Qeydiyyat üçün  www.geleceyinpesheleri.az linki vasitəsilə müraciət etmək olar.

Qeyd edək ki, Gələcəyin Peşələri Sammiti çərçivəsində ilk tədbir cari ilin oktyabr ayının 30-da Naxçıvan şəhərində keçirilib.

Sosial həyat