Mayın 20-də Rəşid Behbudov adına Mahnı Teatrında yeni yaranmış Qədim Zəngəzur Teatrının ilk premyerası olacaq. Yaradıcı kollektiv “44 dəqiqə” tamaşasını təqdim edəcək. Premyera ərəfəsində XQ-nin əməkdaşı teatrın direktoru Firidun Əliyevlə görüşərək ondan qısa müsahibə alıb.
– Firudin müəllim, Qədim Zəngəzur Teatrı necə yarandı?
– Xalqımızın 2020-ci il Tarixi Zəfərindən sonra düşündük ki, sənət adamları kimi, biz də dövlətimizə və xalqımıza öz töhfəmizi verək. Prezident İlham Əliyevin “Böyük qayıdış” planı uğurla reallaşır. Əhalinin düşməndən azad edilmiş Şərqi Zəngəzur bölgələrinə qayıdışı həyata keçirilir. Ümid edirik ki, teatrımız orada doğma yurda qayıdan ailələri bir-birindən gözəl tamaşalarla sevindirəcək. Beləcə, müstəqil teatrı yaratmaq qərarına gəldik.
2023-cü ilin noyabrından aktyor və rejissor kollektivini toplamağa başlamışıq. Gördüyünüz kimi, artıq ilk tamaşamız da hazırdır.
– Teatrın repertuar siyasətini necə qurmaq fikrindəsiniz?
– Teatrın bədii rəhbəri, istedadlı aktyor Ramil Zeynalov həm yerli, həm də xarici əsərlər əsasında tamaşalar hazırlamağı düşünür. Təbii ki, əsas məqsədimiz torpaqlarımızı azad edən qəhrəmanların bədii obrazlarını yaratmaqdır.
– Aktyor heyəti kifayət qədər peşəkardırmı?
– Teatrın yaradıcı heyətinə “kastinq” elan edərək ən istedadlı gəncləri cəlb etməyə çalışmışıq. Onlardan Mahir Mirişli, Sübhü Fərəcov, Əlixan Nağızadə və başqalarının adlarını çəkmək olar. Ümumiyyətlə, istedadlı və gənc aktyorlarımız çoxdur.
– İlk premyeradan nə gözləyirsiniz?
– Hər bir premyera yaradıcı kollektiv üçün böyük sınaqdır. Ümid edirəm ki, təqdim etdiyimiz əsər tamaşaçıların xoşuna gələcək. Əsgərlərimiz çox ağır döyüş yolu keçiblər. Onların başlarına gələn hadisələri, yaşadıqları ağrı-acıları, qələbə sevincini gənc nəslə ötürmək lazımdır. Məqsədimiz məhz budur.
– İndiki şəraitdə tamaşaçını teatra cəlb etmək o qədər də asan deyil...
– Haqlısınız. Amma biz bununla bağlı bir sıra planlar qurmuşuq, hədəflər düşünmüşük. Bir tamaşa hazırladıq, getdik, hardasa göstərdik, bununla kifayətlənməyəcəyik. Yeni, dəyərli tamaşalar araya-ərsəyə gətirəcəyik.
– İnsanlar teatrda həyatda üzləşdiyi problemlərin bədii həllini görmək istəyir. Sizin tamaşalar cəmiyyətin bu suallarına cavab verə biləcəkmi?
– Həyat bir teatrdır. Hər kəs özünün seçdiyi rolun ifaçısıdır. Aktyor isə həm də başqa insanların xarakterlərini yaradır. Bu obrazları elə yaratmalıyıq, insanlar düşünsünlər və təsirlənsinlər.
Söhbəti qələmə aldı:
Fidan SALMANOVA,
Elşən AĞALAROV (foto),
XQ