Zərərli təsirdən necə qorunmalı?
Yay aylarında, xüsusilə, havanın temperaturunun yüksək olduğu günlərdə bəzi meteohəssas insanların səhhətlərində problemlər yaranır. Ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər isə isti havalarda daha çox əziyyət çəkirlər. Havanın temperaturunun 39–40 dərəcəni keçməsi ürək-damar sisteminə mənfi təsirini istər-istəməz göstərir. Bu mənfi təsir, hətta sağlam və gənc insanlarda da müşahidə edilir. Elmi Tədqiqat Kardiologiya İnstitutunun işemik xəstəliklər şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mədinə Əzimova istinin təsirindən orqanizmdə baş verən bu prosesləri belə izah edir:
– Havanın isti olması insanın qan damarlarını genişləndirir ki, bədənin artan istiliyini ətrafa ötürsün. Bundan qaynaqlanaraq müxtəlif nahiyələrdə kapilyar partlamaları, göyərmələr müşahidə edilir. Ayaqlarında varikoz (damar genişlənməsi) olanların aşağı ətraflarında ağırlıq, ağrı, eyni zamanda, baş ağrıları ola bilər. Venoz qan problemi olanlarda aşağı ətraflardan başa və geriyə qan dövranında ləngimə yaranır. Ona görə isti havalarda ürək və beyinə qan axını pozulur. Damar problemi olanlarda ödem, bədəndə şişkinlik, maye durğunluğu yarana bilər. Ürəyində problem olmayan insanlarda isti havada damarların genişlənməsi təzyiqi aşağı salır. Damarlar qan dövranı balansını düzəltmək üçün daha tez-tez yığılıb açıldığından taxikardiya, ürəkdöyünmə, ritmin artması baş verir.
Ürəyin əsas koronar damarlarında dəyişiklik varsa, onlar istiyə uyğun olaraq genişlənib qanı qova bilmir. Bu zaman ürək və ya beyinin işemiyası, infarkt riski artır. Arterial hipertenziya xəstələrində təzyiqin göstəriciləri daha da yüksələ bilər. Qanda elektrolitlərin miqdarının artması aritmiyanı gücləndirir.
Belə isti havalar, xüsusilə yaşı 50-dən yuxarı olan insanlara, tütün məhsullarından istifadə edənlərə, artıq çəki və piylənmədən əziyyət çəkənlərə, şəkərli diabet və ürək-damar sistemi xəstəlikləri olanlara daha çox təsir edir. İsti havada damarlar genişlənir, ürək döyüntüsü artır, qan qatılaşır, damarlarda tromblar əmələ gəlməsi riski artır. Yüksək hərarətdə istənilən fiziki aktivlik, hətta piyada gəzmək belə tərləməni və su itkisini artırır. Həmin su ilə birgə lazımi mikroelementlər, minerallar, kalium, natrium da yuyulub gedir. Bunlar isə ürəyin normal işləməsi üçün çox lazımdır. Nəticədə qan dövranı zəifləyir, nəbz yüksəlir, taxikardiya başlayır. Bütün bunlar isə öz növbəsində ürək tutması, insult, infarkt riskini xeyli artırır.
– Mədinə xanım, isti hava normal insanların səhhətinə təsir edir. Bəs ayın bu qorabişirən günlərində xəstə insanlar vəziyyətdən necə çıxsınlar?
– Hər şeydən öncə, su qəbulunu artırmalı, sərin, kölgəli, rahat yerdə olmalı, çox uzanmamalı, əksinə, çox hərəkət etməli, gündüzlər çölə çıxmamalı, fiziki iş görməməli, təzyiqi, şəkəri və maye qəbulunu nəzarətdə saxlamalıdır. Həzm edilməsi çətin olan qidaları həddindən artıq miqdarda yeməmək, isti içəcəklərdən, kofeinli və spirtli içkilərdən uzaq durmaq, çölə çıxarkən havanın keçməsini təmin edən açıq rəngli, boş paltar geyinmək, fasilələrlə təravətləndirici vanna qəbul etmək tövsiyə olunur.
Yeməklərdən meyvə, tərəvəzlərə, süd məhsullarına, quş ətinə üstünlük verilməlidir. Ürək-damar sisteminə müsbət təsir edən ərzaqlardan pomidor, cəfəri, moruq, qara və qırmızı üzüm, ağartı məhsulları, kətan toxumunu qeyd etmək olar. Ürək-damar problem olanlar, şəkər xəstəliyindən əziyyət çəkənlər dərmanlarını vaxtlı-vaxtında qəbul etməli, uzaq yola çıxdıqda isə onları mütləq özləri ilə götürməlidirlər. Bu sadə məqamlara əməl edərək sağlamlığın qayğısına qalmaq mümkündür.
– Doktor, belə havalarda bəzi insanlar hədsiz tərləyir, halsız olduqlarını deyirlər. Bunun qarşısını almaq mümkündürmü?
– İsti havada hərəkət etmək, həm də tərləməyə səbəb olur. Tərləmə ilə bədən duz və su itirir, orqanizmdəki kalium, maqnezium yuyulur. Bu da dövr edən qanın miqdarını azaldır, qanı qatılaşdırır, nəticədə tromb yaranma riski artır. Bu zaman bədənin su, duz balansını tənzimləmək, həmişəkindən çox miqdarda adi, sərin su qəbul etmək lazım gəlir. Halsızlıq da məhz bədənin su itirməsi nəticəsində yaranır. Bu zaman həm qəbul edilən qidaya, həm də qaldığı məkana ciddi diqqət edilməlidir.
Xüsusilə, riskli şəxslərdə bədən istiliyi artıbsa, baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma, əzələ ağrıları varsa, dərinin qızartı və quruluğu, sidik ifrazının azalması, qan təzyiqi həddindən artıq aşağı və ya yüksəkdirsə, ürək döyüntüsü ilə yanaşı tənəffüs çətinliyi, sinə ağrısı kimi əlamətlər varsa, ləngimədən həkimə müraciət edilməli və onun tövsiyələrinə əməl olunmalıdır.
Zərifə HÜSEYNOVA
XQ