Ağdam rayonundan məcburi köçkünlərin növbəti köçü 32 ildən sonra yenidən salınmış Xıdırlı kəndinə qayıdıb. Bu münasibətlə keçirilən mərasimdə məcburi köçkünlük həyatı ilə vidalaşmış ailələrə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak etdikləri şənlikdə doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Yurd həsrətinə son qoyulan xıdırlılılar torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını da bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. 252 nəfərlik 68 ailə onlar üçün tkilmiş abad fərdi evlərdə könül xoşluğu ilə məskunlaşıblar.
Xatırladaq ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda öz yurduna qayıtmış yerli insanlarla yanaşı, bölgədə bərpa-quruculuq işləri aparan, zəruri xidmətləri təşkil edən dövlət və özəl qurumların işçilərindən ibarə 50 mindən çox insan yaşayır.
XQ