Şuşanın tarixi-mədəni irsi milli-mənəvi sərvətimizdir

post-img

Müsahibimiz tanınmış kulturoloq, professor Minaxanım Əsədlidir

– Hörmətli professor, xalqımızın kulturoloji irsinin öyrənilməsi istiqamətində hansı işlər görülür?

– Düşünürəm ki, əvvəlcə “kulturoloji irs nədir” sualına cavab vermək lazımdır. Kulturoloji irs cəmiyyətin tarixi, mədəniyyəti, təhsil və elm, idarəetmə, texnika, hüquq, tibb və digər sahələrə aid olan mədəniyyət nümunələrinin məcmusudur.

Azərbaycanın kulturoloji irsini, həm bütövlükdə, həm də ayrı-ayrılıqda, yəni müxtəlif bölgələr üzrə öyrənmək və təbliğ etmək son dərəcə vacibdir. Bunu etməsək, xalqımızın qədim və zəngin mədəniyyətə sahib olduğunu sübut edə bilmərik. Biz bir xalq, millət olaraq hansı yüksək mədəni irsə sahib olduğumuzun fərqində olmalıyıq.

Məlumdur ki, sovetlər dönəmində respublikaların milli mədəniyyətlərinə bir qayda olaraq onların layiq olduqları dəyər verilmirdi. Yalnız hakim ideologiyanın təbliğinə xidmət edən təhlillər üçün meydan yaradılmışdı. Biz milli istiqlalımıza nail olmuşuq.

Bu gün müstəqil Azərbaycanımızın mədəniyyətini bütün rəngarəngliyi ilə öyrənməyimiz çox önəmlidir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərin maddi və mənəvi irsinin araşdırılmasına böyük ehtiyac duyulur.

İşğalçı Ermənistan 30 ilə yaxın bir müddətdə Qarabağdakı maddi, mənəvi abidələrimizi məhv etməklə məşğul olub. Düşmən bu ərazilərdəki xalqımızın tarixi kimliyi ilə bağlı hər şeyi vandalcasına dağıdıb.

– Məlumdur ki, Qarabağın zəngin kulturoloji irsi içərisində Şuşanın xüsusi yeri var. Bu gözəl və bənzərsiz şəhərin istedadlı insanlarının onilliklər boyu yaradıb-yaşatdıqları mədəni-ideoloji dəyərləri gənc nəslə layiqincə çatdıra bilirikmi?

– Şuşa, həqiqətən, Azərbaycanın mədəniyyət və təhsil baxımından ən zəngin tarixi yaşayış məkanlarındandır. Milli mənəviyyatımızın tacı olan bu gözəl şəhər XIX əsrin ortalarında Azərbaycanda başlanmış maarifçilik hərəkatının əsas mərkəzlərindən biri olub. Qeyd etmək lazımdır ki, maarifçilik ideyaları Şuşadan Qarabağın, eləcə də ölkəmizin digər bölgələrinə yayılmışdır.

O dövrdə Şuşada açılan yeni məktəblərdə dini təhsillə yanaşı, riyaziyyat, fizika, kimya, tarix kimi fənlər də tədris edilirdi. Bu, əhalinin, xüsusilə də gənc nəslin təhsilə, dünyəvi elmlərə olan marağını artırır və yeni düşüncə tərzi formalaşdırırdı.

Məlumdur ki, Şuşa özünün həm də bənzərsiz memarlıq abidələri ilə fərqlənir. Təsadüfi deyil ki, 1977-ci ildə Şuşanın tarixi hissəsi Azərbaycan tarix-memarlıq qoruğu elan olunmuşdur. Yeri gəlmişkən, bu mühüm qərar respublikamızın ovaxtkı rəhbəri, dahi siyasətçi Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmişdir. Məhz o dönəmdən başlayaraq Şuşada tarixi abidələrin qorunması və xalqımızın görkəmli mədəniyyət, incəsənət xadimlərinin xatirəsinin əbədiləşdirilməsinə diqqət və qayğı artırılmışdı.

Pənahəli xanın sarayı, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, digər tarixi abidələr ən yüksək səviyyədə təmir və bərpa olunmuşdu. Şərqdə peşəkar musqinin yaradıcısı olan Üzeyir bəy Hacıbəylinin Şuşadakı ev muzeyi sevilə-sevilə ziyarət edilən məkanlardan idi. Bundan başqa, Bülbülün və ensiklopedik alim Mir Möhsün Nəvvabın xatirə muzeyləri açılmışdı.

– Şuşa həm də ədəbi mühitin mərkəzlərindən biri olmuşdur. Burada formalaşan maarifçi və realist ədəbiyyat, bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafına böyük təsir göstərmişdir. Bu mövzu kulturoloji aspektdən kifayət qədər araşdırılırmı?

– Şuşanın ədəbi-mədəni mühitinin yetirməsi olan görkəmli maarifçi, dramaturq Nəcəf bəy Vəzirov Azərbaycan dramaturgiyasının inkişafına danılmaz töhfələr vermişdir. Yeri gəlmişkən, bu böyük ziyalı həyatda o qədər sadə və fədakar ziyalı olmuşdur ki, bəzən əsərlərindəki qadın rollarını ifa edən aktyorların əvəzinə, özü səhnəyə çıxmışdır.

Görkəmli yazıçı-dramaturqlar Əbdürrəhim bəy Haqverdiyev və Süleyman Sani Axundov həm milli teatrımızın, həm də milli nəsrimizin, eləcə də uşaq ədəbyyatının inkişafı və tərəqqisi üçün danılmaz xidmətlər göstərmişlər. Şuşada doğulmuş görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli bədii yaradıcılıqla yanaşı, ictimai və dövlət xadimi kimi də fəaliyyət göstərmişdir.

– Şuşanın yetirdiyi parlaq tarixi şəxsiyyətlərdən biri də, şübhəsiz, görkəmli publisist, türkçülüyün böyük ideoloqu Əhməd bəy Ağaoğlu olmuşdur. Sizcə, bu mövzunu şərh edərkən hansı məsələlərə daha çox önəm verilməidir?

– Böyük publisist, istiqlal mücahidi Əhməd bəy Ağaoğlu Şərq ilə Qərb arasında mütərəqqi düşüncə körpüsünü quran böyük ziyalı olmuşdur. 1869-cu ildə Şuşada anadan olmuş, erkən təhsilini əvvəlcə doğma şəhərdə, sonra Tiflisdə aldıqdan sonra Avropaya üz tutmuş, Parisdə nüfuzlu Sorbonna Universitetinin hüquq fakültəsini bitirmişdir.

Əhməd bəyin publisistik fəaliyyəti onun ideyalarının geniş kütləyə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. O, XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərən “Həyat”, “İrşad” kim qəzetlərdə, eləcə də “Füyuzat” dərgisində dərin ictimai-siyasi məzmunlu məqalələr dərc etdirmişdir.

Əhməd bəy Ağaoğlu öz dövrünün qabaqcıl düşüncə adamı idi. O, Avropa təhsilini almış, lakin Qərbin kor təqlidinə yox, onun mütərəqqi dəyərlərinin Şərqə uyğunlaşdırılmasına çalışan bir ziyalı idi. Onun maarifçilik ideyaları, qadın azadlığına verdiyi önəm, milli-mədəni kimlik uğrunda mübarizəsi bu gün də aktualdır. Əhməd bəy Ağaoğlu həm Azərbaycan, həm də qardaş Türkiyə cəmiyyətləri üçün ortaq dəyərdir. Onun zəngin irsindən bəhrələnməyimiz son dərəcə vacibdir.

– İşğaldan azad edilmiş digər bölgələrimzin də kulturoloji irsi kifayət qədər araşdırılaraq təbliğ olunurmu?

– Əlbəttə, təkcə Şuşa deyil, Qarabağın digər bölgələrinin də kulturoloji irsi diqqətlə araşdırılır, təbliğ və təqdir olunur. Bu, olduqca vacib missiyadır. Bu sahədə alim və tədqiqatçılarımızın fədakar əməyi təqdirəlayiqdir.

Bəllidir ki, Qarabağın giriş qapısı sayılan Cəbrayıl rayonunun ərazisi maddi-mədəniyyət abidələri ilə zəngindir. Azərbaycanın quzeyi ilə güneyini birləşdirən, XI-XIII əsrlərdə Araz çayı üzərində salınan tarixi Xudafərin körpüləri məhz bu rayonun ərazisində yerləşir.

Orta əsrlər folklor ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Qurbani də Cəbrayılda yaşayıb yaratmışdır. Bu bölgə ilə bağlı maraqlı faktlardan biri də budur ki, böyük Azərbaycan şairi Molla Vəli Vidadi XVIII əsrin sonlarında Cəbrayıl rayonunun Çələbilər kəndində dərs demişdir.

Cəbrayılla bərabər qonşu Füzuli və Zəngilan rayonlarının kulturoloji irsinin dərindən araşdırılaraq təbliğ olunması vacibdir. Bu istiqamətdə gərgin araşdırmalar davam edir. Yeri gəlmişkən, Azərbaycanımızın tarixi keçmişindən, zəngin mədəniyyətindən bəhs edən yeni elmi, publisistik və bədii əsərlər yaranır. Onların hər biri bir “mədəniyyət elçisi”nə çevrilərək dünyaya səs salır. Azərbaycanın ruhunu, sözünü, sənətini uzaqlara daşıyır.

Xalqımızın görkəmli ziyalısı, mərhum akademik Xudu Məmmədov dəfələrlə demişdir ki, gənclərə vətənpərvərlik mövzusunda uzun-uzadı danışmaqdansa, onlara Vətəni yaxından tanıtmaq lazımdır. O zaman onlar Vətəni özlərinki, doğma hesab edəcəklər. Xudu müəllimin bu dəyəri tövsiyəsini mən şəxsən bir kulturoloq olaraq özüm üçün fəaliyyət proqramı kimi qəbul edirəm.

– Maraqlı müsahibə üçün təşəkkür edirik.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV
XQ



Müsahibə