At arabası

post-img

O günlərin hər işi çətin olsa da, öz ailə ocağımızın istisi də, acı tüstüsü də özümüzə şirin idi. Bu günümüzdə bəzi işlər asan başa gəlir, amma o çətin və mənalı günlərin yerini vermir. O günlərə gün çatmaz, calasan günü-günə...

Yayın cırhacırında, qışın soyuğunda atamın əli işdən, ayağı yerişdən qalmazdı. Ürəyi nisgillə, həsrətlə dolu olsa da, qabarlı əlləri boşda qalmazdı. Halal zəhmətlə dam-daş qurmağın, külfət saxlamağın at işləməz yollarında atam bir bölük külfətin yükünü at arabası ilə çəkirdi. Boş at arabası ilə hara getsə, ürəyi dolu yüklə qayıdardı. Atamı ömrünün yetmişində də, səksənində də belə gördüm. Yaşlandıqca ömrü sozalsa da, işə, zəhmətə həvəsi azalmırdı.

Atamla birlikdə keçən günlərimin heç birini də unutmamışam. O günləri unutsam, atamı unutmuş olaram. Mən uşaq olanda ailəmizdə bir çox fərəhli və kədərli hadisələr olmuşdu. Lakin uşaqlıq çağlarımın qayğısız günləri də az deyildi. Sevinirdim ki, ata-anam var. Onların hər cür zəhmətə qatlaşmasını görüb öyünürdüm. Həm də ürəyim işə, zəhmətə həvəslə döyünürdü.

Ailəmiz kasıb olsa da, atamın üz-gözündə məğrurluq, qürur hissi açıq-aşkar duyulurdu. Qüvvətli, şücaətli, əyilməz kişi idi atam. Onun kişi qüruru ilə ailə-övlad qayğısı qoşa qanad kimiydi. Həyatın bərkindən-boşundan, müharibənin ağrısından-acısından keçib gəlmişdi. Həmişə atamla təmasda olduğuma görə, onun Şimali Qafqazdan Berlinədək keçib gəldiyi əzablı yolları əzbərdən bilirdim.

Böyük qardaşlarım ailə qurub ayrılmışdılar. Öz ailələrinin qayğıları ilə yaşayırdılar. Atam müharibədə sağ qolundan güllə yarası almışdı. Çiynini yük altına verəndə sağ qolu qalxmırdı. Atamın sağ əli- evimizin dayağı, dirəyi mən idim. Evimizdən at arabası ilə çıxıb uzaq yerlərə iş dalınca gedəndə xırda xərclər üçün pul lazım olurdu. Atı nalbəndə aparmaq, arabanın təkərini düzəltdirmək, atın xamuduna əl gəzdirmək üçün nisyə iş gördürməyi atam öz kasıb qüruruna sığışdırmırdı. Atam məni yanına çağırıb poçtalyon Qulama bir- iki cümləlik məktub yazdırırdı. O məktubun məzmunu həmişə eyni olurdu :

“Salam, a Qulam!
Bu oğul balama pul verərsən.
Borcumu pensiyadan tutarsan”

Bir qayda olaraq, o balaca məktubun altında pulun məbləği, atamın imzası və günün tarixi olurdu. Mən hər dəfə atamın məktublarını poçtalyon Qulama çatdırıb, sevincək pulu götürüb, evə gətirib atama verirdim.

Qulam dayı kəndin poçtalyonu idi. O vaxtlar pensiyaları da poçtalyon verirdi. Poçtalyon Qulamdan pul istəyəndə, bircə dəfə də atamı naümid qoymamışdı. Bilirdi ki, pensiya gələndə verdiyi pulun əvəzini götürəcək. Həm də aralarında dost münasibəti, könül bağı vardı. İkisi də müharibədən qazi kimi qayıtmışdı. Atam sağ qolunu, poçtalyon Qulam da sağ qıçını Vətən uğrunda qurban vermişdi. İkisi də müxtəlif dərəcəli əlil pensiyası alırdılar. O, poçtalyon kimi kəndarası yolları, atam da at arabası ilə çöllərin kol-kosuna sarı uzanan yolları yağır eləmişdi. Hər ikisinin çörəyi yol yormaqdan çıxırdı. Poçtalyon Qulamdan Ağgünlü kəndində hər ev, hər ailə soraq gözləyirdi. Kəndin başsız biçənəklərində saralıb solan otlar da atamı əlində kərənti, oraq gözləyirdi.

Atam at arabası ilə çöllərdən ot, odun daşıyanda Qəmər atımız saf suların güzgü tutan təmizliyində su içə-içə güzgülənirdi. Saf suların aynasında Qəmər atımız öz gözəl camalını görəndə Aylı gecələrdə göylərin işıq yolları ilə uçmaq istəyirdi. Atam atımıza Qəmər adını elə-belə sözgəlişi verməmişdi. Atımızı öz yalı, yopalı- yalmanı, alma gözlü baxışları ilə Qəmər idi ki, Qəmər idi...

Zümrüd meşələrin qoynunda atamın odun yüklədiyi at arabasının təkərlərinin səsi gecələr keçdikcə aydın eşidilirdi. Atamın arabasının təkər nəğməsi Qəmər atımızın ayaqlarının altındakı sal daşların sərtliyini də yumşaldırdı. Təkər nəğməsi, cingiltili nal səsləri əsrlər keçsə də sal daşların, enişli-yoxuşlu yolların yaddaşından silinməz.

Mənim nəzərimdə atamın at arabasının təkərinin səsi dünyanın ən şıltaq və ən şaqraq səsi idi... Arabamızın təkərlərinin izi üstündən qatarlar keçən dəmir yolunun qələmlə çəkilmiş şəklinə bənzəyirdi.

Biçənəklər arabamızın təkərləri altına əlvan xalı sərmişdi. Arabamızın təkərləri o əlvan xalı üzərində elə iz salırdı ki, baş-başa vermiş qönçələrin, bir-birinə qısılmış güllərin ruhu da incimirdi. Əksinə, torpağa gül-çiçək kövrəkliyi hopurdu.

... Həmişə olduğu kimi, atamın at arabasının cağı cağ, bağı bağ yerindəydi. Heç vaxt Qəmərimiz atamı yarıyolda qoymamışdı. Ağır yük altında Qəmər atımız arabanı hünərlə çəkirdi. Sanki azadlıq yolunun yolçusuydu Qəmər atımız. Onun azadlıq yolu güllü-güneyli dağların o üzündən, dünyanın gecəsindən-gündüzündən keçib gəlirdi. Mənzil başına çatanadək nə dayanır, nə dincəlirdi.

At igidin qardaşıdır deyiblər. Amma hər at igidə qardaşı ola bilmir. Qəmər atımız atamın qardaşı, yol yoldaşı, könüldaşıydı... Yəhərlənib mahmızlananda qəhqəhəli kişnərtisi və ceyran yerişi ilə özü də hiss etdirirdi ki, yenə səfər üstədi, yenə hünər üstədi... Atamın Qəmər atı həm minik, həm də qoşqu atı idi. Bu, hər atın hünəri deyil.

Qəmər atımızın belində atam neçə çayı körpüsüz keçmişdi. Neçə dağ yollarını gecənin qıy desən, qulaq batıran çağında qorxusuz-hürküsüz keçmişdi. İndi bu gidi dünyanı anlamaq üçün ömrü at belində keçən, ruzisi at arabasında daşınan kişilərin yeri görünür. Köhnə kişilərin at belində keçdiyi yollardan keçmək üçün gərək köksün altda döyünən kişi ürəyin olsun. Nə olsun ürək hamıda var, amma hamı ürəkli deyil ki...

...O gün aran kəndi Məzrəliyə getmişdim. Qarşıdan gələn at arabasına təpili-tıxılı qarpız, yemiş yükləmişdilər. Yenə şamama qoxusu könlümün ipək yerinə axdı. Arxadakı arabanın yanından keçəndə ot ətri vurdu məni. Otun üstündə oturub at arabasını sürən kişiyə baxdım. Baxdım, baxdım kövrəldim. Sanki atamın at arabasındakı ömür çırağı nurlanırdı.

Ağlaya bilsəydim, bir az ürəyimi boşaldardım...

Həzi HƏSƏNLİ,
şair-publisist

Sosial həyat