Prokurorluq veteranının şərəfli ömür yolu

post-img

(Sabir Rəcəbov – 80)

Prokurorluğun veteranı, təqaüddə olan baş ədliyyə müşaviri, birinci Qarabağ müharibəsi vaxtı döyüş əməliyyatlarında iştirak edən müharibə veteranı Sabir Rəcəbovun şərəfli həyat yolu 1946-cı ilin iyun ayının 2-dən Cəlilabad şəhərindən başlayır. Bu ömür yolunun həyat amalı, başlıca prinsipi və hərəkətverici qüvvəsi şərəfli əmək, peşəsinə hörmət, dövlətə və xalqa xidmət olmuşdur. Odur ki, gənc nəsil prokurorluq işçiləri üçün örnək olan, qanunçuluq və dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, prokurorluğun adını daim uca tutan veteranımızın bu ömür yolu insanı daim ucaldar, ona şərəf və şöhrət gətirər.  

Bakı Dövlət Universitetinin hüquq fakultəsində təhsil alarkan hüquqşünas peşəsinə hörmət və məhəbbət Sabir müəllimi prokurorluq orqanlarında fəaliyyətə istiqamətləndirmişdir. O, 1967-ci il avqust ayının 29-da prokurorluq orqanlarında qulluğa qəbul edilərək rayon prokurorluğunun stajor-müstəntiqi vəzifəsindən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin Xüsusi təhlükəli cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsinədək şərəfli bir yol keçmişdir.

Sabir Rəcəbovun xüsusilə gənclər üçün nümunə sayıla biləcək həyat yolunda Qarabağ Rayonlararası Prokurorluğunda işlədiyi dövr mühüm əhəmiyyət kəsb edir. Belə ki, 1992-ci ilin yanvarında Qarabağ Rayonlararası Prokurorluğuna öz şəxsi təşəbbüsü ilə görkəmli hüquqşünas, 3-cü dərəcəli Dövlət ədliyyə müşaviri Şükür Rzayev prokuror təyin edilir. Həmin prokurorluq orqanının soyqırım, insanlıq və sülh əleyhinə, eləcə də müharibə cinayətləri törətməkdə şübhəli bilinən erməni əsilli şəxslərin müəyyən edilməsində, barələrində sübutların toplanmasında, onların  axtarışa verilməsində tarixi xidmətləri olmuşdur. 

Qarabağ bölgəsində fəaliyyət göstərən qondarma rejimin nümayəndələri və separatçılarla bağlı cinayət işlərinin istintaqı zamanı Qarabağ Rayonlararası Prokurorluğunda xeyli işlər görülmüşdür. Müəyyən edilmiş şəxslərin Azərbaycanda mühakimə olunması üçün obyektiv əngəllər olsa da, istintaq zamanı əldə edilmiş məlumatlar, işin faktiki halları beynəlxalq müstəvidə çıxış etmək üçün möhkəm bünövrəni təşkil edirdi. 

Onu da qeyd etmək zəruridir ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda xüsusi vəhşiliklə və amansızlıqla törədilən soyqırımla bağlı ilk cinayət işi də Qarabağ Rayonlararası Prokurorluğu tərəfindən 1992-ci il fevral ayının 27-də başlanılmışdır. Xocalı soyqırımı cinayətinin prosessual qanunvericiliyə uyğun sənədləşdirilməsində, şahidlərin dindirilməsində, müayinələr və ekspertizalar aparılmasında, digər zəruri istintaq hərəkətlərinin çətin və mürəkkəb müharibə şəraitində icrasında Qarabağ Rayonlararası Prokurorluğunun əməkdaşlarının fəaliyyəti xüsusi diqqətəlayiq hadisə, vətənpərvərlik, dövlətçilik və peşəkarlıq nümunəsi idi. 

  Azərbaycan dövləti üçün son dərəcə çətin və məsuliyyətli bir dövrdə xidməti vəzifəsini yerinə yetirən həmin prokurorluq əməkdaşlarından biri də Sabir Rəcəbov idi. Belə ki, o, könüllü surətdə 23 may 1991-ci il tarixdə keçmiş Dağlıq Qarabağ üzrə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və keçmiş Milli Təhlükəsizlik Nazirliyinin vahid istintaq əməliyyat qrupunda Azərbaycan Respublikasının Baş prokuroru yanında xüsusilə mühüm işlər üzrə böyük müstəntiq kimi iştirak etmiş, erməni əsilli şəxslər tərəfindən törədilmiş terrorçuluq, soyqırım, qanunsuz silahlı birləşmələrin yaradılması və digər ağır cinayətlərin istintaqını aparmış, Qarabağ Rayonlararası Prokurorluğunun fəaliyyətində xüsusi xidmətləri ilə fərqlənmişdir.

Sabir Rəcəbov Azərbaycan Respublikası Prokurorluğunun demək olar ki, bütün fəaliyyət istiqamətləri üzrə bu və ya digər vəzifələrdə uğurla işləmişdir. Belə ki, 20 avqust 1993-cü il tarixli əmrlə Baş Prokurorluğun Daxili işlər orqanlarında qanunların icrasına nəzarət idarəsinin İstintaq və təhqiqata nəzarət şöbəsinin prokuroru, 22 sentyabr 2000-ci il tarixli əmrlə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifələrinə təyin olunmuş və bir sıra digər vəzifələrdə də işləmişdir.

O, prokurorluq orqanlarında hansı vəzifədə işləməsindən asılı olmayaraq hamı onu təcrübəli müstəntiq, mahir istintaqçı, ibtidai araşdırmanın və məhkəməyədək icraatın peşəkar bilicisi kimi tanıyır. Onun tərcümeyi-halında xüsusilə mürəkkəb, çoxepizodlu və müstəsna dərəcədə ağır cinayət işlərinin istintaqı əhəmiyyətli yer alır. 

Ötən illərdən bağlı qalan cinayətlərin açılmasında da Sabir müəllimin xidmətləri böyükdür. O, bu gün də uzun illərin gərgin əməyi və yuxusuz gecələri nəticəsində əldə etdiyi peşə biliklərini gənc prokurorluq işçilərinə böyük həvəslə və ruh yüksəkliyi ilə öyrədir. Peşəkar istintaqçının səmərəli məsləhətləri onu sanki təcrübəli müəllimə çevirmişdir. Pensiada olması onu uzun illər çalışdığı və “doğma evi” hesab etdiyi prokurorluqdan ayrı təsəvvür etməsinə belə, əsas vermir. O, yenə də əvvəlki həvəslə və öz dəyərli məsləhətləri ilə gənc prokurorluq işçilərini istiqamətləndirməklə prokurorluğa xidmət edir.

 Yuxarıda qeyd olunduğu kimi, Sabir Rəcəbov Azərbaycan Respublikası Prokurorluğunun veteranı, muharibə veteranı olmaqla yanaşı, həm də əmək veteranıdır. O, prokurorluq orqanlarından başqa vəkillik fəaliyyəti ilə də məşğul olmuş, hüquq müdafiə fəaliyyətini peşəkarlıqla həyata keçirmiş, fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının) hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsində fərqlənmişdir. Şübhəsiz ki, sözügedən sahədə də, Sabir müəllim uğurlu fəaliyyətində prokurorluq orqanlarında qazandığı təcrübənin rolu danılmazdır, doğruluğunun isbata ehtiyacı olmayan aksiomudur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsi 80 yaşlı veteranımız Sabir Rəcəbovun bu gün də uğurlu fəaliyyətinin başlıca şərti, danılmaz əsası və hərəkətverici qüvvəsidir.

Dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması, veteranlarla gənc nəsil arasında varisliyin qorunması, təcrübənin və peşə qabiliyyətinin uğurla ötürülməsi prokurorluğun mühüm fəaliyyət istiqamətlərindən biridir.

Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev prokurorluğun zəngin təcrübəyə malik veteran və pensiyaçılarının bilik və bacarıqlarını prokurorluq orqanlarında çalışan gənc əməkdaşlarla bölüşmələrinin vacibliyini daim vurğulayır, bu istiqamətdə həmişə əməli və səmərəli tədbirlər görülməsini təmin edir. Prokurorluğun əsas tədbirlərində və əlamətdar hadisələrində veteranların iştirakının təmin olunması artıq bir ənənəyə çevrilmişdir. 

        Veteran və pensiyaya çıxmış prokurorluq işçilərinə Baş Prokurorluğun rəhbərliyi tərəfindən daimi diqqətin prioritet məsələlərdən biri olduğu xüsusilə qeyd olunmalıdır. Ölkəmizdə möhkəm təməllər üzərində qurulmuş ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında fəal iştirak edərək prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində prokurorluğun veteranları da fəallıq göstərir, prokurorluğun fəaliyyətində səmərəliliyinin artırılması və ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində səmərəli surətdə fəal iştirak edirlər.

         Prorkurorluğun veteranı Sabir Rəcəbovu 80 illik yubileyi münasibətilə təbrik edir, ona bundan sonrakı həyat yolunda uğurlar arzulayırıq.

 

 

Seyfulla ASLANOV,  

Azərbaycan Respublikasının Prezidenti yanında 

Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, 

Azərbaycan Respublikası Prokurorluq Orqanlarının 

Veteran və Pensiyaya Çıxmış İşçiləri 

İctimai Birliyinin İdarə heyətinin sədri

Sosial həyat