Bu diyarın təkcə təbiəti deyil, insanları da sərvətdir
Doğrudan da, Kəlbəcər Azərbaycanın çox dəyərli bir guşəsidir. Həm təbiətinə – dağlarına, meşələrinə, çaylarına, bulaqlarına görə, həm də orada olan çox qiymətli yeraltı sulara, mərmər, qızıl, başqa əlvan metalların yataqlarına görə çox qiymətli bir yerdir. O vaxtlar, keçmişdə biz Kəlbəcərin inkişafı üçün çox səylər göstərmişdik. İstisuda böyük kompleks tikilmişdi. Bu, neçə-neçə nəsillərin yaratdığı abidələr, yaşayış binaları idi. Təəssüf ki, vaxtilə qızıl yataqlarından istifadə edilməsi ilə məşğul olmamışdılar.
Ümummilli lider Heydər Əliyevin Kəlbəcərin işğalının üçüncü ildönümündə bu rayondan olan məcburi köçkünlərlə görüşdəki çıxışından
Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcərdəki birinci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərə köçən sakinlərlə görüşdəki çıxışından
Dövlət başçımızın və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə növbəti səfərindən hazırlanmış videomateriala baxanda istər-istəməz ulu öndər Heydər Əliyevin kəlbəcərli məcburi köçkünlərlə görüşdə səsləndirdiyi “Bu diyarın təkcə təbiəti deyil, insanları da sərvətdir” ifadəsi yadıma düşdü. Bu qısa yazıda həmin “sərvət adamların” ikisi barədə ötəri də olsa, söz açmaq istəyirəm. Onların birincisi şair Sücaət Əhmədovdur.
Bu rəhmətlik (Allah atası Yunis kişiyə də rəhmət eləsin!) işğalın ilk illərində soydaşlarına və həmyerlilərinə təsəlli vermək məqsədilə yazdığı şeirlərdən birində olduqca mükəmməl uzaqgörənlik eləmişdi:
Sücaət, neyləyək, baxt belə baxtdır,
Darıxma, hər şeyi həll edən vaxtdır.
Bir gün gülə-gülə qayıdacaqdır,
Ağlaya-ağlaya köçən Kəlbəcər.
Çox təəssüf ki, şair Kəlbəcərin bugünkü cah-cəlalını görmədi. Ancaq xoşbəxtliyi odur ki, bu günün gələcəyini görmüş və qələmə almışdı. “Hər şeyi vaxt həll edəndən” sonra – avqustun 21-də dövlət başçımızla görüşən kəlbəcərlilərin gözündəki sevinci, xoşbəxtliyi videolentə almağa nə var ki? Hünər həmin hisslərin qələmə alınmasıdır ki, onu da biz bacarmırıq. Sanki həmin adamların hər birinin canında İstisuyun hərarəti, Murovun görkəmi, Aşıq Şəmşirin sazının səsi var idi.
Haqqında söz açmaq istədiyim ikinci kəlbəcərli isə bu diyarın düşmən tapdağında qaldığı üç onillikdə az qala hər il Kəlbəcər mövzulu bir kitab ərsəyə gətirmiş yazıçı-publisist Məhəmməd Nərimanoğludur. Bu adamın zəhmətkeşliyi, yorulmazlığı bir möcüzədirsə, onun Kəlbəcərin bütün sakinlərinin taleyi ilə maraqlanması, nəinki rayonun hər kəndini, hətta, hər daşını, qayasını tanıması başqa bir heyrətamiz faktdır. M.Nərimanoğlu bir neçə il qabaq ağır xəstəlikdən müalicə olunanda onun haqqında yazdığım məqaləyə bu adı vermişdim: “Xəstənin diaqnozu: Kəlbəcər həsrəti”.
Ancaq bu sətirlərdə Məhəmməd Nərimanoğlunu yada salmaqda başqa bir məqsədim var. Bu həmkarımız ulu öndər Heydər Əliyevin 90 illiyi münasibətilə keçirilən müsabiqələrdən biri üçün yazdığı məqaləyə çox maraqlı bir sərlövhə seçmişdi: “Qoşa Zirvə: Heydər Əliyev – Kəlbəcər”. 2013-cü il aprelin 27-də “Modern.az” saytında verilmiş həmin yazının az qala bütün tezisləri üç gün əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın kəlbəcərlilərlə görüşündə dəfələrlə dilə gətirildi. Görüşdəki səmimiyyət, insani münasibətlər barədə hələ çox yazılacaq.
Ancaq mən həmin tədbirlərin hər birində ulu öndərin siyasi uzaqgörənliyinin, Şərq müdriklərinə xas özünə inam, xalqına etibar hisslərini də görürdüm. Elə ona görə də M.Nərimanoğlu qoşa zirvədən danışarkən xatırladırdı ki, Heydər Əliyev yetmişinci illərin əvvəllərində Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibinə demişdir: “Mərkəzi Komitədə və Nazirlər Sovetində belə söhbətlər gedirdi ki, Kəlbəcər perspektivsiz bir rayondur, özünü doğrulda bilmir. Yeganə yol, guya onun əhalisini aran rayonlarına köçürmək, ərazini isə yaylaq kimi bölüşdürməkdir. Lakin bu fikir məndə həmişə şübhə doğurub. Səmimi olmasına heç vaxt inanmamışam. Odur ki, bu barədə mənə təklif olunan layihəyə də qol çəkməmişəm...”.
Diqqət yetirin, ermənipərəst sovet ideoloqları “Kəlbəcər perspektivsiz bir rayondur”– deyirdilər. İndi isə cənab Prezident İlham Əliyevin avqustun 21-də həmin “perspektivsiz” rayon mərkəzinin bu günü barədə dediklərinə diqqət yetirək: “Bu gün, o cümlədən ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər ərzində ağır şəraitdə – çadırlarda, uyğunlaşdırılmış binalarda, uşaq bağçalarında, yataqxanalarda – müxtəlif yerlərdə yaşamısınız, həyatınız çox ağır olub”.
Prezident həmin “perspektivsiz” rayonun həm Azərbaycan, həm də Ermənistan üçün nə qədər əhəmiyyət kəsb etdiyini konkret faktlarla dilə gətirir: “Kəlbəcərin işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrimizin işğalı kimi böyük faciə idi. Kəlbəcərin işğalı həm də strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox böyük problemlər yaradırdı. Çünki Ermənistanla ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantı yaradılırdı. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi artıq o bağlantını yaratmışdı və o vaxt “Laçın dəhlizi” adlandırılan yol faktiki olaraq bizim torpaqlarımızın gələcək işğalına yol açmışdı. Kəlbəcərin işğalı isə çox böyük bir coğrafi ərazi üzrə Ermənistanla keçmiş “DQMV” arasında coğrafi bağlantı yaratmış və beləliklə, digər torpaqlarımızın işğalına yol açmışdır”.
Təəssüf ki, müasir tariximizin ən kədərli faktlarından olan torpaqlarımızın işğalı ikili standartlardan əl çəkə bilməyən beynəlxalq ictimaiyyətin on illər boyu Ermənistana himayədarlıq etməsi nəticəsində baş vermişdi. Ancaq ulu öndərin dediyi kimi, bunun üçün zaman yetişməli idi. Prezident İlham Əliyevin əzmi, qətiyyəti və prinsipiallığı həmin zamanı yetişdirdi. Ali Baş Komandanımızın da xatırlatdığı kimi, Azərbaycan dövləti və Azərbaycan xalqı yetişən zamandan məharətlə istifadə edərək bir yumruq kimi birləşdi və biz Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik.
Bu gün isə başqa bir zaman yetişib. On illər boyu Azərbaycanın haqlı mövqeyinə, ədalətli tələblərinə məhəl qoymayan, erməni işğalını əbədiləşdirmək üçün min bir saxtakarlığa əl atan mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Cənab Prezident Kəlbəcərdə növbəti dəfə xatırlatdı ki, həmin qrup faktiki olaraq heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi.
Zaman indi Ermənistana diktə etməkdədir. Bir neçə ay əvvələdək gündə bir bəhanə ilə sülh danışıqlarından imtina edən İrəvan rəhbərliyi indi artıq sülh sazişini bizdən çox istədiyini sübut etməyə çalışır. Halbuki, Vaşinqtonda imzalanmış məlum sənədlərin də, sülh müqaviləsinin də müəllifi bizik. Dövlət başçımız xatırladır ki, paraflanmış sənəddəki bəndlərin tərtibatında bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür: “Bu sənədin paraflanması faktiki olaraq Ermənistan–Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi. 2020-ci ilin noyabrından son günlərə qədər biz təkidlə bu məsələni daim gündəlikdə saxlayırdıq və müxtəlif yollarla bu məqsədə çatmaq üçün səylər göstərirdik və nəhayət, biz buna da nail olduq. Artıq Ermənistan bu öhdəliyi də üzərinə götürmüşdür və ümid edirəm ki, yaxın bir neçə il ərzində biz qatar və avtomobillərlə Azərbaycanın əsas hissəsindən Naxçıvana gedə biləcəyik”.
Ali Baş Komandan Kəlbəcərə qayıtmış keçmiş məcburi köçkünlərə dedi ki, siz burada əbədi və təhlükəsizlik şəraitində yaşayacaqsınız. Təbii ki, bu qətiyyətin əsasında qüdrətli Azərbaycan Ordusuna olan inam dayanır: “Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük – dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və qalib dövlət kimi yaşayacağıq”.
Azərbaycan Prezidenti dəfələrlə deyib ki, mənim bütün uğurlarımın təməlində xalqın inamı, dəstəyi dayanır. Həmin inam, etimad haqqında eşitdiyimiz çoxsalı fikirlərdən biri də Kəlbəcərdə səsləndirildi. Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev dövlət başçımıza xitabən dedi ki, biz həmişə Sizin yanınızda durmalıyıq. Bir olmalıyıq. Yumruq kimi birləşməliyik: “Böyük Qayıdış”ı başa çatdırmalıyıq. Mənim qızım Hökumənin sözü olmasın, hər şey yaxşı olacaq”.
Bu sətirləri cənab Ali Baş Komandanımızın 2021-ci il avqustun 16-da Kəlbəcərdə Azərbaycanın Dövlət bayrağını ucaltdıqdan sonrakı çıxışından seçdiyimiz cümlələrlə tamamlayırııq: “Beləliklə, biz bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa nail olacağıq. Biz bu gün buradayıq, Kəlbəcərdəyik, Azərbaycanın çox gözəl guşələrindən biri olan Kəlbəcərdəyik və biz bundan sonra burada əbədi yaşayacağıq. Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”.
İttifaq MİRZƏBƏYLİ