Azərbaycan–Türkmənistan dostluğu əməkdaşlığın strateji mərhələsinə daxil olur

post-img

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibli görüşündə də bu barədə ətraflı bəhs edilib. Azərbaycan lideri çıxışında bu barədə bildirib: “Şərq-Qərb nəqliyyat dəhlizi Türkmənistan və Azərbaycan ərazilərindən keçir. Əlbəttə ki, bizim bu sahədəki birgə fəaliyyətimiz, koordinasiyaya yönəlmiş addımlar böyük coğrafiyaya xeyir gətirəcək. Çünki bu gün Avropanı Uzaq Şərqlə birləşdirən etibarlı nəqliyyat bağlantısı bizim ölkələrimizin ərazisindən keçir. Mən bilirəm ki, Türkmənistanda çox böyük işlər görülüb – müasir dəniz limanı, hava limanları, dəmir yolları. Bütün bunlar Sizin rəhbərliyinizlə həyata keçirilən layihələrdir ki, Türkmənistanda ən müasir infrastruktur yaradılıb. Belə infrastrukturlar Azərbaycanda da yaradılıb. Ona görə bu istiqamətdə səylərimizin birləşməsində çox böyük fayda var”.

Ümumiyyətlə, hər iki ölkə rəhbəri arasında keçirilən görüşdə səslənən fikirlər yalnız Azərbaycan–Türkmənistan əməkdaşlığının dinamik inkişafını deyil, həm də daha geniş regional və qlobal miqyasda strateji əhəmiyyət daşıyan məsələləri özündə ehtiva edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Şərq–Qərb nəqliyyat dəhlizi həm Azərbaycanın, həm də Türkmənistanın iqtisadi və geosiyasi rolunu gücləndirən əsas strateji xətt kimi diqqət çəkir.

Qeyd edək ki, bu gün dünyada baş verən geosiyasi dəyişikliklər, enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlı yeni çağırışlar Orta Asiya və Cənubi Qafqaz regionunun nəqliyyat və logistika potensialını ön plana çıxarıb. Belə bir şəraitdə Azərbaycan və Türkmənistanın səylərinin birləşdirilməsi isə təkcə regional deyil, qlobal miqyasda da yeni imkanlar yaradıb. Bu reallığın əsasında isə bir sıra mühüm məqamlar dayanıb. Bu, ilk növbədə, hər iki ölkənin tarixən ortaq mədəniyyətə, dilə, ənənələrə malik xalqlarının məskunlaşdığı dövlətlər olmasından irəli gəlib. İkitərəfli münasibətlərin təməlində isə qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və strateji maraqlar dayanıb. Xüsusilə son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri və yüksək səviyyəli danışıqları əlaqələrin yeni müstəviyə keçməsini şərtləndirib.

Xatırladaq ki, hər iki ölkə enerji ehtiyatları, nəqliyyat – logistika imkanları və iqtisadi potensial baxımından bir-birini tamamlayan mövqeyə malikdir. Türkmənistanın zəngin qaz ehtiyatları, Azərbaycanın isə inkişaf etmiş neft – qaz infrastrukturu və beynəlxalq bazarlara çıxış imkanları qarşılıqlı əməkdaşlıq üçün əlverişli zəmin yaradır.

Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi fikirlərdən də aydın görünür ki, Azərbaycanın prioritetlərindən biri Şərq – Qərb Nəqliyyat Dəhlizinin inkişafıdır. Bu dəhliz Avropanı Uzaq Şərqlə birləşdirən mühüm arteriyadır. Hazırda dünya ticarətində Asiya ilə Avropa arasında yükdaşımaların həcmi ildən-ilə artır. Ənənəvi marşrutların geosiyasi səbəblərdən risklərlə üzləşməsi Orta Dəhlizə marağı daha da artırır. Azərbaycan və Türkmənistanın coğrafi mövqeyi isə bu prosesdə mühüm üstünlüklər yaradır. Xəzər dənizi üzərindən iki ölkəni birləşdirən marşrut həm yükdaşımaların sürətli, həm də təhlükəsiz şəkildə həyata keçirilməsinə şərait yaradır.

Beləliklə, Şərq – Qərb nəqliyyat dəhlizi Çindən başlayıb Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan vasitəsilə Türkiyəyə və oradan Avropaya uzanan, Şərq ilə Qərbi birləşdirən magistraldır. Bu dəhliz Asiya və Avropa arasında yüklərin daşınması üçün əsas magistral xətt rolunu oynayır. Başqa sözlə, Çindən Türkiyəyə, eləcə də Avropa Birliyi ölkələrinə, eləcə də əks istiqamətdə təşkil olunan dəhliz yükdaşımaların artmasına fayda verir. Avropaya nəql edilən yüklər Gürcüstanın Poti, Batumi limanları və ya Bakı – Tbilisi – Qars dəmir yolu vasitəsiylə ötürülür. Yeri gəlmişkən, bu dəmir yolu yük daşımalarında xərclərin azaldılmasına xidmət edir.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, son illərdə hər iki ölkədə müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində böyük işlər görülüb. Türkmənistanın Türkmənbaşı şəhərində inşa olunan müasir dəniz limanı, eləcə də hava limanları və dəmir yolları ölkənin regiondakı tranzit imkanlarını xeyli genişləndirib. Azərbaycan da son illərdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı – Tbilisi – Qars dəmir yolu, genişlənmiş magistral yollar və hava limanları vasitəsilə nəqliyyat şəbəkəsini gücləndirib. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurda inşa olunan hava limanları da ölkənin logistika mərkəzinə çevrilməsinə önəmli töhfə verib. Bu infrastruktur şəbəkələrinin inteqrasiyası Azərbaycan – Türkmənistan iqtisadi əməkdaşlığının praktiki nəticələrini şərtləndirib.

İki ölkə arasında regional əməkdaşlıq və geosiyasi şərait barədə danışarkən, bir məqam xüsusi qeyd olunmalıdır. Belə ki, Şərq – Qərb dəhlizi təkcə iki ölkənin maraqlarına xidmət etmir, həm də geniş regionun inkişafına təkan verir. Burada Qazaxıstan, Gürcüstan, Türkiyə və digər tərəfdaş ölkələrin rolu da böyükdür. Orta Dəhlizin uğurla fəaliyyət göstərməsi isə Mərkəzi Asiyadan Avropaya yükdaşımaların daha səmərəli şəkildə həyata keçirilməsinə imkan verir. Bu, həm də geosiyasi balans baxımından mühüm əhəmiyyət kəsb edir. Bir sözlə, Azərbaycanın təşəbbüsləri və Türkmənistanın dəstəyi nəticəsində formalaşan əməkdaşlıq platformaları regionda sabitlik, qarşılıqlı etimad və iqtisadi inkişaf üçün yeni şərait yaradır.

Yeni iqtisadi imkanlara gəldikdə isə qeyd edək ki, Azərbaycan – Türkmənistan əməkdaşlığı yalnız nəqliyyat – logistika ilə məhdudlaşmır. Dəhliz üzərindən daşınan yüklərin həcminin artması ilə yanaşı, yeni iqtisadi sahələrdə əməkdaşlıq da reallaşır. Bu, xüsusilə:

– enerji resurslarının nəqli;

– ticarət dövriyyəsinin artımı;

– sənaye və kənd təsərrüfatı məhsullarının ixracı;

– turizm və xidmət sektorunun inkişafı istiqamətlərində özünü göstərir. Azərbaycan və Türkmənistanın bu istiqamətlərdə koordinasiyalı fəaliyyəti isə həm ikitərəfli, həm də regional iqtisadi inteqrasiyanı gücləndirir.

Bütün bu məsələlərdə respublikamızın strateji baxışı da diqqət çəkir. Prezident İlham Əliyevin çıxışında bununla bağlı vurğuladığı əsas məqam isə ondan ibarətdir ki, Azərbaycan təkcə öz milli maraqlarını deyil, həm də region ölkələrinin ümumi rifahını nəzərə alır. Nəqliyyat dəhlizlərinin inkişafının Azərbaycanın uzunmüddətli strateji xəttinin əsas tərkib hissəsi olması da məhz bununla bağlıdır.

Ölkəmiz Orta Dəhlizin reallığa çevrilməsi üçün çoxşaxəli diplomatik və praktiki addımlar atır. Bu baxımdan Türkmənistanla əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən görüş də bir daha göstərdi ki, Azərbaycan və Türkmənistan münasibətləri yeni strateji mərhələyə qədəm qoyur. Şərq – Qərb nəqliyyat dəhlizi bu əməkdaşlığın mərkəzində dayanır və onun uğurla həyata keçirilməsi həm ikitərəfli əlaqələrin möhkəmlənməsinə, həm də regionun qlobal ticarət xəritəsində rolunun güclənməsinə xidmət edir.

Xəzər dənizi regionunda yerləşən Türkmənistan və Azərbaycan enerji resursları baxımından zəngin ölkələrdir. Xüsusilə qaz ixracı sahəsində əməkdaşlıq ölkələrimizi birləşdirən əsas sahələrdən biridir. 2021-ci ildə Türkmənistan və Azərbaycan arasında Xəzər dənizindəki “Dostluq” neft yatağının birgə işlənilməsinə dair razılıq əldə olunub. Bu razılaşma Xəzərin hüquqi statusu məsələlərinin həllindən sonra energetika sahəsində yeni imkanların açılmasına təkan verib. Məhz həmin sənəd yalnız iqtisadi deyil, həm də siyasi inamın rəmzidir.

Azərbaycan – Türkmənistan iqtisadi əlaqələri son illər ərzində çoxşaxəli xarakter alıb. 2007-ci ildə yaradılmış Hökumətlərarası birgə Komissiya bu sahədə əməkdaşlığın strukturlaşdırılmasına imkan yaradıb. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 383,7 milyon ABŞ dolları təşkil edib ki, bunun 80,2 milyon dolları Azərbaycan məhsullarının ixracına, 303,5 milyon dolları isə Türkmənistan məhsullarının idxalına aiddir. Bu rəqəmlər tərəflər arasında iqtisadi əməkdaşlığın dinamik və davamlı şəkildə artdığını göstərir. Cari ilin ilk beş ayında isə xarici ticarət dövriyyəsi 118,5 milyon dollar olub.

Geosiyasi qeyri – sabitlik fonunda nəqliyyat və logistika Şərqlə Qərb arasında birləşdirici amilə çevrilir. Bu baxımdan Xəzər dənizi də xüsusi məna daşıyır. Son dövrlərdə Bakı – Türkmənbaşı marşrutu üzrə konteyner daşımalarının həcmi 2,9 dəfə artaraq 2362 TEU-ya çatıb.

Prezident İlham Əliyevin sözləri Azərbaycan və Türkmənistanın nəqliyyat əməkdaşlığının gələcəkdə böyük coğrafiyada iqtisadi inkişaf, sabitlik və əməkdaşlıq üçün mühüm baza olacağını təsdiqləyir. Bu əməkdaşlıq həm də bir daha göstərir ki, Azərbaycan regionda etibarlı tərəfdaş və strateji oyunçu olaraq öz mövqeyini möhkəmləndirir.

V.BİNYATOĞLU
XQ

Siyasət