Möhtəşəm “Üçlük”

post-img

Azərbaycan–Türkmənistan–Özbəkistan bölgədə sülh platforması yaradır

Müstəqil Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər həmişə xüsusi önəm kəsb edib. Ələlxüsus da İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin xarici siyasətində əsas prioritetlərdən biri Mərkəzi Asiya ilə əlaqələri dərinləşdirmək olub. Bu xüsusda son illər Azərbaycan Prezidenti İlham Əliyevin region ölkələrinə çoxsaylı rəsmi, dövlət, işgüzar səfərlərinin, eyni zamanda, region ölkələrin liderlərinin Azərbaycana səfərlərinin intensiv zarakter alması təsadüfi deyil.

Bu münasibətlər ölkələrarası maraqlara xidmət etməklə yanaşı, Xəzər hövzəsində sülh, təhlükəsizlik və əməkdaşlığın dərinləşdirməsinə öz töhfəsini verir. Azərbaycanın Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla yaxın əməkdaşlığında, ilk növbədə, bu ölkələrin coğrafi mövqeləri böyük rol oynayır. Türkmənistan Mərkəzi Asiyaya giriş qapısı rolunu oynayan iki ölkədən (digəri Qazaxıstandır – red.) biridir. Eyni soykökə malik bu qardaş ölkə ilə əlaqələri dərinləşdirmək Azərbaycanın geosiyasi, geoiqtisadi, bütövlükdə geostrateji maraqlarına tamamilə cavab verir.

Qeyd etdiyimiz kimi, ortaq tarix, mənəvi yaxınlıq, etnik soy-kök birliyi də iki xalq, iki dövlət arasında münasibətlərin dərinləşməsində böyük rol oynayır. Son illərin iqtisadi göstəricilərə nəzər yetirsək görərik ki, ticarət dövriyyəsi xeyli artıb. Azərbaycan–Mərkəzi Asiya münasibətləri yalnız ölkələrarası maraqlara xidmət etmir, böyük bir regionda – Xəzər hövzəsində Mərkəzi Asiyada, Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin, o cümlədən əməkdaşlığın dərinləşməsinə töhfə verir.

Tarix, mədəniyyət, dil və din kimi ortaq dəyərlərə əsaslanan qardaşlıq münasibətlərinə, dərin və çoxşaxəli əlaqələrə söykənən Azərbaycan – Türkmənistan – Özbəkistan birliyini əminliklə “Möhtəşəm üçlük” adlandıra bilərik. Bu “üçlüy”ün münasibətləri yalnız diplomatik əməkdaşlıqla məhdudlaşmır, həm də xalqlar arasında səmimi və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, bu üç ölkə arasında münasibətlər təkcə diplomatik səviyyədə deyil, həm də “qardaşlıq” telləri üzərində qurulub. Biz bunun əyani şəkildə isbatını Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri zamanı gördük.

***

Avqustun 22-də Türkmənbaşıda keçirilən üçtərəfli sammitin yekunları üzrə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qəbul etdikləri Birgə Bəyanat bərabərlik, qarşılıqlı fayda və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında ölkələr arasında ticari-iqtisadi əməkdaşlığı gücləndirmək məqsədini daşıyır.

Türkmənbaşı şəhərində baş tutan görüşdə liderlər üç ölkə arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və əməkdaşlığın yeni perspektivlər üzrə inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıblar. Onlar regional və beynəlxalq məsələlərdə qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyətini qeyd ediblər. Azərbaycan, Türkmənistan və Özbəkistan kimi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri coğrafi baxımdan strateji bir mövqedə yerləşir və bu, onlara Şərqlə Qərb, həmçinin Şimal ilə Cənub arasında körpü rolu oynamağa imkan verir.

Üçtərəfli görüşün yekunları ilə bağlı Türkmənistan Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda qeyd edilir ki, tərəflər dövlətlər arasında iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün əlverişli şəraitin yaradılmasının zəruriliyi barədə ümumi rəyə gəliblər. Bu kontekstdə tərəflər öz ölkələrinin işgüzar dairələri arasında birbaşa əlaqələri, o cümlədən üç dövlətin ərazilərində sərgilər və biznes forumlar keçirmək yolu ilə əlaqərləri aktivləşdirmək qərarına gəliblər.

Azərbaycan Prezidenti İlham Əliyev mətbuat üçün verdiyi açıqlamada çoxtərəfli dialoq çərçivəsində humanitar əlaqələri gücləndirmək barədə razılığa gəlindiyini, xüsusən, təhsil, elm, idman, səhiyyə, incəsənət, xalçaçılıq və digər sahələrdə yüksək potensialın mövcudluğunu vurğulayıb: “Bu sahələrdə yaxşı əməkdaşlıq təcrübəmiz var. Ümumiyyətlə, bu görüş üçtərəfli əlaqələri gücləndirmək üçün bizə yeni imkanlar açır və bu kontekstdə qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün çox çalışmalıyıq”.

***

Xatırladaq ki, keçən ay Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanda işgüzar səfərdə oldu. Bu barədə danışan İlham Əliyev həmin səfərin son dərəcə səmərəli keçdiyini, Bakıda əhatəli danışıqlar apardıqdan sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərini, o cümlədən Füzuli və Şuşa şəhərlərini birlikdə ziyarət etdiklərini diqqətə çatdırdı: “Füzuli şəhərində məscidin inşa olunması barədə qərara görə Qurbanqulu Məlikquliyeviçə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bu səmimi qardaşlıq dəstəyi, jesti həmrəyliyin və mənəvi birliyin rəmzi kimi xalqımızın yaddaşında əbədi qalacaqdır. Eyni zamanda, Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma əlaqələrimizin yaradılması mədəni və humanitar əməkdaşlıq üçün yeni imkanlar açır. Bütün bunlar göstərir ki, Azərbaycan–Türkmənistan münasibətləri yüksəliş dövrünü yaşayır. Biz bu münasibətlərin bütün sahələrdə inkişafı üçün birgə səylərimizi davam etdirəcəyik”.

Azərbaycan, türkmən və özbək xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yanaşı yaşayıb-yaratmışlar. Hazırda bu üç müstəqil respublika keçmiş ənənələrə sadiqdir və onları yaşadırlar. Qarşıda duran əsas məsələ odur ki, Azərbaycan, Özbəkistan və Türkmənistan üç qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki üçtərəfli, çoxtərəfli, beynəlxalq əməkdaşlıq imkanlarını daha da genişləndirəcəklər.

Yeri gəlmişkən, üçtərəfli görüşdə liderlərin humanitar məsələlərə xüsusi həssaslıqla yanaşması diqqətdən yayınmadı. Füzuli şəhəri ilə Arxadağ şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol iki qardaş xalqın mədəni-mənəvi bağlarının daha da möhkəmlənməsinə xidmət edəcək.

Çıxışında tərəfləri qarşıda gözləyən böyük işlərdən danışan Azərbaycan lideri onların rellaşması üçün zəruri inzibati-hüquqi prosedurlara start verildiyini bildirdi: “Bir şeyi deyə bilərəm, artıq müvafiq dövlət qurumlarına göstərişlər verildi ki, üçtərəfli əməkdaşlıq formatı yaradılsın və bizim növbəti görüşümüzə konkret istiqamətlər üzrə təkliflər verilsin. Bütün göstərişlər verildi. Yenə də deyirəm, burada səslənmişdi – nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr. Qaldı ki, bütün bu göstərişlərin vaxtında yerinə yetirilməsinə, mənim buna da şübhəm yoxdur”.

Bugünədək ortaq layihələrin tezliklə icra edilməsində hər üç ölkənin liderinin siyasi iradə və qətiyyət göstərməsinin şahidi olmuşuq. Buna nümunə olaraq, üstündən cəmi bir ay keçməsinə baxmayaraq, Füzulidə inşa ediləcək məscidin layihə eskizinin artıq hazırlandığını deyə bilərik. Yaxın gələcəkdə bu dini məbədin təməlinin qoyulacağı gözlənilir. Azərbaycan Prezidentinin dediyi kimi, bu, türkmən xalqının, Türkmənistan liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, bizim qardaşlığımızın təcəssümüdür.

Bu sözlər isə İlham Əliyevin üçtərəfli görüşə verdiyi qiymət baxımından uzun müddət yaddaşlarda qalacaq: “Bu, sözdə yox, əməldə dostluqdur, qardaşlıqdır. Bizim üçün ən vacib, ən çətin məsələlərdə həmişə qardaşlarımız yanımızda olub. Bu gün də bu, belədir. Bu gün artıq burada səsləndi, bu, tarixi görüşdür, tarixi sammitdir, tarixi Zirvə görüşüdür”.

Həqiqətən də iki gün bundan əvvəl Türkmənistan paytaxtında yaşananları, orada qəbul edilən qərarları tarix və coğrafiya baxımından “Möhtəşəm üçlüy”ün günü adlandıra bilərik. Bunu isə birmənalı olaraq deyə bilərik ki, bölgəmizdə uzaq perspektivə, sülhə və tərəfdaşlığa yönəlik tamamilə yeni əməkdaşlıq formatı yaranır.

Sonda onu da qeyd edək ki, Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma əlaqələrinin yaradılması mədəni və humanitar əməkdaşlıq üçün yeni səhifələr açır. Bu faktın özü də onu göstərir ki, Azərbaycan–Türkmənistan münasibətləri özünün yüksəliş dövrünü yaşayır. İndi bu münasibətləri bütün sahələr üzrə inkişaf etdirməkdən ötrü səylərimizi birləşdirməli və yolumuza bərabər davam etməliyik.

Bəli, hər şeydən göründüyü kimi, Azərbaycan–Türkmənistan–Özbəkistan “üçlüy”ünün əsas məqsədi bölgədə yeni sülh, əmin-amanlıq və əməkdaşlıq platforması yaratmaqdır. Qardaşlıq təməlləri üzərində ucalan bu dayanıqlı “üçlüy”ün faydasını tezliklə bölgənin bütün ölkələlərinin görəcəyinə əminik.

İmran BƏDİRXANLI
XQ



Siyasət