O xalq xoşbəxtdir ki, həmsərhəd olduğu qonşusu sülhsevər olsun. Çox təəssüf ki, dünyanın nizamını pozan və anti-Türk siyasəti ilə zəhərlənmiş dövlətlər var ki, onlardan biri də Ermənistandır. Mövcudluğundan bəri bütün dövrlərdə bir dövlət kimi xain, simasız qonşumuz tərəfindən deportasiyalara, soyqırımlara məruz qalmışıq. Daha doğrusu, tarix və zaman qarşısında məcburedildiyimiz siyasi hadisələrin oyunbazlığından bezikmişik.
Bu günlərdə 70 yaşını qürurla etiraf edən və həyatı boyunca Vətən torpaqlarını gözlərinə məlhəm çəkən, Torpaq məfhumunun şirinliyindən doymayan və ona xidmətini vicdanla yerinə yetirməkdən şərəf duyan, ömür yaşantılarını elmi-publisistik, tarixi aspektdən qələmə alan, işıqlandıran əsl pedaqoq, alim Atamoğlan Məmmədli ilə həmsöhbət oldum. Birinci Qarabağ müharibəsinin acılarını, ağrılarını öz taleyində vətəndaş yanğısı ilə yaşayıb, qələmə alan Atamoğlan müəllim 1-ci Qarabağ müharibəsinin veteranıdır. İkinci Qarabağ müharibəsinin qazisi- oğlu Orxanla fəxarət hissi keçirən ziyalımız nəsillərə örnək bir ömürün yolçusudur. Dünya erməniliyini ifşa edən iki tarixi əsərin: “Dünya ermənilərinin gerçək tarixi” və “Erməni elitasının etirafları” və ya “Mənim günahlarım” adlı kitabların müəllifi, araşdırmaçı-tarixçi alim Atamoğlan Məmmədli Bakı Dövlət Universitetinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dosentidir.
- Atamoğlan müəllim, bu günlərdə 70 yaşınız tamam oldu. Ömür yolunuza nəzər salanda özünüz - özünüzə necə hesabat verdiniz? Siz həm də Birinci Qarabağ müharibəsinin iştirakçısısınız. Oğlunuz Orxan Məmmədli 44 günlük Vətən müharibəsində könüllü iştirak edən qəhrəman qazilərimizdəndir. Sanki, ata-oğul əl-ələ verib - biriniz hərb meydanında, digəriniz isə elmi - ideoloji cəbhədə döyüşdünüz. Yaxşı olardı ki, bu fikrimin davamı olaraq müsahibənizi geniş oxucu auditoriyasına çatdıraq.
- Əvvəlcə, “Xalq” qəzeti” nin və “Xalq qəzeti” TV-nin yaradıcı heyətini salamlayıram. Çünki, bütün dövrlərdə, daha doğrusu ömrümün bu yaşına kimi “Xalq qəzeti” masamın üzərində olub. Xalqın ziyalılarını qəzetinizin səhifələrində oxuyanlardan, tanıyanlardan biri də mən olmuşam. İndi isə keçirəm mətləbə. Bəli, insan ömrünün müəyyən mərhələsində bir saatlıq belə olsa, ömür qatarına necə mindiyini və bu qatarın dayanacaqlarında hansı sınaqlarla qarşılaşdığını yadına salıb bir ömürlük hesabatını özü dinləməli olur. Mən də etiraf edirəm ki, ömrümün 70-ci rəqəmində bir az duruxdum və çox düşündüm: “Bu Vətən üçün nə yaratdım, nə yazdım… Geriyə baxmağa dəyərmi? Etiraf edim ki, həyat heç də mən düşündüyüm, arzuladığım kimi olmadı. Həyat özü mənə diktə etdi ki, sən mən dedyim kimi yaşamalısan. Peşman da deyiləm. Geriyə baxanda qürur hissi keçirirəm. Sovetlər birliyi zamanı tələbə yoldaşlarıma demişdim ki, Allahın altında müstəqil dövlətimiz olaydı və onun uğrunda müharibəyə gedib vuruşardıq. Elə bil sanki Tanrı səsimi eşitmişdi. Yəni müstəqilliyimiz gözümüzün önündə baş verdi və alındı, real bir nemətə çevrildi və ölmədik, bu günü də gördük. Tələbələrimə də deyirəm həmişə. Tarixi Azərbaycan 6 yerə bölünüb. Bu 6-dan bir hissəsini bizim Azərbaycan respublikamız əhatə edir. Auditoriyada mühazirələrdə də , diaspor nümayəndələri ilə görüşümdə onlara da anladıram ki, 50 milyonluq dünya azərbaycanlılarının gözü bizim respublikadadır.
- Deməli, döyünən ürək burada - Vətənimizdədir.
-Bəli, döyünən ürək Azərbaycandadır, hamının gözü buradadır. Bütün dünya azərbaycanlılarının ümid yeri Azərbaycandır. Hətta auditoriyada mühazirə zamanı qollarımı açıb deyirəm: Sağ tərəfimiz Dərbənd, sol tərəfimiz Həmədan, biz Bakıdayıq, şərq, qərb sərhədlərimiz Tiflisəcən Azərbaycan ərazisidir. Bizim başqa ölkələrin torpaqlarında iddiamız yoxdur. Ancaq tarixi Azərbaycan ərazisi var. Bizim milli marağımız odur ki, bu gün respublikamızdan kənarda cəm halda yaşayan: Şimalda, Qərbdə, Cənubda olan azərbaycanlıların birinin də burnu qanamasın və onlar 21-ci yüzillikdə konstitusiyada təsdiqini tapmış insan haqlarına qovuşsunlar. Azərbaycanın istədiyi budur, heç kimin də daxili işlərinə qarışmırıq. Ona görə də müstəqilliyimizi qazananda zorla bizi müharibəyə cəlb etdilər, torpaqlarımız işğal olundu. Bilirsiniz, böyük imperiyalar dağılanda onun dalğası çox fəlakətlərə səbəb olur. 70 il yaşadığımız Sovetlər birliyinin üstündən xətt çəkmək olmaz. Yəni sovetlər dönəmində bizim 2-ci respublikamız olub. Azərbaycan Xalq Cumhuriyyətinin varisi əslində, işğal olunsa da, Azərbaycan Sovet Respublikasıdır, biz də onun varisi kimi müstəqil Azərbaycan respublikasıyıq. Heç birinin üstündən xətt çəkmək olmaz. Sovetlər dönəmində bizim ana dilimizdə 15 ali məktəbimiz olub.
-Bəli, biz orta ümumutəhsil məktəblərində, ali məktəblərdə təhsilimizi ana dilimizdə almışıq. Azərbaycan dili dövlət dili kimi konstitusiyamızda öz əksini tapıb.
Həqiqətən də reallıqların üstündən xətt çəkmək olmaz. Doğrudur, müstəqilliyin şirinliyi, bu başqa məsələdir. Təsəvvür edirsinizmi, sərhəddi keçəndə öz sərhədçilərimiz sənin pasportunu yoxlayır. Hətta xarici ölkələrə dəfələrlə konfranslara gedəndə, inandırıram sizi ürəyim dağa dönür. Bizim pasportlarımıza öz övladlarımız nəzarət edir. Sərhəd Azərbaycanın təhlükəsizliyidir. Ürəyim arxayındır ki, bu 70 ildə Vətən əxlaqına layiq övladlar yetişdirmişik.
-Deməli, sizin həyatda ən böyük qazancınız Azərbaycan xalqına layiqli vətəndaşlar formalaşdırmaq olub, yaşamağa dəyərmiş.
Əlbəttə, insanı yaşadan onun əməlləridir. Müəllim tələbəsinə vətəndaş kimi yanaşmalıdır. Bu dünyanın nəfəsi hər kəsin içindəki vicdan və bir də təmənnasız xeyirxahlıqdır. Ağac da bar verəndə başını aşağı əyir. Bu cahanın hikməti də, imtahanı da çoxdur...
Bu illər ərzində 12 kitabım nəşr olunub. Amma 19-u da nəşrə hazırdır, bilgisayardadır. Kitablarımın çapa verilməsi üçün XX əsrin əvvəllərindəki xeyriyyəçiləri axtarıram, amma, çox təəssüf ki, bu gün çoxlu rəsmi təsdiq olunmuş milyonçularımız olsa da, vaxtilə xalqın təhsilinə, mədəniyyətinə maddi yardım göstərən mesenatlar yox dərəcəsindədir. İmkanları var ,amma ürəkləri, səxavətləri, cəsarətləri yoxdur.
-Doğrudur, bu başqa bir söhbətin mövzusudur, amma ağrılı yerimizdir.
Bəli, şəxsən mən bir pedaqoq, ziyalı kimi çox təəssüf edirəm. Azərbaycanın rəsmi milyonçuları var, sərvətləri adını çəkdiyim əsrin əvvəllərindəki milyonçulardan qat-qat çoxdur. Amma, əfsuslar olsun ki, XX əsrin əvvəllərindəki ürəyini xalqı üçün yandıran Hacı Zeynalabdin Tağıyev, Ağamusa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov və başqa vicdanlı Bakı milyonçuları kimi cəsarətli, səxavətli mesenatlar yoxdur. Heyf, çox heyf…
Mən 1-ci Qarabağ savaşının iştirakçısıyam. Xocalı faciəsindən sonra auditoriyada dərs keçə bilmirdim, indiki kimi yadımdadır, auditoriyaya girdim, mühazirə saatı idi. 120 nəfər tələbəyə - 4 qrupa müraciət etdim: Əziz tələbələr, mövzumuz “Orta əsrlərdə Çin” adlanır. Amma bu gün dərsimiz olmayacaq.
-Soruşdular, səbəb nədir?
-Dedim, mən cəbhəyə gedirəm. Belə deyəndə 20, 30 nəfər gənc ayağa qalxdı ki, müəllim, biz də gedirik. Dedim siz genofondumuzsunuz, vaxtı gələndə gedərsiniz. Əyləşin yerinizə. Tələbələrimə başa salırdım ki, belə bir qayda var, paytaxt mühasirədə olanda, hərbi komissar auditoriyaya girib tələbə və müəllimlərə hərbi vəziyyəti élan edir və deyir: “Düşmən paytaxtı mühasirəyə alıb, döyüşə siz getməlisiniz”. Tanrı bizə o günü göstərməsin!
Cavan müəllim idim. İndiki Bakı Dövlət Universitetində (o zamanlar Azərbaycan Dövlət Universiteti adlanırdı) işləyirdim. Azərbaycan böyük imperiyanın caynağından çıxıb, müstəqilliyini élan etsə də, torpaqlarımızın başı üstündə qara yellər əsməyə başlamışdı. Bu o illər idi ki, 1988-ci ildən başlayaraq qədim İrəvan torpaqlarından o yerlərin azərbaycanlı vətəndaşları vəhşicəsinə qətliama məruz qalaraq qovulmuşdular və ümid yeri kimi Azərbaycana pənah gətirmişdilər. Bir sözlə, zorən müharibəyə məcbur edilmişdik. 6 ay səngərdə düşmənlə üz-üzə dayandıq. Ön xətdə olarkən çox böyük təcrübə qazandım. Özünümüdafiə batalyonlarının tərkibində döyüşürdüm, xatirə fotolarımı da sizə təqdim edəcəyəm.
-Bəli, o illərdən tanıdığım ziyalılardan qeyrətliləri silaha sarılıb özünümüdafiə batalyonlarına qoşuldular.
Sözümün canı ondadır ki, “Ermənilərin gerçək tarixi” kitabımın yaranma tarixi səngərdən başlayıb. Orada özümə söz verdim ki, ermənilərin Qarabağ hadisələri başlayan vaxtacan, (Türkiyədə yazılmış rəsmi mənbələr əsasında) törətdikləri cinayətlərdən yazım. Ermənilər hesablamışdılar ki, 1988-1989-cu ilədək bütün dünyadakı ermənilər və onların havadarları tərəfindən Azərbaycana və Türkiyəyə qarşı yer kürəsində 26 mindən çox kitab, məqalə, əsər çıxıb. Fikir verin ki, bunlar ideoloji cəhətdən çoxdan hazırlaşmışdılar.
-Onlar tarix boyu bu düşüncə ilə yaşayıblar.
-Bəli, illərlə onlar ideoloji cəbhədə silahlanıblar. Gecələr səngərdə olarkən Ayı müşahidə edirdim. Bir gecə Ayın işığının qarşısında fikirləşdim və söz verdim ki, əgər sağ qalsam, mən düşmənə elmi mənbələr əsasında cavab verəcəyəm. Döyüşdən sağ-salamat qayıdandan sonra 20 ilə yaxın topladığım materialları, xüsusilə xristian mənbələrindən yeni-yeni məlumatları yığdım və işləməyə başladım. Akdemik Yaqub Mahmudlu mənə yüksək dəyər verərək dedi: Atamoğlan, bu kitab iki doktorluq dəyərindədir. Kitabım Milli Təhlükəsizlik Nazirliyinin xüsusi mükafatına layiq görüldü. Sonra əsərin rus dilində olan variantını Rusiyadakı diasporamız üçün hazırladıq: “İstinnaya istoriya armyan” Mənən bir az rahatlıq tapdım ki, düşmənin hiyləgər ideologiyasını alt-üst etdim. 200 il idi ki, Azərbaycan analarının göz yaşı qurumurdu, şükürlər olsun ki, 44 günlük Vətən müharibəsində qisasımız alındı.
-Bəli, qisas qiyamətə qalmadı. Qarşımda bir kitab var: “Mənim günahlarım”–Mea Gulfa (latın dilində) və ingilis dilində tərcümə olunan “Erməni elitasının etirafları” elmi mənbələr əsasında yazdığınız elmi- publisistik əsərlər. Bu barədə ətraflı danışmağınızı xahiş edirəm. Latın dili ölü dil olsa da, avropalılar onu yaxşı başa düşür. Özüm bilərəkdən latın dilindən istifadə etdim. “Mənim günahlarım” erməni “ elitasının” adından etiraf olunur.
-Bu dil həm də tibb elminin dilidir. Doğru seçim etmisiniz. Dünyaya həqiqəti “yedirtmək” lazımdır, başqa çarəmiz yoxdur.
Kitab 5 dildə tərcümə olunub. Erməniləri müdafiə edənlərin- Qərbi Avropalıların ana dilində onlara demək istəyirik ki, gerçək faktları məhz erməni “elitasının” öz dilindən eşidin, agah olun.
-Eşitdiyimə görə, bu kitabın əsasında sənədli film hazırlanıb. Amma, çox təəssüf ki, həmin sənədli film “youtube” kanallarında yoxdur. Bunun səbəbini açıqlaya bilərsinizmi?
Məni ağrıdan məsələyə toxundunuz. Bu əsər 5 min manat mükafat da qazanmışdı və həmin məbləğin əsasında sənədli film hazırlanmasını rəğbətlə qarşıladım. Təkrar edirəm, bacardığımız qədər bəşəriyyətə ermənilərin ideoloji silahının hədəfinin iç üzünü – yalanlarını çatdırmalıyıq. Kitabdakı faktlar detallarla, xronikadan istifadə edilməklə mükəmməl sənədli film səviyyəsində işıqlandırılıb. Bir sözlə, reallığa söykənən süjet xəttinin işlənib hazırlanması məni çox sevindirdi. Lakin filmin göstərilməsindən az bir müddət sonra video- material “youtube”dən silindi. Çox mütəəssir oldum, bu günə kimi narahatam, bu film haradadır, niyə silindi? Filmin orijinalı ilə maraqlansam da, mənə dəqiq cavab verilmədi. Təəssüf edirəm. Belə laqeydliklərin nəticəsində biz çox uduzuruq. Unutmayaq ki, təbliğat əvəzsiz silahdır.
-Bu videonu güman edirəm ki, düşmənin xakerləri pozub. Xainlər hər zaman bizi izləyirlər.
14 əsrdir ki, ermənilərin kilsəsi bütün yer üzündəki ermənilərdən pul yığırlar ki, özlərinə dövlət yaratsınlar. Bu kitabda onlar ifşa olunurlar. Ona görə də həqiqətlərin açılmasına əngəl olmaq üçün bütün çirkin vasitələrdən istifadə edirlər. Erməni mənbələri deyir ki, bizim torpağımız olmayıb, biz şər – böhtanla əraziləri zəbt edib özümüzünküləşdirmişik. Mən bütün faktları arxivlərdən yığıb, istinadlar əsasında təhlil aparmışam. Gerçəkliklərdən qaçmaq mümkün deyil.
“ Erməni elitasının etirafları” və yaxud “ Mənim günahlarım” kitabımda haylar özləri - özlərini ifşa edirlər. Məsəl üçün, XX əsrin əvvəllərində yaşamış Morqan adında məşhur bir arxeoloq olub, haylar bir yerə toplaşıb gedirlər onun yanına ki, bizə tarix yaz. Bütün bu dediklərim erməni mənbələrindədir. XX yüzilliyin əvvəlləri 1-ci Dünya müharibəsi ərəfəsində baş vermiş bu hadisənin təfərrüatlarını o dövrün arxeoloqları ermənilərin məkrli planını gülünc və qəzəb içində yaymağa başlayıblar. Belə ki, arxeoloq Morqan onunla danışığa gələn daşnak yığnağından soruşur ki, faktlarınız, dəlilləriniz varsa, verin yazım. Bunu eşidən haylar çıxılmaz vəziyyətə düşürlər və mənbələr axtarışına çıxırlar. Həmin arxeoloq Morqana nağıllar, əsatirlər, bir sözlə heç bir əsası olmayan yazılar təqdim edirlər. İllərin imtahanından çıxmış arxeoloq ona təqdim edilən “mənbələrə” baxıb təəssüf hissi keçirərək deyir ki, sizin gətirdiyiniz bu “yazılar” nağıldan başqa bir şey deyil, tarixi yazmaq üçün isə faktlar, sübutlar lazımdır. İnsanların mənə olan inamını əgər itirərəmsə, canlı ikən ölümümü qəbul edərəm. Bu hadisə o illərdə bütün Avropa arxeoloqlarına yayılır və tarixin səhifəsinə erməni hiyləgərliyinin xisləti kimi yazılır.
İrəvanın hər addımında, daşında, parçasında müsəlman – türk tarixi yatır. Yer kürəsində Azərbaycan və Türkiyəyə qarşı ermənilərin təşkilatlanmış formada 600-dən çox qurumu fəaliyyət göstərir. Ona görə də düşmənin ideoloji silahına qarşı mübarizəni gücləndirməliyik. Erməni yalanlarına faktlarla, dəlillərlə cavab verməliyik.
44 günlük Vətən müharibəsindəki Zəfərimiz sübut etdi ki, Azərbaycan xalqı yumruq kimi birləşməyi bacarır. Qüdrətli ordumuza və Ali Baş Komandanımıza arxalanırıq. Bir məqamı unutmaq olmaz. Azərbaycan qısa müddətli, ildırım sürətli qələbəsi ilə dünya hərb tarixinə düşdü. Bizim tərəfdən aparılan döyüş ədalətli idi, çünki biz zorla bizdən qoparılan və 30 il işğal altında qalan torpaqlarımızı xilas etmək üçün silaha sarılmışdıq.
Erməni generalları da, xarici mənbələrdə yazılanlar da sübut etdi ki, bizim yenilməz, polad kimi ordumuzun qarşısında silaha əl atanlar məğlubiyyətlə qarşılaşacaqlaq. Fransadan olan məşhur yaraqlının etiraflarını oxumuşam. O, yazır ki, əgər məni bir də Şuşaya, Qarabağa milyon verib göndərsələr belə, mən vuruşmuyacağam. Ondan soruşurlar ki, axı nəyə görə? Məşhur yaraqlı cavab verir ki, Azərbaycan ordusu ilə döyüşmək, qalib gəlmək əlçatmazdır. Onların döyüşkənliyi qarşısında tab gətirə bilmirdik.
Qəhrəmanlarımızın döyüş bacarığının özü belə xüsusi olaraq öyrənilməli, hərb dərsliklərinə salınmalıdır. Orta əsrlər tarixində çarpaz planı üzrə - aypara taktikasına planlaşdırılmış müharibələr həmişə qələbə ilə nəticələnib. Vaxtilə Səlcuqlular dövləti bu planı hazırlayıb və qələbə qazanıb. Osmanlı imperiyası belə Avropanın 22 dövlətinə Aypara taktikası ilə qalib gəlib. Bax Şuşada bu döyüş taktikasından istifadə olundu və sərkərdələrimiz yanılmadı, Zəfər bizimlə oldu.
Bizim həm də ən böyük gücümüz ruhumuzun sarsılmaz olması idi. Ön cəbhəmiz də, arxa cəbhəmiz də Qələbə ruhuna sarılmışdı. Vətən əxlaqı deyilən bir kəlam var. Bu nə deməkdir? Vətən bizim içimizdə, ruhumuzda olmalıdır. Belə bir ruhla silahlanmış ordunun mükafatı Zəfər olmalı idi, oldu da!
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə “Şəhidlərə kəfən lazım deyil” adlı 2 hissəli, 6 şəkilli dram əsərini yazmışam. Bu pyesi ilk olaraq Mübarizin atasına aparıb verdim, o kitabı oxuyandan sonra kövrək səslə mənə dedi: “Sanki siz onun yanında olmusunuz”.
Mən də kövrələrək dedim, ata, mən müəlliməm, Mübarizlərin amalı, döyüş yolu dərslərimin baş mövzusudur, onlar Vətən əxlaqının mücəssiməsidir.
1992-ci ildə anasının qucağında məni döyüşə yola salan oğlum 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə getdi, düşməndən qisasımızı alanların cərgəsində şərəfli bir tərcümeyi-hal yazdı və qazi kimi qayıtdı. Övladımla qürur keçirirəm. Mənim 30 il əvvəl nakam qalan arzularımı oğlum gerçəkləşdirdi, daha doğrusu, ordumuzun yüzlərlə qəhrəmanlarından biri oldu. Milli şüurun formalaşdığı Bakı Dövlət Universitetinində fədakar, millətini sevən gəncləri yetişdirmək bizim Vətən borcumuzdur.
-Qələminizlə hər zaman Vətən təəssübünü çəkirsiniz, döyüşürsünüz, bu müqəddəs yolda Sizə əzmkarlıq arzulayıram.70 illik ömrü hədər yaşamamısınız. Necə deyərlər, yaşamaq gözəldir,yaşatmaq da!
Söhbəti qələmə aldı:
Kəmalə Abdinova
XQ