Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov avqustun 4-də Hacıqabul rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.
Qəbul zamanı Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, məscid tikintisi, din xadimləri üçün nəzərdə tutulan müsahibədə iştirak, dini maarifləndirmə işinin genişləndirilməsi, dini icmaların kitablarla təmin edilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.