İranı idarə edən türk xanədanları

post-img

İrandakı rejim bu ölkənin qədim dövlətçilik tarixi haqda, xüsusilə, Şimali Azərbaycanın İranın tərkibində olması və farsların hakimiyyəti barədə nağıllar uydurmağı sevir. Əlahəzrət tarix isə tamamilə başqa şeylər deyir. Azərbaycan nəinki İranın tərkibində olmayıb, əksinə, İranın özünü əsrlər boyu müxtəlif türk xanədanları idarə edib, min ilə yaxın müddət ərzində İran başdan-ayağa müxtəlif türk imperiyalarının tərkibində onun bir əyaləti kimi mövcud olub. Bu yazıda həmin türk dövlətləri və sülalələrinə qısa nəzər salmağa çalışdıq.

Türklərlə farslar qonşu olduqları üçün türklərin İrana gəlişi eramızın IV əsrin­dən XX əsrin əvvəllərinə qədər davam edib. İslamı qəbul etməzdən əvvəl türklər Xəzərin şərqindən cənuba doğru İrana gəlib. İslam dinini qəbul etdikdən sonra türklərin girişi Xəzər dənizinin cənubun­dan şərq-qərb istiqamətində olub. XIII əsrdə və daha sonra türklər Türkiyə, Su­riya və İraqdan da İrana köçüblər.

Turan hökmdarı Əfrasiyabın (Alp Ər Tunqa) nəslindən olan Sacilər, Qəz­nəvilər və Səlcuqlar (Firdovsinin “Şah­namə”sində də deyildiyi kimi) İran taxtını ələ keçirərək, uzun əsrlər davam edəcək türk hökmranlığını qurdular. Elə bu baş­lanğıcla İran coğrafiyasında min ilə yaxın müddətdə türk xanədanlığı hökm sürdü. Səfəvilər bu coğrafiyada qurulan beşinci türk xanədanlığı və türk dilini rəsmi dil elan edən ilk dövlət oldu.

İran–Türk sülalələri (900–1450)

IX əsrdən İranda türk varlığı hiss olunmağa başladı. Bu proses elə inkişaf etdi ki, Orta Asiyadan gələn və ya gəti­rilən türklər öz hərbi imkanlarına görə İranda qurulan irili-xırdalı dövlətlərdə fəal rol aldılar və tədricən hökmdar oldular. Bu kontekstdə Qəznəvilər, Səlcuqlar, Monqollar, Elxanilər, Teymurilər sülalə­si, Qaraqoyunlular, Ağqoyunlular İranın müxtəlif bölgələrini idarə edirdilər.

Qəznəvilər dövləti

961-ci ildə Əfqanıstanın Qəznə şəhə­rində Alp Tigin tərəfindən qurulan dövlət­dir. 977-ci ildə Səbuq Tiginin hakimiyyətə gəlməsi ilə müstəqilliyini rəsmən elan edib. İranda öz hakimiyyətini bərqərar edən dövlətin çiçəklənmə dövrü Sultan Mahmud Qəznəvinin hakimiyyəti illərinə düşür. Sultan Mahmud Hindistana 17 dəfə yürüş edərək, nəhayət, onun fəthinə nail olub.

1040-cı ildə Səlcuqlarla Qəznəvilər arasında baş verən Dəndənəkan döyü­şündə Səlcuqlar Qəznəvilərin varlığına son qoyublar.

Böyük Səlcuq dövləti

Səlcuq dövləti 1038-ci ildə Qəznə­vilərdən ayrılıb müstəqil oldu. Səlcuq Sultanı Alparslan Malazgirt döyüşündə Bizansı məğlub edərək indiki Türkiyənin əsasını qoydu. Hər cəhətdən mükəmməl sivilizasiya quran Böyük Səlcuq dövləti Katvan döyüşündə Qaraxitaylara məğlub olduqdan sonra böyük ərazilərə parça­landı. 1157-ci ildə Sultan Səncərin köçəri Oğuzlar tərəfindən əsir alınması ilə rəsmi olaraq süquta uğradı.

Eldənizlər (Atabəylər) dövləti

Eldənizlər dövlətinin banisi Şəmsəd­din Eldəniz Səlcuq dövlətində qul hərb­çilərdən biri idi. Qeyri-adi hərbi biliyi və idarəetmə bacarıqlarına görə sultan tərə­findən Atabəy rütbəsinə yüksəldilmişdi. Səlcuq dövlətinin dağılması ərəfəsində - 1142-ci ildə Şəmsəddin Eldənizin baş­çılıq etdiyi qoşun İraq Səlcuqları üzərin­də qələbə qazandı, bununla da müstəqil Eldənizlər dövlətinin əsası qoyuldu. İran Eldənizlər dövlətinin tərkibinə qatıldıq­dan sonra dövlətin paytaxtı Təbriz oldu. 1220-22-ci illərdə monqol hücumlarından zəifləyən Eldənizlər sülaləsi 1225-ci ildə Xarəzmşahlar dövlətindən asılı hala düş­dü.

Xarəzmşahlar dövləti

Böyük Səlcuq İmperiyası dağılan­dan sonra səlcuqlar nəslindən olan Qüt­bəddin Məhəmməd 1097-ci ildə özünü xarəzmşah elan etdi. Mərkəzi Asiyanın ən qüdrətli türk dövlətlərindən biri olan Xarəzmşahlar dövləti Əfqanıstan, Mavə­raünnəhr, Xarəzm, İran, Cənubi Qafqaz qarışıq 5 milyon kvadrat kilometr ərazini əhatə edirdi. Əhalisi özbək, qaraqalpaq, tatar, xəzər, uyğur, qazax, tacik, türkmən və digər xalqlardan ibarət idi. Dövlətin idarəetmə sistemi Böyük Səlcuq İmperi­yasındakı kimi idi.

Teymuri İmperiyası

Çağatay xanlığında daxili iğtişaş­lar ərəfəsində güclənən Əmir Teymur 1370-ci ildə adını daşıyan dövləti qurdu. Bu dövlət tezliklə Xarəzm, İran, Qafqaz, Dəşti-Qıpçaq, Hindistan, İraq, Suriya və Anadolunu əhatələyən böyük imperiya­ya çevrildi. Çağatay xanlığı da daxil ol­maqla Qızıl Orda, Cəlayir, Qaraqoyunlu, Osmanlı dövlətləri Teymurun tabeliyinə keçdi. Əmir Teymur 1405-ci ildə Çinə yü­rüş edərkən yolda vəfat etdi. Teymurdan sonra imperiyanın genişləndirilməsi pro­sesi dayandı. 1507-ci ildə Şeybani xanın paytaxt Herata daxil olması ilə Teymuri imperiyası dağıldı.

Qaraqoyunlular

Köçəri türkmən tayfası olan Qaraqo­yunlular Elxanilərin süqutundan istifadə edərək 1380-ci ildə Bayram Xocanın başçılığı ilə müstəqil oldular.

1400-cü ildə Qaraqoyunlu tayfasının başçısı Qara Yusif Teymurdan qaçaraq Osmanlı imperiyasına sığınmışdı. Tey­mur vəfat etdikdən sonra o, güc toplayıb Təbrizi ələ keçirdi və burada hakimiyyə­tini möhkəmləndirdi. Qaraqoyunluların varlığına Ağqoyunlular son qoydu.

Ağqoyunlular

Diyarbəkir, Elazığ və Azərbaycan böl­gələrində fəal türkmən tayfası olan Ağqo­yunlular 1378-ci ildə Qara Yuluq Osman bəyin dövründə müstəqillik qazanmışdı­lar. Onlar dövlətlərini qorumaq üçün An­kara döyüşündə Teymura kömək etdilər. Teymur Malatya və Diyarbəkiri də göstər­dikləri köməyə görə Ağqoyunlulara verdi. Qara Yuluq Osman bəydən sonra Uzun Həsən Ağqoyunluların başçısı oldu. Onun hakimiyyəti dövründə Ağqoyunlu­lar Xorasandan Anadoluya, Qafqazdan Ərəbistan dənizinə qədər uzanan böyük dövlətə çevrildi. Ağqoyunluların güclən­məsi Osmanlıların diqqətindən qaçmadı. Fateh Sultan Mehmet Trabzonda Roma İmperatorluğunu darmadağın etdikdən sonra üzünü Ağqoyunlulara doğru çevir­di. Otluqbeli savaşında Osmanlıdan ağır zərbə alan Ağqoyunlu dövlətinin dağılma prosesi başladı. Uzun Həsənin ölümün­dən sonra yaranan qarışıqlıqdan istifadə edən Səfəvi şahı İsmayıl bu dövlətin var­lığına son qoydu.

Səfəvilər dövləti

1501-ci ildə Şah İsmayılın başçılığı ilə səkkiz türkmən tayfasının Anadolu ətrafında birləşməsi və Ağqoyunluların dağılması ilə Təbrizdə elan olunan türk dövlətidir. Sonrakı illərdə bütün İranı fəth edən və bu coğrafiyada şiə əqidəsini yayan Səfəvilərin ən böyük düşmənləri məzhəb ayrılığı səbəbindən Osmanlılar və özbəklər oldular.

1510-cu ildə Səfəvi qızılbaşları öz­bəklərə qarşı böyük qələbə qazanaraq Xorasanı ələ keçirdilər. Ancaq onlar bu uğuru Osmanlılarla savaşda təkrarlaya bilmədilər. Çaldıran döyüşündə Yavuz Sultan Səlim Təbrizi ələ keçirib Səfə­vilər üzərində qələbə çaldı. Müharibələr və daxili üsyanlar nəticəsində zəifləmiş Səfəvilər dövləti 1736-cı ildə çökdü.

Əfşar sülaləsi

Əfşarlar sülaləsi Nadir şahın 1736-cı ildə İranı zəbt edən əfqanlara qarşı qurduğu dövlətdir. Böyük türk Nadir şah hakimiyyətə gəldikdən sonra əfqanları İrandan qovdu və qurduğu imperiyanın sərhədlərini Dehliyə qədər genişləndirdi. O, Dehlidən əldə etdiyi sərvətlə üç il vergi almamış, Səfəvilər dövlətinin süqutu ilə darmadağın olmuş İranın yaralarını sa­ğaltmışdı. Bu səbəbdən Nadir şah tarix­də həm də İranın bərpaçısı kimi tanınır. 1747-ci ildə Nadir şahın ölümü ilə süqut edən dövlət sonrakı illərdə tarix səhnə­sindən çəkildi.

Qacar sülaləsi

Qacarlar Səfəvi dövlətinin qurulma­sında iştirak edən türkmən tayfasıdır. Əfşarlar sülaləsinin süqutundan sonra İranda siyasi qarışıqlıqlar başladı və bir çox yeni dövlətlər yarandı. Onlardan biri­nin qurucusu Ağa Məhəmməd xan Qacar idi. Ağa Məhəmməd xan Qacarların siya­si birliyini təmin etdikdən sonra İranda di­gər dövlətlərlə mübarizə apardı. 1796-cı ildə İranın siyasi birliyini təmin edən xan paytaxtı Tehran olan Qacar dövlətini qur­du. Bu türk əsilli sülalə Rza şah Pəhləvi sülaləsini qurana qədər, yəni 1925-ci ilə qədər İranı idarə etdi.

Pəhləvilər

Pəhləvi sülaləsi 1925-ci ildən 1979-cu ilə qədər İranda hakimiyyətdə oldu. Xanədan 1925-ci ildə Rza şah Pəhlə­vi tərəfindən qurulmuşdu. Onun oğlu Məhəmməd Rza şah Pəhləvi isə İranın son şahı oldu.

Murad KÖHNƏQALA

Son xəbərlər