AMEA-nın yubileyinə həsr olunmuş sessiya

post-img

Azərbaycan Milli Elmlər Akademiyanın 80 illik yubileyinə həsr olunmuş yığıncaq öz işini noyabrın 4-də AMEA-nın Rəyasət Heyətində sessiya ilə davam etdirib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyanın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış edərək dərin məzmunlu, konseptual nitqlə çıxış etdiyini diqqətə çatdıraraq, dövlət başçısının Akademiyanın fəaliyyətinə yüksək qiymət verdiyini, qurumun gələcək vəzifələrini müəyyənləşdirdiyini söyləyib. Akademik bildirib ki, dövlət başçısının tapşırıqları Akademiyanın bundan sonrakı yol xəritəsidir və gələcək fəaliyyətimizi bunun əsasında qurmalıyıq.

İsa Həbibbəyli Azərbaycan alimləri və ziyalıları, AMEA-nın kollektivi və beynəlxalq iştirakçılar adından yığıncaqda iştirakına və dərin məzmunlu nitqinə görə Prezident İlham Əliyevə, qalib ölkənin Liderinə minnətdarlığını bildirib.

“Dövlətimizin başçısını əmin etmək istəyirik ki, AMEA-nın kollektivi cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində var gücləri ilə çalışacaqlar” – deyə AMEA rəhbəri vurğulayıb.

Akademik İsa Həbibbəyli qeyd edib ki, 21 ölkədən 42 alimin iştirak etdiyi yığıncaq AMEA-nın beynəlxalq əlaqələrinin inkişafına, yeni əlaqələrin qurulmasına və möhkəmlənməsinə öz töhfəsini verəcək.

Tədbirdə, həmçinin Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun prezidenti professor Dərya Örs, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının baş katibi akademik Asəf Hacıyev, TÜRKSOY-un baş katibi Sultan Raev, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti akademik Roin Metreveli, Türkiyənin Ankara Universitetinin rektoru professor Necdat Ünüvar, Bolqarıstan Elmlər Akademiyasının prezidenti professor Evelina Slavçeva, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının (ASSA) prezidenti professor Ahmet Nuri Yurdusev, Türkmənistan Elmlər Akademiyasının prezidenti akademik Allaberdi Aşirov, Qırğız Respublikası Milli Elmlər Akademiyasının prezidenti müxbir üzv Kanatbek Abdraxmatov, İtaliya Milli Elmlər Akademiyasının üzvü professor Roberto Zelli, Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri professor Məsud Əfəndiyev və Antarktida Elmi Tədqiqatlar Şurasının Humanitar və Sosial Elmlər üzrə Daimi Komitəsinin üzvü Ebru Caymaz çıxış edərək Azərbaycan Milli Elmlər Akademiyasının kollektivini, eləcə də Azərbaycan alimlərini təbrik edib, əməkdaşlıq perspektivlərindən danışıb, xatirə hədiyyələri təqdim ediblər.

Bundan əlavə, tədbirdə Avstraliya Sosial Elmlər Akademiyasının prezidenti professor Kate Darian-Smith və Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Najeeba Arifin təbrik videoları təqdim olunub.

Daha sonra akademik İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyi münasibətilə ünvanlanmış təbrik məktublarını səsləndirib.

XQ

Elm