Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
XQ xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Sabunçu rayon Yeni Ramana qəsəbəsi R.Zorge adına 90, Nəsimi rayonu 1 nömrəli və Binəqədi rayonu 297 nömrəli tam orta məktəblərində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 44 nömrəli körpələr-evi uşaq bağçası, 11 nömrəli tam orta məktəbində və Abşeron Olimpiya İdman Kompleksində, Gəncə Regional Mərkəzi tərəfindən “Detal Alüminium” ASC-də, Tovuz rayonu Elşad Tağıyev adına Cəlilli kənd, Göygöl rayon İ.Novruzov adına 4 nömrəli və Daşkəsən rayon Aşağı Daşkəsən qəsəbə G.İsmayılov adına tam orta məktəblərində, Şimal-qərb Regional Mərkəzi tərəfindən İsmayıllı rayon R.Ocaqov adına Buynuz və Topçu kənd, həmçinin Qobustan rayon Xilmilli kənd tam orta məktəblərində, Qarabağ Regional Mərkəzi tərəfindən Beyləqan rayon Təzəkənd kənd və Ağcabədi rayon Yeni Qaradolaq kənd tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Quba rayon II Nügədi kənd 3 saylı tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Astara rayon N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Goranboy rayon Nərimanlı kənd və Mingəçevir şəhər 17 nömrəli tam orta məktəblərində maarifləndirmə tədbiriləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.






