Bölgə teatrlarının fədakar rejissoru

post-img

Artıq 2 ildir ki, Mingəçevir Dövlət Dram Teatrında bir çoxlarına müqəddəs sənət məbədi olan səhnəni sevdirmiş görkəmli rejissor, Xalq artisti Zülfüqar Abbasov aramızda yoxdur. Ömrünün 82-ci ilində fani dünya ilə vidalaşmış teatr fədaisi hələ çox-çox illər sonra da xatırlanacaq sənətkarlardandır. 

O, Tibilisi Dövlət Pedaqoji İnstitutu Azərbaycan bölməsinin və Bakı Teatr İnstitutunun məzunu olub. Teatr İnsti­tutunda təhsil aldığı zaman müəllimləri Mehdi Məmmədov, Rza Sarabski, Müxlis Qənizadə və Məlik Dadaşovdan sənətin sirlərini dərindən öyrənib. Rejissor kimi yaradıcılıq arenasına ilk dəfə İrəvan Dövlət Azərbaycan Dram Teatrında çıxıb. Daha sonra fəaliyyətini Mingəçevir, ar­dınca isə Qazax teatlarında baş rejissor, direktor və bədii rəhbər olaraq davam etdirilib.

Zülfüqar Abbasov İrəvan teatrının səhnəsində N. B. Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” pyesini uğurla səhnəyə qoyub. 1968-ci ildən fasilələrlə Mingəçevir Dövlət Dram Teatrının re­jissoru və baş rejissoru olub. Bu teatrın səhnəsində “Hacı Qara” (M. F. Axund­zadə), “Eşq və intiqam” (S. S. Axundov), “Müfəttiş”, “Evlənmə” (N. Qoqol), “Əliqulu evlənir” (S. Rəhman), “Cavanşir”, “Şeyx Şamil” (M. Hüseyn), “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vü­salı” (İ. Əfəndiyev), “Şeytan nəsli” (H. Muxtarov), “Dar ağacı” (B. Vahabzadə), “Ölülər” (C. Məmmədquluzadə), “Almaz”, “Solğun çiçəklər” (C. Cabbarlı), “Vaqif” (S. Vurğun), “Ayrılmaq anı” (M. Baycıyev) və s. əsərlərini uğurla səhnəyə qoyaraq, professional Azərbaycan teatrında ma­raqlı rejissor təfsiri ilə seçilib. Zülfüqar Abbasovun 1982-ci ildə Akademik Zərifə xanım Əliyevanın elmi-tibbi monoqrafiya­sına həsr etdiyi “Anda xəyanət” tamaşası da maraqlı və orjinal bir səhnə təqdimatı olaraq xatırlanır.

Onun Mingəçevir və Qazax teatrların­dan olan yetirmələri adını böyük ehtiram­la anırlar. Sənətkarın ən yaxın dostların­dan biri – Hacı Nərimanoğlu bun barədə deyir: “Nə qədər aktyor tanıyıram ki, teatra gələndə dili söz tutmurdu, səhnə­də ayaqları bir-birinə dolaşırdı. Zülfüqar müəllim səbr, təmkinlə onları elə öyrə­dirdi, sənəti elə sevdirirdi ki, tamaşalara baxanda bəzən təəccüblənməli olurduq. Onun yetirmələri saymaqla bitən deyil. Çox da ki, hamısı paytaxta gəlib çıxa bilmir, layiq olduğu dəyəri almır, amma şərəfli teatr sənətinin ağır yükünü çiyin­lərində sevə-sevə daşıyırlar”.

Xatırlayıram ki, məhz Zülfüqar Ab­basovun quruluşunda “Mahnı dağlarda qaldı” pyesi Mingəçevir Teatrında tama­şaya qoyulan uğurlu səhnə əsəri kimi necə böyük sensasiyaya səbəb olub. Bu tamaşadakı Böyük bəy rolunu Milli Aka­demik Dram Teatrından dəvət olunan, SSRİ Xalq artisti İsmayıl Dağıstanlı ifa edib. Premyeradan sonra “Mingəçevir işıqları” qəzetinə müsahibə verən İsma­yıl Dağıstanlısəhnə əsəri haqqında belə deyib: “Bu tamaşa mənimçün böyük kəşf oldu. Çox istərdim ki, mənə Dövlət müka­fatı Bakıda, Milli Akademik Dram Teatrda oynadığım Böyük bəy obrazına görə yox, məhz bu teatrda oynadığım obraza görə veriləydi. Bir də ki, tamaşanın rejissoru Zülfüqar Abbasov icazə versəydi, böyük bəyin evi-mülkü ilə vidalaşdığı son səh­nədə olduğu kimi Bakıda oynadığım ta­maşada da istifadə edərdim”.

Zülfüqar Abbasov Cəfər Cabbarlının “Sitarə” librettosunu və Xalq şairi Nəri­man Həsənzadənin “Nabat xalanın çörə­yi” povestinə də maraqlı quruluşlar verib. Onun quruluşunda Qoqolun “Evlənmə” əsəri də böyük uğurla qarşılanıb və hət­ta Moskvadan bu tamaşaya baxmağa gələn rejissor Yuri Smirnov deyib: “Mənə də bu pyesi hazırlamağı təklif etmişdilər. Amma mən cürət etmədim. İndi gördüm ki, Zülfüqar Abbasov pyesdəki Padkol­yosnını Rusiyanın simvoluna çevirməklə əsərə dəqiq açar tapıb. Əgər Zülfüqar Qulu oğlu icazə versə, mən də gedib bu tamaşanı belə hazırlayacağam”.

Onun özünəməxsus səhnə tərtibatı verdiyi digər bir əsər böyük ədib Cəfər Cabbarlının “Sitarə” librettosu olub. Xa­tirələrində bu barədə yazdığı qeydlər maraqlıdır: “Sitarə” tamaşasında rolları teatrın ən aparıcı aktyorlarına vermişdim. Hətta bunlardan - Zülfü Məmmədovun, Afət Əliyevanın, Şıxı Yaqubovun, Namik Abdullayevin, İbrahim Salamovun oyun­ları mənim özümü də heyrətləndirmişdi. Mən, müəllifə sadiq qalaraq, tamaşanı klassik yunan üslubunda hazırlamışdım. Ona görə də yetərincə baxımlı alınmış­dı”.

2016-cı ildə Zülfüqar müəllim məni Qazax Dövlət Dram Teatrında C. Cab­barlının “Solğun çiçəklər” pyesinə bax­mağa dəvət etmişdi. Deyilən vaxt Qa­zaxa yollandım. Tamaşaya baxarkən bir daha əmin oldum ki, həqiqətən də, fədakar rejissor verdiyi quruluşda böyük dramaturqun ideya və baxışlarına sadiq qalaraq, ilk növbədə pyesin aktuallığını qoruya bilib. Üstəlik də, böyük risk et­məklə pyesə yeni bir personaj əlavə edib. Bu, Dərviş obrazı idi. Səhnədə cəmi 2 pərdədə görünən Dərviş (aktyor Nəsimi Aşbazov) vəziyyətlər dinamikasına daha çox yaxın idi. Bəhramın sanki sonradan başına gələcək hadisələri bir ilahi varlıq kimi işarətlə “Məndə əvvəl sənin kimi idim, indi necəyəm” söyləməsi səhnədə Dərviş obrazının maraqla izlənilməsini təmin etmiş oldu. Hadisələr xeyli maraqlı və dolğun şəkildə bir-birini əvəz edirdi. Səhnədə hər bir mizan yerli-yerində idi. Sonadək dramatik gərginlik yaşandı. Onu da deyim ki, o, hər hansı bir səh­nəni mizanlara görə ya dəyişirdi, ya da əlavələr etməklə orjinallığı qorumağa çalışırdı. Bununla da Zülfüqar müəllim “Tamaşanın üç müəllifi olur: dramaturq, rejissor və teatr kollektivi ilə bərabər ta­maşaçı” – fikrini əməli surətdə təsdiqlə­miş oldu. 

1997-ci ildə Şeyx Şamilin 200 illik yubileyi münasibətilə Mehdi Hüseynin “Şeyx Şamil” faciəsi Zülfüqar Abbaso­vun quruluşunda Azərbaycan Opera və Balet Teatrında göstərilən vaxt ulu öndər Heydər Əliyev də tamaşaya baxıb və bəyənib. Bu tamaşadan sonra rejissora birbaşa Xalq artisti fəxri adı verilib. 

Zülfüqar Abbasov təkcə rejissorluq etmir, aktyor kimi də həvəslə səhnəyə çıxır və maraqlı dramaturgiya mətnləri yazırdı. O, uzun illər Qərb regionunda fəaliyyət göstərən ElTV-nin efirində də maraqlı verlişlər hazırlayıb. 

Xalq artisti Zülfüqar Abbasov hər za­man xatirələrdə yaşayacaq.

Anar Ərtoğrul BURCƏLİYEV,
teatrşünas

Mədəniyyət