Gürcüstan “Avronest”i şantajda təqsirləndirir

post-img

Tbilisi İrəvandakı mübahisəli qətnamədən sonra Aİ-ni qərəzli mövqedə ittiham edir

Beynəlxalq siyasətdə hər jestin, hər sözün və hətta seçilən məkanın mənası olur. Məhz bu baxımdan, İrəvanda keçirilən “Avronest” Parlament Assambleyası Avropa İttifaqı (Aİ) ilə Gürcüstan arasında həssas olan münasibətlər körpüsünün təməl sütunlarını sarsıdan diplomatik zəlzələnin mərkəzinə çevrildi. 2025-ci il oktyabrın 30-da qəbul edilən sərt qətnamə Tbilisini açıq şəkildə “demokratiyadan geri dönüşdə” ittiham edərək Brüsselin uzun müddət səsləndirdiyi, lakin Gürcüstanın milli suverenlik qalxanı arxasında cavablandırdığı bütün tələbləri, o cümlədən “LGBT hüquqlarının təminatı” kimi həssas məsələni yenidən gündəmə gətirib.

Bu, iki paytaxt arasındakı diplomatik gərginliyin yeni pərdəsi sayılmaz. Bu, daha dərin, mühüm toqquşmanın Gürcüstanın milli kimliyi, mühafizəkar dəyərləri və suveren maraqları ilə Avropa İttifaqının “ümumbəşəri” hesab etdiyi liberal dəyərlər sistemi arasındakı sivilizasiya xəttinin qırılmasıdır. İrəvanda alqışlanan qətnamə Tbilisidə şantaj kimi qəbul edildi və qarşıdurma həm Gürcüstanın Avropa yolunun taleyini, həm də Aİ-nin qonşuluq siyasətinin sərhədlərini, elastikliyini sual altına alan taleyüklü prosesin başlanğıcını qoydu.

İrəvanda qəbul edilən sənəd diplomatik eufemizmlərdən (sözləri yumşaltmaq sənəti) uzaq, kəskin və birbaşa ittihamlarla zəngindir. Qətnamədə “saxtalaşdırılmış seçkilər”, “siyasi məhbuslar” və “vətəndaş cəmiyyətinə təzyiqlər” kimi ifadələr Brüsselin Tbilisiyə qarşı səbir kasasının daşdığını göstərən qırmızı siqnallardır. Saxarov mükafatı laureatı Mziya Amaglobelinin adının çəkilərək onun dərhal azadlığa buraxılmasının tələb edilməsi isə ümumi ittihamları konkretləşdirir və Gürcüstan hökumətini beynəlxalq ictimaiyyət qarşısında çətin vəziyyətə salmaq məqsədi daşıyır. Bu, Avropa Parlamentinin Gürcüstanın daxili işlərinə birbaşa müdaxilə etmək və Tbilisinin legitimliyini şübhə altına almaq üçün siyasi vasitədən istifadə etməsidir.

Siyasi hücumun kulminasiyası isə Aİ komissarı Marta Kosun bəyanatı oldu. O, Brüsselin Gürcüstan hakimiyyətinə qarşı daha sərt addımlar atmağa hazırlaşdığını və hətta Gürcüstan vətəndaşları üçün Avropaya sərbəst gediş-gəliş imkanı verən vizasız rejimin ləğvinin belə müzakirə oluna biləcəyini bəyan etdi. Bu, artıq diplomatik təzyiqin fövqündə dayanan şantaj dilidir. Vizasız rejim Gürcüstan cəmiyyətinin Avropaya inteqrasiyasının mühüm və hiss olunan nailiyyətidir. Həmin nailiyyəti hədəfə almaqla Brüssel Avropa yolunu dəstəkləyən milyonlarla sadə gürcü vətəndaşını cəzalandırmaqla hədələyir. Bu, Aİ-nin əlindəki ən güclü “çubuq”dur və onun masaya qoyulması münasibətlərin artıq geri dönülməz nöqtəyə yaxınlaşdığının göstəricisidir. Brüssel demək istəyir ki, Gürcüstan ya tamamilə onun oyun qaydalarını qəbul etməli, ya da Avropa ailəsinin ona bəxş etdiyi imtiyazları itirməyə hazır olmalıdır.

Gürcüstan tərəfinin reaksiyası da sərtliyi və barışmazlığı ilə diqqət çəkir. Parlamentin spikeri Şalva Papuaşvili cavabında “Avronest”i Gürcüstanın suverenliyinə qarşı istifadə edilən şantaj aləti adlandıraraq platformanın ölkəyə qarşı qərəzli və təhqiredici mövqe tutduğunu vurğuladı. Bu bəyanat Tbilisinin artıq Brüsselin tənqidlərinə qarşı müdafiə mövqeyindən çıxaraq, əks-hücuma keçdiyini göstərir. Gürcüstan hökuməti Aİ-nin tələblərini milli maraqlarına, cəmiyyətin mütləq əksəriyyətinin dəyərlərinə və ölkənin suveren hüquqlarına birbaşa təhdid kimi qiymətləndirir. Papuaşvilinin ritorikası “Gürcü arzusu”nun son illər yürütdüyü siyasətin məntiqi davamıdır: Gürcüstan Avropaya inteqrasiya etmək istəyir, lakin bunu öz kimliyini, mədəniyyətini və idarəçilik modelini qurban vermədən, bərabərhüquqlu tərəfdaş kimi etmək arzusundadır. Tbilisi Brüsselin təklif etdiyi yolu yeganə mümkün yol kimi qəbul etməkdən imtina edir və özünün “suveren Avropa yolu”nu cızmağa çalışır.

Brüssel və Tbilisi arasında dərinləşən siyasi qarşıdurma Gürcüstanın milli maraqları ilə Aİ-nin liberal dəyərləri arasında yaranan ziddiyyətin yeni və daha kəskin mərhələsinə çevrilib. Bu qarşıdurmanın köklərini anlamaq üçün bir neçə il geriyə, Gürcüstan hökumətinin “xarici agentlər haqqında” qanun kimi Qərbdə sərt tənqid olunan addımlar atmağa başladığı dövrə baxmaq lazımdır. Həmin addımlar Tbilisinin Qərbdən maliyyələşən vətəndaş cəmiyyəti təşkilatlarının daxili siyasətə təsirini məhdudlaşdırmaq və ölkənin suverenliyini gücləndirmək cəhdi kimi təqdim edilirdi. Brüssel üçün isə bu addımlar demokratiyanın və plüralizmin əsaslarına endirilən zərbə, avtoritarizmə doğru meylin göstəricisi idi.

Məsələnin digər həssas qatı isə məhz “LGBT hüquqları” ilə bağlı tələbdir. Gürcüstan dərin tarixi köklərə malik pravoslav mədəniyyətinə və mühafizəkar ictimai struktura sahib ölkədir. Cəmiyyətin mütləq əksəriyyəti üçün ənənəvi ailə dəyərləri toxunulmazdır. Bu kontekstdə, Aİ-nin məsələni siyasi təzyiq vasitəsinə çevirməsi hakim partiyanın əlinə güclü arqument verir. Qərb bizdən həm demokratik islahatlar, həm də milli kimliyimizə və mənəvi dəyərlərimizə zidd olan addımlar atmağı tələb edir. Bu, “Gürcü arzusu”na imkan verir ki, özünü Qərbin “mənəvi imperializminə” qarşı milli dəyərlərin müdafiəçisi kimi təqdim və mühafizəkar elektoratını səfərbər etsin. Brüssel isə öz növbəsində, insan haqlarının universallığı prinsipindən çıxış edir və namizəd ölkələrdən bu məsələdə heç bir güzəştə getməməyi tələb edir. Beləliklə, tərəflər bir-birini anlamayan və anlamaq istəməyən iki fərqli dəyər sisteminin içində kilidlənib qalırlar.

Bu qarşıdurmanın geosiyasi nəticələri isə bütün region üçün son dərəcə təhlükəli ola bilər. Birincisi, Gürcüstanın Avropaya inteqrasiya prosesinin tamamilə dalana dirənməsi ölkə daxilində dərin siyasi qeyri-sabitliyə və qütbləşməyə səbəb ola bilər.

İkincisi, Aİ ilə münasibətlərin korlanması Gürcüstanı istər-istəməz digər güc mərkəzlərinə daha çox yaxınlaşmağa sövq edə bilər. Hər nə qədər Tbilisi hökuməti özünün Qərbyönümlü olduğunu bəyan etsə də, siyasi təcrid və iqtisadi təzyiqlər onu Rusiya və ya Çin kimi liderlərlə daha sıx əməkdaşlığa məcbur edə bilər. Bu isə Brüsselin özünün strateji maraqlarına tamamilə zidd olan bir nəticə olardı. Avropa İttifaqının sərt mövqeyi, əslində Gürcüstanı itələyərək onu öz rəqiblərinin yanına göndərmiş olur.

Üçüncüsü, Gürcüstandakı proses Aİ-nin bütün Şərq Tərəfdaşlığı siyasətinin effektivliyini sual altına alır. Əgər Aİ bir zamanlar “demokratiyanın mayakı” adlandırdığı Gürcüstanla dil tapa bilmirsə, onun Ukrayna, Moldova və ya Ermənistan kimi ölkələrlə bağlı uzunmüddətli strategiyasının uğurlu olacağına kim zəmanət verə bilər? Bu hadisə Brüsselin qonşuluğundakı fərqli mədəni və siyasi reallıqları nəzərə almadan, hamıya eyni liberal şablonu tətbiq etməyə çalışmasının nə qədər əks-effekt verə biləcəyini göstərir.

İrəvanda açılan “tənqid atəşi” Tbilisidə müqavimət divarını daha da möhkəmləndirdi və Brüssellə Gürcüstan arasında körpülərin uçurulması prosesini sürətləndirdi. Qarşıdakı aylar tərəflərin qarşıdurmadan necə çıxacağını göstərəcək. Ya Aİ öz qonşuluq siyasətində daha çox elastiklik və praqmatizm nümayiş etdirərək Tbilisiyə güzəştə getməyin yollarını axtaracaq, ya da Gürcüstan hökuməti Avropa ilə münasibətlərin tamamilə qırılmasının ölkə üçün yaradacağı fəlakətli nəticələri anlayaraq bəzi tələbləri yerinə yetirməyə məcbur olacaq. Lakin ən real görünən məsələ “soyuq müharibə”nin bir müddət daha davam etməsi və nəticədə həm Gürcüstanın, həm də Aİ-nin strateji mövqelərinin zəifləməsidir.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət