Təbiəti yaz, könlümüzü saz dilləndirir
Elimizdə nə gözəl adətlər var. Dilimizdə nə gözəl deyimlər var; “Dağ yeri – duman yeri, yurd yeri – çəmən yeri” kimi. Çoxdandır həsrətilə yaşadığım o dumanlı dağların yaxasının yaz havası indi könlümün saz havasına qarışır. Dağların yaz havasına könlümdə söz göyərdirəm. Saçlarım şehlə, gözlərim mehlə görüşür. Şehli, mehli duyğuyla açılan bir gülə yaz deyirəm. Dağ yamaclarını qızardan dağ lalələri könlümdə köz-köz ocaq çatanda hər sözə xoş avaz deyirəm.
Dur, ay könlüm, qışdan salamat çıxdıq. Yaz soraqlı mart gəlib çatdı. Yaz qapımızın ağzındadır. Sən ki ilk baharın – bir təzə nərgizin, bir tər bənövşənin könüldaşısan.
Ay gözü xumarım, yazın sərin çağında, qönçələr gül budağında, narın-narın yağış yağır. Bu günlü yağışda üzümüzə Gün doğub, ay mənim ürəyimi duyanım. Mən niyə pünhan yerdə dayanım?!
Tanrının mürvəti, mehri nə böyükmüş! Bu gözəl səltənəti necə gözəl yaradıb. Görürsənmi, nərgizlər çöllər boyu açıb. Hələ bayatı boylu bənövşələri demirəm. Kol dibində onu görəndə ağrı- acılarımı unuduram. Əyilib bənövşə ətrini uduram. Öpüb gözlərim üstə qoyuram. Nə gözəlliyindən, nə də ətrindən doyuram.
Badam da yazın müjdəçisi kimi nazlana-nazlana çiçəkləyir göz qabağında. Çiçəklərin könlümlə can ülfətinə bir bax! Hər çiçəkdə min duyğunun rəngi var. İlk baharda qar yağanda çiçəklər ağ libaslı ana torpağın köksündə naxış-naxış görünür. Çöllərdə qar örtür ayaqların izini. Ulduz tək yağan qar mehlə sığallayır çiçəklərin gözünü. Çiçəklərin canında təlaş var, gözündə yaş var:
Qar yağır, düşür gecə,
Gülləri tutur yuxu...
Çiçəklər üşümür məncə,
Çünki bahardır, axı...
Yağışlı – çiskinli, güllü-çiçəkli yaz günlərində kənd uşaqlarının dövranı fərəhlə keçir. Haylı-küylü uşaqlıq illərimiz yada düşəndə ürəyim dara çəkilir. Nə gözəldi yaz axşamı, yanır göylərin ağ şamı. Ay nurunda qismətimiz yazılı, könlümüz bahar arzulu.
Titrəyən çiçəkləri dəstələyə-dəstələyə, ömrün yazına, baharına arıca-duruca nəğmələr bəstələyə-bəstələyə yeddidən yetmişə gəlib çatdıq. Ömür çiçəklər, nəğmələr içində fərəhlə keçər. Ötən ömrün xatirələri soraqlanar. Hər xatirə ömür kitabı kimi varaqlanar.
...İllər keçdi, qərinələr adladı. Yaz ətirli bir xatirə də yaddaşımda kök atdı. Həmin yaz günü illərlə yolunu gözlədiyimiz qardaşım əsgərlikdən gələndə kəndə şad xəbər yayıldı. Hamı gözaydınlığına gəldi. Nənəm qardaşımın üzündən, gözündən öpüb bağrına basdı. Qardaşımın ulduzlu papağını, yaxası nişanlı əsgər paltarını qoxladı. Oğlunun ətrini qardaşımdan aldıqca sevinci dağlar aşdı.
Həyətimizdə təzəcə çiçəkləmiş armud ağacının altında süfrə açılmışdı. Atam ağacdan asılmış quzunu soyurdu. Anam samovar qaynadıb cökə çiçəyindən çay dəmləyirdi. Aşıq Şəmistanın durnaboğazlı sazının pərdələrindən dalğa-dalğa süzülüb gələn “Aran gözəlləməsi”nin səsi samovarın xoş zümzüməsinə qarışmışdı. Həyətimiz çal-çağırlıydı, aynabənd eyvanımız çıraqbanıydı. Qardaşımın dövrəsində tay – tuşlarının iştirakı ilə görünməmiş bir büsat qurulmuşdu. Onda mən bir qoşa göyərçin qanadlarıtək qol-qanad açmışdım. Qardaşımın boy-buxununa baxıb öyünürdüm. Kaş, mən də Vətənin bir əsgəri olaydım, - deyə öz-özümə deyirdim.
Oğlu hərbdən qayıtmayan dərdli nənəm üçün o yaz gününəcən sevinc də, səadət də bir xəyal idi. Qardaşım əsgərlikdən gəldiyinə görə, nənəmin sevincinə sevinc çatmırdı. Çəpərimizin ot basmış yerlərində könüldən aralı, gözdən uzaq mor bənövşələrdən, qaymaq çiçəklərdən dəstə bağlayıb yaxasını süsən sünbül kimi bəzəmişdi. Elə bil ki, çəməndə ilahi bir çiçək açmışdı. Sazın səsindən qoca qəlbi cuşa gəlmişdi. Nənəm saçlarının bəyaz çağında öz havasına, saz havasına təzə gəlin kimi oynayırdı.
İllərdən bəri, gecəli-gündüzlü oğul yolu gözləyən, gecələr bircə çimir yuxu yatmayan nənəm o yaz gecəsində elə şirin yuxuya getdi ki... Nənəmin yuxusu çiçək yuxusu, yarpaq yuxusu, torpaq yuxusu idi.
Beləcə, bir yaz günü sevinc sevincə qarışdı. Könüllər xoşlandı. Sanki nənəm də öz həsrətinə qovuşdu.
...Aşıq, sözümün arasında sazın dursun. Elə bilmə ki, söz sona çatdı. Bəxt məni gətirib bu dağlara yetirib. Saz eşqinə, yaz eşqinə duyğularım yenicə qönçədən çıxıb. Sən “İncəgülü” üstündə sazı dilləndir, mən də ürəyimi misralara bölüm:
Gözəldağım, mən başına dönmüşəm
Bəlli-bəlli oylaqların eşqinə.
Yalçın-yalçın qayalardan enmişəm
Cığa telli irmaqların eşqinə.
Laləli düz, a köksündə qan duran,
Gəlmişəm ki, ayrılıqdan gen duram.
Meh əsdikcə yamacları yandıran
Al-qırmızı çıraqların eşqinə...
Qoy, eşitsin yer üzünün şahları,
Bir çiçəkdi dünyanın uşaqları,
Tutar sizi anaların ahları,
Qan tökməyin bayraqların eşqinə.
...Hə, bənövşə ətirli bu yaz günündə ruhunuza bahar ovqatı gətirməyə çalışdım. Ruhunuz həmişə yaz sovqatlı, bahar ovqatlı olsun. Bahar ovqatı bir könüldən min könülə ərməğan edilən sevgi sovqatdır.
Həzi HƏSƏNLİ,
şair-publisist

