İstilik dalğası Avropanı bürüdü

post-img

Portuqaliyada tarixin ən isti may günü qeydə alınıb: Mora şəhərində temperatur müsbət 40,3 dərəcəyə qədər yüksəlib. "BBC News" xəbər verir ki, bu, may ayı üçün yeni milli rekorddur və 2001-ci ildə qeydə alınmış 40 dərəcəlik əvvəlki maksimum göstəricini geridə qoyub.

Ekstremal isti dalğası eyni vaxtda Qərbi Avropanın bir neçə ölkəsini bürüyüb. Xüsusilə Fransa, İtaliya, İspaniya, Almaniya və İsveçrədə temperaturun mövsüm normalarını əhəmiyyətli dərəcədə üstələməsi ilə bağlı ağır vəziyyət yaranıb.

Fransada hökumət uzunmüddətli isti dalğalarına hazırlıq məqsədilə təcili iclaslar keçirir. Baş nazir Sebastyen Lekornü su təchizatının təmin edilməsi və meşə yanğınları ilə mübarizə də dahil olmaqla, görüləcək tədbirləri müzakirə etmək üçün nazirləri bir araya toplayıb.

Yaxın günlərdə Parisdə temperaturun 34 dərəcəyə çatacağı gözlənilir. Paytaxt rəhbərliyi artıq nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edib: şəhərdə sürət həddi azaldılır və yollara əsasən atmosferə buraxılan tullantı səviyyəsi aşağı olan avtomobillərin çıxmasına icazə verilir. Eyni zamanda, sakinlər üçün ictimai nəqliyyatda vahid güzəştli tarif tətbiq olunur.

Anomal isti hava artıq gündəlik həyata da ciddi təsir göstərir. Fransanın Land regionundakı ibtidai məktəblərdən biri otaqlarda temperaturun 53 dərəcəyə çatmasından sonra bağlanıb. Müəllimlər sinif otaqlarının həddindən artıq qızdığını, ventilyasiya sisteminin olmadığını və özləri ilə sərinkeş gətirmək məcburiyyətində qaldıqlarını bildirirlər.

Ekstremal şəraitə baxmayaraq, Fransada buraxılış imtahanları təxirə salınmayıb. Maarif naziri Eduar Jeffre təhsil müəssisələrinə ən sərin otaqlardan istifadə etməyi tövsiyə etsə də, imtahanların qrafikə uyğun davam edəcəyini bəyan edib.

Anomal isti idman yarışlarından da yan keçməyib. "Roland Garros" turnirində — Fransa Açıq Çempionatında dünyanın bir nömrəli raketka ustası Yannik Sinner elə matç zamanı qəfildən özünü pis hiss edib.

İtaliyada isə hakimiyyət orqanları temperaturun 32 dərəcəyə yaxınlaşacağı Romada isti hava ilə əlaqədar "qırmızı" təhlükə səviyyəsi elan ediblər. Sinoptiklər isti dalğasının ən azı həftəsonuna qədər davam edəcəyi barədə xəbərdarlıq edirlər.

Ekspertlər bu cür ekstremal hava hadisələrini getdikcə daha çox iqlim dəyişikliyi ilə əlaqələndirir və qeyd edirlər ki, Avropada rekord temperatur göstəriciləri artıq daha erkən — hələ yazın sonunda qeydə alınmağa başlayır.

S.ELAY

XQ

Dünya