Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olan dörd ölkənin lideri Ermənistanın birlikdən çıxmasını istəmir. "BelTA" agentliyinin məlumatına görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
"Biz hamımız bəyan etdik: Ermənistanın bizim Avrasiya İttifaqından çıxmasını istəmirik. Eyni zamanda, - bu, Vladimir Vladimiroviç Putinin çıxışındakı bəyanatıdır,- biz Ermənistanın seçiminə hörmətlə yanaşırıq. Mən də burada əlavə etdim: biz Ermənistan xalqının seçiminə hörmət edirik", - Lukaşenko qeyd edib. Bununla yanaşı, o əlavə edib ki, liderlər Ermənistan xalqının Avropa İttifaqına daxil olmaq seçimini də, əgər bu reallaşarsa, hörmətlə qarşılayırlar.
Rusiya, Belarus, Qırğızıstan və Qazaxıstan prezidentləri birgə bəyanatlarında bildiriblər ki, Ermənistanın Avropa İttifaqına üzv olmağa hazırlaşması Avrasiya İqtisadi İttifaqı üçün ciddi risklər yaradır. Ölkə başçıları Ermənistan hakimiyyətini Aİ-yə daxil olmaq və ya Aİİ-də üzvlüyünü saxlamaq barədə mümkün qədər tez bir zamanda referendum keçirməyə çağırıblar.
Prezidentlər Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasında Ermənistan tərəfindən Aİİ haqqında Müqavilənin fəaliyyətinin dayandırılmasının mümkün fəsadları barədə məruzə etmək qərarına gəliblər. İclasın 2026-cı ilin dekabrına planlaşdırıldığı qeyd olunub.
S.ELAY
XQ

