Ceff Bezosa məxsus "Blue Origin" şirkətinin raketi start meydançasında keçirilən sınaqlar zamanı partlayıb. "Associated Press" xəbər verir ki, hadisə yerli vaxtla cümə axşamı saat 21:00 radələrində (Bakı vaxtı ilə cümə günü saat 05:00-da) baş verib.
Partlayış qonşu evlərdə yeraltı təkanlara səbəb olub və göy üzünü qısa müddətə narıncı rəngə boyayıb. Hadisə anında buraxılış kompleksinin üzərində böyük alov kürəsi yüksəlib. "Blue Origin" şirkəti "X" sosial şəbəkəsində raketin sınağı zamanı "anomaliya baş verdiyini" bəyan edib. Şirkətdən həmçinin bildirilib ki, "New Glenn" raketi gələn həftəyə planlaşdırılan peyk buraxılışından əvvəl keçirilən mühərrik sınaqları zamanı partlayıb. ABŞ Hərbi Hava Qüvvələrinin Floridadakı Kanaveral burnunda yerləşən Kosmik Bazasının nümayəndələrinin verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
"Blue Origin" şirkətinin sahibi, milyarder Ceff Bezos bildirib: "Baş vermə səbəbi haqqında danışmaq hələ tezdir, lakin biz artıq bunun müəyyənləşdirilməsi üzərində işləyirik. Çox ağır gündür, lakin biz lazım olan hər şeyi bərpa edəcək və uçuşlara geri dönəcəyik. Buna dəyər".
Floridadakı Kanaveral burnunda yerləşən 36 nömrəli Start Kompleksi (LC-36) çimərlikdən rahatlıqla görünür, bu səbəbdən internet dərhal narıncı alov kürəsinin fotoşəkilləri ilə dolub. Qəza-xilasetmə briqadaları partlayışdan sonra bir saatdan çox hadisə yerində qalıblar. Rəsmi şəxslər tüstüdən və ya digər potensial amillərdən qaynaqlanan hər hansı bir təhlükənin olmadığını vurğulayıblar.
Şirkət bu payızda Aya eniş modulunun prototipinin Aya sınaq uçuşunu həyata keçirməyi planlaşdırırdı. Bu həftənin əvvəlində isə kosmik agentlik "Artemis" proqramı çərçivəsində yaxın bir neçə il ərzində iki Ay roverinin buraxılması üçün "Blue Origin" ilə yüzlərlə milyon dollar dəyərində müqavilə imzalamışdı.
Kosmik Qüvvələrin nümayəndələri əmin ediblər ki, bu partlayış digər start meydançalarından digər şirkətlərin həyata keçirəcəyi gələcək buraxılışlara təsir göstərməyəcək. Cümə günü axşam saatlarında "United Launch Alliance" şirkətinin "Atlas V" raketinin "Amazon Leo" peyklərinin növbəti partiyası ilə birlikdə start götürməsi planlaşdırılır — bu peykləri orbitə məhz partlayan həmin raket çıxarmalı idi.
Özü də dəfələrlə raket partlayışları ilə qarşılaşan "SpaceX" rəhbəri İlon Mask "X" platformasında "Blue Origin" şirkətinə müraciət ünvanlayıb: "Son dərəcə üzücüdür. Raketlər çətin bir sahədir". Milyarder komandanın baş verən hadisədən sonra tez bir zamanda bərpa olunacağına ümid etdiyini bildirib.
"Reuters" yazır ki, "Blue Origin" şirkəti "New Glenn" raketinin hazırlanmasına milyardlarla dollar və təxminən on il vaxt sərf edib. Bu raket "SpaceX" şirkətinin "Falcon" raket ailəsi və "Starship" gəmisi ilə rəqabət aparmaq üçün nəzərdə tutulub.
S.ELAY
XQ

