İran böhranı və Ermənistana isterik təsir

post-img

Hay başıpozuqların süni təlaş yaratmaq cəhdlərinə sözardı

İran–İsrail və ABŞ hərbi qarşıdurması fonunda Ermənistanda süni şəkildə isterik durum yaradanlar var və görünür, qarşıdurma aktivləşdikcə, bu cür niyyət güdən başıpozuqların “fəallıqları” artacaq. Üstəlik, ölkə parlament seçkiləri doğru gedir. Deməli, isterik fazanın ikiqat güclənəcəyini proqnozlaşdırmaq olar.

Başıpozuqlardan biri də Ermənistanın sabiq ombudsmanı, hazırda “Birlik qanadları” siyasi təşəbbüsünün lideri Arman Tatoyandır. O Tatoyan ki, dünən təhlükəsizlik məsələlərinə həsr olunmuş təcili mətbuat konfransı (?) keçirərək sərsəmləyib. Onun sərsəmləməsinin konkret nəyə kökləndiyinə diqqət yetirəcəyik. Hələlik isə iki məqamı vurğulayaq.

Birincisi, Tatoyanın “Birlik qanadları” təşəbbüsünə “Şant alyansı” partiyası, “Ayakve” milli-vətəndaş birliyi, “İrəli” hərəkatı və digər qurumlar qoşulub. Yeri gəlmişkən, sözügedən qurumlar Armeni, yəni təşəbbüsün liderini bu ilin yayında Ermənistanda keçiriləcək parlament seçkilərində baş nazirliyə namizədliyini irəli sürüblər. Deməli, Tatoyanın İranla müharibə fonunda aktivləşməsinin və anti-Azərbaycan tezislərini gücləndirməsinin səbəbi məlumdur. O, baş nazir Nikol Paşinyan administrasiyasına qarşı çıxan revanşist və şovinistlərin mərkəzi fiquruna çevrilmək iddiasındadır.

İkincisi, Tatoyan İran xüsusundakı isterik durumda, belə demək mümkünsə, Azərbaycan bağlılığı axtarmaq baxımından tək deyil. Əvvəlki yazılarımızın birində digər hay başıpozuqların ölkəmizin qlobal qarşıdurmadan sui-istifadə edərək, Ermənistanın suveren ərazilərinə hücum çəkəcəyinə, o cümlədən Süniki, yəni Zəngəzuru ələ keçirəcəyinə dair cəfəngiyyat tirajlamalarından söz açmışdıq. İndi bu mənada Tatoyanla yanaşı, önə çıxan daha bir şəxs var: “Güclü Ermənistan” Partiyası adlandırılan qurumun şura üzvü Narek Karapetyan.

N.Karapetyan deyib ki, İranda baş verən hadisələrdən dərs çıxarılmalıdır. O anlamda ki, müvəqqəti sülh sazişləri kifayət deyil, onların icrası naminə güclü təminatlar lazımdır. “Bizim sülhə nail olmaq üçün qarantlara ehtiyacımız var. İranın Qərblə çoxlu sazişləri olub, lakin qarantları olmadığı üçün bu gün Tehran regionun digər ölkələri və dünya gücləri tərəfindən başlanmış proseslərlə üz-üzədir. Biz bundan dərs çıxarmalıyıq: sülhə təkcə sazişlərlə nail olmaq olmaz, qarant lazımdır”, - deyən partiya funksionerinin onsuz da kövrək fazaya malik Azərbaycan–Ermənistan sülhünə xələl gətirmək niyyəti aşkardır. Əlsində, fikirlərini diqqətə çatdıracağımız A.Tatoyanın da məqsədi elə budur.

Deməli, tez-tələsik mətbuat konfransı keçirən A.Tatoyan, guya, cəmiyyətə vacib xəbər verirmiş kimi bildirib ki, Azərbaycan Ermənistan sərhədindən cəmi bir neçə metr məsafədə xüsusi sığınacaqlar inşa edib və sən demə, bu cür qurğular əvvəllər mövcud olmayıb. Söhbət Tatoyanın iddia etdiyi Geğarkunik istiqamətindəki qurğulardan gedir: “Avqustun 19-dək onlar genişmiqyaslı mühəndis-istehkam işləri aparıblar. Bunlar “kaponir” adlanan xüsusi sığınacaqlardır ki, hərbi texnika və tanklar üçün istifadə oluna bilər”.

Xəritədə haqqında söz açdığı əraziləri göstərən və isterikasını “əsaslandıran” Tatoyan, eyni zamanda, bildirib: “Bu, onların yoludur və həmin yolun bilavasitə yaxınlığında bu sığınacaqlar yerləşir. Ehtimal ki, bu sahə texnika üçün istifadə oluna bilər. Aydındır ki, görülən hazırlıq hücum xarakterli məqsədlər də daşıya bilər. Bu mövqelər bizim kəndləri birbaşa nəzarətdə saxlamağa imkan verir”.

Tatoyan onu da vurğulayıb ki, irəliləyiş və mühəndis-istehkam işləri təkcə Vardenis və Geğarkunik vilayətində deyil, həm də Vayotsdzor bölgəsində, xüsusilə Cermuk ərazisində aparılır. “Burada minaatan heyətləri üçün nəzərdə tutulmuş mövqelər, konkret döyüş postları var. Minaatanların, qumbaraatanların və digər iriçaplı silahların tətbiq oluna biləcəyi sahələr təkmilləşdirilib. Bu, artıq Cermukdur. Peyk görüntülərində görünür ki, avqustadək yeni istehkamlar qurulub, nəzarət genişləndirilib və Ermənistanın ərazisinə növbəti müdaxilə həyata keçirilib. Bu qurğular Cermukun bilavasitə yaxınlığında, 4 avqustadək sürətlə və tələsik qaydada inşa edilib. Bundan əlavə, Cermuk yaxınlığında – sərhəddən cəmi bir neçə metr aralıda daha iki mövqe var. Onlar təhlükəsizliyimiz üçün ciddi təhdid və risklər yaradır. Məntiqlidir ki, bütün bunlar müəyyən vəziyyətin inkişafı zamanı mümkün hərəkətlərə hazırlıq məqsədilə edilir”, - deyən Tatoyan söylədiklərinə ciddi fon vermək üçün var-gəl edib.

Birincisi, Tatoyanın dedikləri onun erməni cəmiyyətində mənasız təlaş formalaşdırmaq “əzmindən” qaynaqlanır. Hiss olunur ki, o da “İran böhranından istifadə edən Azərbaycanın Ermənistana təcavüzü” ritorikasını yayanların cəbhəsindədir və bu düşərgənin antisülh mahiyyəti göz önündədir. Nəzərə alaq ki, sözügedən düşərgənin, guya, Ermənistanın təhlükəsizlik təminatçısının İran olduğuna və Tehranın müharibə ilə zəifləyəcəyi təqdirdə, “Qərbin dəstəyinə arxalanan Azərbaycanın Ermənistana qarşı işğalçılıq niyyəti gerçəkləşdirəcəyinə” dair baxışı var. Yəni mahiyyət etibarilə, Tatoyan da, Karapetyan da, hətta digər sərsəmlər də eyni ağıldadırlar. Söhbət Ermənistan üçün Rusiya təhlükəsizliyi amilini qabardan ağıldan gedir...

İkincisi, tutalım Azərbaycan sərhədə yaxın ərazilərdə istehkam qurğuları inşa edir. Tatoyan fərqinə varmadan deyir ki, qurğular ötən ilin avqustundan tikilirdi. O zaman bu məxluq niyə həmin vaxt deyil, indi hay-şüvən qaldırır? Səbəb aydındır. O, İran müharibəsi üzərinə gediş edir və bu barədə söz açdıq.

Üçüncüsü, Azərbaycan sərhədə yaxın ərazilərdə istehkam quruculuğu işləri həyata keçirirsə, bu, ölkənin müstəsna hüququdur. Ermənistan da eyni tədbirləri öz tərəfində gerçəkləşdirə bilər. Hər halda, müharibə və ya eskalasiya hazırlığı tamam başqa cür olur. Görünür, Tatoyan uşaq vaxtı oynadığı “dava-dava” oyunlarının təsiri altındadır və çalışır ki, həmin təsirin doğurduğu psixoloji sarsıntı durumunu siyasətçi qiyafəsində bütövlükdə Ermənistan cəmiyyətinə yaysın.

Dördüncü bir məqam da var ki, əgər Azərbaycan müharibə və ya qarşıdurma hazırlığında olsaydı, bununla bağlı vay-şivəni rəsmi İrəvanın təmsilçiləri Tatoyandan və onun kimilərindən daha uca səslə, hətta bağırtı ilə dünyaya yayardırlar. Güman edirik ki, əlavə şərhə ehtiyac yoxdur. Hərçənd, parlament seçkilərinə doğru, həmçinin İran böhranı qaldıqca, Ermənistanda bu sayaq anti-sülh tezislərinin artacağını, hay cəmiyyətində mənasız təşviş yaratmaq meyillərinin güclənəcəyini proqnozlaşdırmaq mümkündür.

Ə.RÜSTƏMOV
XQ



Siyasət