“Qoca qitə”ni sağçılıq dalğası bürüyür

post-img

Bundan xilas yolu varmı?

Avropa yenidən tarixi yol ayrıcındadır. Qitədə sağ populizmin yüksəlişi artıq davamlı siyasi tendensiyaya çevrilib. Sosial narazılıq, miqrasiya böhranı və təhlükəsizlik qorxuları bu dalğanı daha da gücləndirir. Bir vaxtlar marjinal görünən ideyalar indi əsas siyasi diskursun mərkəzinə doğru irəliləyir. Belə bir sual yaranır ki, Avropa sağ qüvvələrə boyun əyəcək, yoxsa vəziyyətdən çıxış yolu tapa biləcəkmi?

Məlum olduğu kimi, ötən ay 23 yaşlı ifrat sağçı fəal Kventin Derank Lion şəhərində zorakı hücuma məruz qaldı və öldürüldü. Lion küçələrində səslənən şüarlar, nümayiş etdirilən nasist jestləri və irqçi ritorika təkcə Fransa cəmiyyətinin daxili gərginliyini əks etdirmirdi. Roma, Drezden, Zaqreb və digər şəhərlərdə təşkil olunan aksiyalar göstərdi ki, qitənin ifrat sağ spektri çoxdan sərhədləri aşan koordinasiya qabiliyyəti qazanıb. Başqa sözlə desək, illərlə sosial media platformalarında, qapalı “Telegram” kanallarında və ideoloji forumlarda səsləndirilən fikirlər açıq şəkildə nümayiş etdirilir. Bu günlərdə Vyanada çıxış edən avstriyalı ideoloq Martin Sellner bildirdi ki, Derankın ölümü ümumAvropa oyanışına çevrilməlidir. Onun mesajı siyasi strategiyanın bir növ etirafı kimi başa düşülə bilər. Nəzərə alınmalııır ki, parçalanmış milli qruplar artıq özlərini vahid mədəni-siyasi cəbhə kimi təqdim edir, bu cəbhənin ideoloji oxu milli kimliyin qorunması şüarı altında miqrasiya əleyhinə mövqe, multikulturalizmə qarşı çıxış və liberal-demokratik institutlara skeptik yanaşma üzərində qurulub.

Almaniyada fəaliyyət göstərən və təhlükəsizlik orqanlarının diqqətində olan millətçi nümayəndələrin Lion yürüşündə iştirakı təsadüfi deyildi. Bu mühitlə ideoloji yaxınlığı müzakirə olunan “Almaniya üçün Alternativ” partiyasının yüksəlişi təsdiqləyir ki, ifrat sağ artıq parlament tribunasında da mövqe qazanır. İtaliyada neofaşist köklərə malik “CasaPound” və “Lealtà Azione” kimi qrupların fəallığı, Fransada “Milli Birlik” partiyasının sosial bazasını genişləndirməsi bu dinamikanın qitə miqyasında sistemli xarakter aldığını göstərir. Əgər bir neçə il əvvəl Fransa parlament hesabatlarında bu əməkdaşlıq əsasən ideoloji mübadilə kimi qiymətləndirilirdisə, indi operativ əlaqələr anlayışı gündəmə gəlir. Qruplar bir-birinin təcrübəsini öyrənir, media strategiyalarını paylaşır, seçki kampaniyalarında dolayı və ya açıq dəstək mexanizmləri qururlar. Bəs, Avropa institutları bu transformasiyanı zamanında dərk edirmi?

Rəsmi statistikalar sağçı ekstremistlərin sayında artımın davam etdiyini göstərir. Lakin məsələ radikallaşmanın miqyası ilə yanaşı, legitimlik axtarışıdır. İfrat sağ artıq özünü sistem daxilində dəyişiklik vəd edən alternativ siyasi güc kimi təqdim edir. “Remiqrasiya” anlayışının siyasi diskursa daxil olması bunun bariz nümunəsidir. Ağ dərili miqrantların və onların nəsillərinin ölkədən çıxarılması ideyası bir vaxtlar marjinal hesab olunsa da, hazırda bəzi proqram sənədlərində açıq və ya örtülü formada yer alır. Berlində “Almaniya üçün Alternativ”, Britaniyada “Reform UK” partiyasının sərt deportasiya planları, Fransada “Milli Birliy”in konsepti göstərir ki, sağ diskurs mərkəzə doğru irəliləyir və bu normallaşma təhlükəsizlik arqumentləri ilə müşayiət olunur. Terror aktları, sosial gərginlik, iqtisadi qeyri-müəyyənlik miqrasiya əleyhinə ritorikanı qidalandırır. İfrat sağ isə qorxuları siyasi kapitala çevirir. Nəticədə insan haqları, azlıqların müdafiəsi və açıq cəmiyyət prinsipləri “elit layihə” kimi təqdim olunur və sosial narazılıqla üz-üzə qoyulur.

Təhlükəsizlik tədbirləri fiziki toplaşmaları məhdudlaşdırsa da, ideoloji mobilizasiya artıq rəqəmsal məkanda formalaşır. Sosial media fərdi hadisəni kollektiv kimlik travmasına çevirir. Bu narrativdə Derank konkret şəxs olmaqdan çıxır, “susdurulan vətənpərvər” obrazına çevrilir. Siyasətdə simvolların gücü çox zaman faktlardan daha təsirlidir və ifrat sağ bu mexanizmi ustalıqla işlədilir. Paradoks ondadır ki, bir tərəfdən radikal qruplara qarşı sərt nəzarət tədbirləri gücləndirilir, digər tərəfdən isə həmin ideologiyanın bəzi elementləri əsas axına sızır. Seçki rəqabətində üstünlük qazanmaq üçün mərkəz sağ partiyalar miqrasiya və təhlükəsizlik mövzusunda ritorikanı sərtləşdirir və bununla da ifrat sağın gündəmini legitimləşdirirlər. Yəni Avropa sağçılara tam təslim olmasa da, müqavimət də əvvəlki prinsipiallığını itirir. Liberal demokratiya özünü qorumaq naminə bəzən öz prinsiplərindən geri çəkilir və bu geri çəkilmə sağ diskursun genişlənməsinə şərait yaradır.

Digər tərəfdən, ifrat sağın yüksəlişi yalnız ideoloji çağırışlarla izah edilə bilməz. Sosial bərabərsizlik, regional inkişaf fərqləri, qlobal iqtisadi transformasiyanın yaratdığı qeyri-müəyyənlik geniş kütlələri radikal alternativlərə açıq edir. Struktur problemlər həll olunmadıqca, təhlükəsizlik tədbirləri simptomatik reaksiya olaraq qalacaq. Qarşıdan gələn seçkilər fonunda xarici təsir iddiaları və demokratik institutların zəifləməsi ilə bağlı narahatlıqlar göstərir ki, məsələ artıq geosiyasi rəqabət müstəvisindədir. Sağ populist qüvvələrin bir qismi açıq şəkildə Avropaya inteqrasiya modelini sual altına alır, milli suverenliyin prioritetliyini müdafiə edir. Bu isə qitədaxili həmrəyliyin zəifləməsi riskini artırır.

Qısa bir haşiyə çıxaq ki, Avropa ekstremizmin dağıdıcı nəticələrinə bələddir. Lakin tarixi yaddaş o qədər də güclü “immunitet” yaratmır. İdeologiyalar sosial zəmin tapdıqda yenidən dirçəlir. Ehtimal oluna bilər ki, “qoca qitə” sağın gündəmini siyasi mərkəzə yaxınlaşdıraraq təhlükəli tarazlıq oyunu oynayır. Qitənin gələcəyi isə bu çağırışa veriləcək cavabdan asılıdır. Tarixi yanaşma göstərir ki, ideologiyalar qadağalar əvəzinə daha güclü və daha ədalətli alternativlərlə məğlub edilir. Əks halda, hər lokal hadisə yeni bir simvola çevriləcək və Avropanın siyasi səmasında sağın kölgəsi daha da uzanacaq.

Züriyyə QARAYEVA,
politoloq

Fransada baş verən insident nəticəsində sağçı fəalın ölümü Avropada radikal sağ qrupların mobilizasiyası üçün simvolik hadisəyə çevrildi. Bu cür hadisələr adətən ideoloji narrativin qurulması üçün istifadə olunur, yəni hadisə lokal toqquşma kimi, “sağçıların təqib olunması” və ya “Avropa kimliyinin təhlükə altında olması” kimi təqdim edilir. Məhz buna görə də Almaniyada AfD ətrafındakı çevrələr, İtaliyada “CasaPound” kimi radikal sağ təşkilatlar və digər oxşar qruplar müxtəlif şəhərlərdə yürüşlər təşkil edərək hadisəni ümumAvropa siyasi mesajına çevirməyə çalışırlar. Bu tip aksiyalar həm də radikal sağ hərəkatların artıq ideoloji və kommunikasiya baxımından transmillətçi şəbəkələr qurmağa başladığını göstərir.

Digər tərəfdən, proses Avropada təhlükəsizlik və siyasi sabitlik baxımından müəyyən narahatlıqlar doğurur. Son illər miqrasiya, iqtisadi qeyri-müəyyənlik və Ukrayna müharibəsi kimi böhranların yaratdığı sosial gərginlik radikal sağ qüvvələr üçün münbit siyasi zəmin formalaşdırıb. Belə şəraitdə müxtəlif ölkələrdəki sağçı qrupların bir-biri ilə koordinasiyalı şəkildə çıxış etməsi onların ideoloji və təşkilati əlaqələrinin gücləndiyini göstərir. Bu isə Avropa siyasətində populist və radikal diskursun daha geniş yayılması riskini artırır və Avropa İttifaqı ölkələrinin daxili siyasi mühitində yeni qarşıdurma xətləri yarada bilər.

Nəzrin ELDARQIZI
XQ



Siyasət