Mingəçevirin şəhərsalma və memarlıq hədəfləri

post-img

“Şəhərsalma və Memarlıq İli”ndə qarşıda duran vəzifələrlə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyəti Heydər Əliyev Mərkəzində geniş müzakirə keçirib. Toplantı iştirakçıları əvvəlcə MDU-nun və təhsil müəssisələrinin memarlığa həsr edilmiş sərgisinə baxıblar.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Prezident İlham Əliyevin 2026-cı ili Azərbaycanda “Şəhərsalma və Memarlıq ili” elan etməsinin ölkəmizdə hərtərəfli yeniləşmə və tərəqqi prosesinə növbəti töhfə olduğunu, şəhərlərimizin simasına müasir çalarlar gətirəcəyini, tarixi memarlıq irsimizın qorunub inkişaf etdirilməsində mərhələ olacağını söyləyib. O bildirib ki, 2026-cı ildə “Dünya Şəhərsalma Forumu”nun Bakıda keçirilməsi Azərbaycanın qlobal urbanizasiya gündəliyinin formalaşmasında artıq fəal iştirakçı və etibarlı tərəfdaş kimi çıxış etdiyini təsdiqləyir.

Şəhər rəhbəri daha sonra qeyd edib ki, ölkəmizdə olduğu kimi, Mingəçevirdə də “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Prezident sərəncamından irəli gələn vəzifələri əhatə edən tədbirlər planı hazırlanıb uğurla həyata keçirilir. Şəhərdə il ərzində şəhərsalma və memarlıq mövzusunda müxtəlif konfranslar, forumlar, dəyirmi masalar, seminarlar, müsabiqələr, mədəni-kütləvi tədbirlər, ağacəkmə aksiyalarının keçirilməsi nəzərdə tutulur.

Toplantıda bildirilib ki, ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycanda şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edib. O illərdə ölkəmizin XX əsr şəhərlərindən olan Mingəçevir də böyüyüb, abadlaşıb, gözəlləşib. Şəhərdə böyük quruculuq işlərinin həyata keçirilib, Energetiklər yaşayış massivi salınıb, yeni təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrin tikilib istifadəyə verilib.

Ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyev də regionların sürətli inkişafı Dövlət proqramları çərçivəsində şəhərlərimizin problemlərinin həllində ciddi dönüşə nail olub. Ölkə rəhbəri Mingəçevir şəhərinin də hərtərəfli yeniləşməsini daim diqqət mərkəzində saxlayır. “Onun təşəbbüsü və rəhbərliyi ilə 1880 meqavat gücündə “8 Noyabr” Elektrik Stansiyası yaradılıb. Son illərdə Mingəçevirdə yeni müəssisələr, muzeylər, mədəniyyət mərkəzləri, ali və orta məktəblər, hotellər, sənaye müəssisələri tikilib istifadəyə verilib.

Müzakirələrdə çıxış edənlər yeni inkişaf mərhələsinə qədəm qoyan ölkənin müxtəlif bölgələrində, azad olunan ərazilərdə və Mingəçevirdə olan memarlıq abidələrinin qorunmasından, mühafizəsindən, icra olunan yeni layihələrdən danışıblar, “Şəhərsalma və Memarlıq İli”ni tarixi nailiyyətlərlə yaddaqalan etmək üçün qarşıda duran önəmli vəzifələrdən söz açıblar.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sosial həyat