Neftçaladakı ədəbi mühit rayonun bir hissəsi olduğu Muğan bölgəsinin ədəbi dəyərlərindən təsirlənib. Burada yaranan xalq yaradıcılığı nümunələrinin bir sıra özəllikləri var. Yazılı ədəbi örnəklərin yaranma tarixi XVI–XVII əsrlərə söykənir. XVIII əsrdə Aşıq Vəlican, Nişat Şirvani, XIX əsrdə Qasım Həsənoğlu, Yaqub Ədib, Mirzə Aslanoğlu, Məşədi Əmrah, el şairi Ağcaqız və başqa söz ustaları yazıb-yaradıblar.
Ana Kürün Xəzərə qovuşduğu məkanda fəaliyyət göstərən “Xəzər nəğmələri” ədəbi birliyinin 51 yaşı var. Birliyi 1975-ci ildə tanınmış şair Soltan Abbas yaradıb. Məclisin əsas məramı yerli şair və yazıçıları bir araya gətirmək, bölgədə ədəbi mühiti canlandırmaqdır. Bölgənin yazarları Kürün coşqun dalğalarına, Xəzərin əzəmətinə və oradan boylanan Günəşə qaynayıb-qarışan nəğmələrini qoşurlar.
Soltan Abbas rayonun Ballıcalı kəndində anadan olub, bal kimi şirin şeirləri ilə oxucu rəğbəti qazanıb. “Damcı”, “Mənə çox öyrəşmə”, “Tut ağacı”, “Yollar – ömür yolum”, “Həqiqətin ağzı daş saxlamaz”, “Rübailər”, “Qəzəllər” və digər əsərləri ədəbi tənqidin layiqli qiymətini alıb. Şair “Məmməd Araz” ali ədəbi mükafatına layiq görülüb. O, həm də birlik üzvlərinin ədəbi orqanlarda çıxışlarını, kitab və almanaxların çapını təşkil edib.
Ötən yay məclisin məşğələlərindən biri yenicə haqq dünyasına qovuşmuş söz ustadı Soltan Abbasa həsr olunmuşdu. İştirakçılar onunla bağlı xatirələrini bölüşüb, unudulmaz şairə həsr olunan şeirlər səsləndiriblər. Xatırladaq ki, 3 il əvvəl Soltan Abbasın 90 illik yubileyi rayonda təntənə ilə qeyd olunub. İcra başçısı Mirhəsən Seyidov, AYB Muğan bölməsinin sədri Nəbi İbrahimoğlu, rayon qəzetinin redaktoru Rüstəm Məlikov və başqaları şairin özünəməxsus yaradıcılıq yoluna nəzər salıblar.
Neftçaladan olan dəyərli ədəbiyyatşünas alim – filologiya elmləri doktoru, professor, Əməkdar müəllim İmamverdi Əbilov “Xəzər nəğmələri”nə sıx bağlı qələm sahiblərindən idi. Onun məsləhətləri, xeyir-duası çoxlarının yolunu işıqlandırıb. Rayonda yaşayırdı, amma ölkə boyda şöhrəti vardı. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Qabil, Zəlimxan Yaqub İmamverdi müəllimə şeirlər həsr ediblər. Akademik Bəkir Nəbiyev “El ağsaqqalı, elm fədaisi – İmamverdi Əbilov” adlı sanballı kitab yazıb.
Birliyin fəal üzvləri Zabil Pərviz, Müzəffər Məzahim, Zərxanım Ülvi, Fərhad Əzizbəyli, Elnur Uğur Abdiyev, Əlövsət Polad, Tarverdi Hüseynov, Gülqədəm Mirzəzadə, Məmməd Əbiloğlu, Şair Nazim və başqalarıdır. Burada əsərlərin ideya-məzmun xüsusiyyətləri ətrafında səmərəli müzakirələr və fikir mübadiləsi aparılır.
Hazırda “Xəzər nəğmələri”nə tanınmış şair-publisist Zabil Pərviz sədrlik edir. Neftçalaya həsr olunan bu misralar onundur:
Açıb dəli küləklərə qoynunu,
Əzəl gündən nəğməlisən, neylisən.
Mənim könlüm çöllərinin Məcnunu,
Sən mənimçün qarayanız Leylisən.
Bir vaxt Məmməd Araz gənc həmkarına yazmışdı: “Zabil Pərviz, Siz Zabul dəstgahlı, Pərviz cəsarətli ömür yaşayın”. O da ustad sözünə bacardığı qədər əməl etməkdədir. “Xəzər nəğmələri” ədəbi məclisi tez-tez yerli kitabxanalarda, xüsusilə Neftçala Rayon Mərkəzi Kitabxanasında görüşlər, kitab təqdimatları və poeziya gecələri keçirir. Ötən payız belə tədbirlərdən birində AYB-nin üzvü, poeziyada öz dəst-xətti ilə seçilən şair Təranə Dəmir qonaq olub. Birliyin üzvləri Böyükağa Məmmədov, Əlovsət Əliyev, Müzəffər Məzahim, “Gündoğar” qəzetinin redaktoru Bədirə Niftəliyeva və başqaları onun yaradıcılığını incələyiblər. Təranə xanım yeni şeirlərini səsləndirib və tədbir iştirakçılarına imzalı kitablarını bağışlayıb.
Məclisin üzvü – qələm dostumuz, Moskvada Dünya Ədəbiyyatı İnstitutunu bitirmiş Müzəffər Məzahim Neftçalada yaşayıb-yaradan ziyalılarımızdandır. Doğma yurda məhəbbətini poetik misralarında özünəməxsus tərzdə ifadə edir:
Ömür yolçusuyam, limanım sənsən,
Sevginlə qaynayır qanım, Neftçalam.
Yelkənli qayığam, ümmanım sənsən,
Sənə əmanətdir canım, Neftçalam...
Bu günlərdə “Xəzər nəğmələri”ndə böyük Azərbaycan şairi Əfzələddin Xaqaninin 900 illik yubileyinə həsr olunmuş maraqlı müzakirələr aparılıb. Xüsusi olaraq vurğulanıb ki, dünyada sənətkarların yaratdığı əsərlər qalacaq, söz qalacaq. Neftçala şairləri də bu amalla yazıb-yaradırlar. Qeyd edək ki, hazırda məclis üzvlərinin seçmə əsərlərindən əhatəli ədəbi antologiya hazırlanır.
Əli NƏCƏFXANLI
XQ

