4 ayda 13 layihə
Naxçıvan Muxtar Respublikasında Sahibkarlığın İnkişafı Fondu özəl sektora dövlət dəstəyi çərçivəsində cari ilin ilk 4 ayında 13 layihə maliyyələşdirib.
Muxtar respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, layihələrin maliyyələşdirilməsinə 284 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çox) vəsait sərf olunub.
Sözügedən dövrdə qaytarılan kreditlərin həcmi isə 2,3 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 42,8 faiz çox) olub.
Dəryalar dolu olsun!
Naxçıvan Muxtar Respublikasında cari ilin yaz mövsümü yağıntıların intensiv xarakter daşıması ilə müşayiət olunur. Xüsusilə aprel-may aylarında yağışlı günlərin sayının çox olması yeni mövsümə daha yaxşı hazırlaşmağa imkan verir. Bəs bu sahədə hazırlıqlar necə aparılır?
Muxtar respublikanın Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən (ASC) aldığımız məlumata görə, qədim diyarda 2024-cü ilin suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq ASC-nin tabe idarələri tərəfindən ilin əvvəlindən tərtib olunmuş təmir qrafikinə uyğun olaraq aprel ayı ərzində kollektorlarda, kanal və arxlarda lildən təmizlənmə işləri görülüb, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri davam etdirilib, su anbarlarına suyun yığılması həyata keçirilib. Belə ki, 2024-cü ilin aprel ayının sonunda su anbarlarında 248,83 milyon kubmetr su ehtiyatı mövcud olub. Su istifadəçilərinə aprel ayı ərzində 37,27 milyon kubmetr su verilib ki, bunun da müqabilində 30 min 31 hektar torpaq sahəsi suvarılıb.
Bununla yanaşı, bu ilin aprel ayı ərzində 3,88 kilometr seləqarşı istiqamətləndirici bənd tikilib, 34,04 kilometr beton və torpaq kanallar, 30,93 kilometr ara arxlar, 3,9 kilometr kollektor lildən təmizlənib, 3,95 kilometr içməli su, 0,04 kilometr suvarma boru, 0,13 kilometr kaptaj xətti çəkilib.
Bol yağıntı sularının mövcud su anbarlarında toplanılması isə bu il kənd təsərrüfatında gözləntiləri artırmaqla bərabər, subartezian quyuların və kəhrizlərin də su bolluğuna öz təsirini göstərəcək.
Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan