Ağdərənin ağ günləri

post-img

Bir vaxtlar görünməyən sonuna həsrətlə boylandığımız bu Vətən yolu indi azad və abaddır. Yeni salınmış, rahat asfaltla şütüyən avtomobilimiz bizi sürətlə həsrətimizin bitdiyi daha bir ünvana – Ağdərə rayonunun Suqovuşan qəsəbəsinə və bu torpaqların əzəli sahiblərinin yenidən məskən saldığı Talış kəndinə çatdırmağa tələsir. Goranboyun illər boyu erməni separatçıları qarşısında mərdi-mərdanə dayanmış qəhrəmanlar kəndi Tap Qaraqoyunluda qısa fasilə veririk. İncəçayın kəndin içindən keçən, ucalıq rəmzi çinarların kölgə saldığı qolunun sahilində dayanırıq. 

Sakinlərdən öyrənirik ki, yol qırağın­dakı bu çinarların əksəriyyətini ötən əsrin 50-ci illərində Tap Qaraqoyunlunun tanın­mış ziyalılarından olan həkim İsa Qurba­nov əkdirib. Əvvəllər demək olar hər gün təcavüzkar Ermənistan ordusunun bir­ləşmələri tərəfindən atəşə tutulan, Birin­ci Qarabağ müharibəsi zamanı çoxsaylı erməni hücumlarının qarşısını igidliklə al­mış Tap Qaraqoyunlu bu gün rahat nəfəs alır, məşhur qaraqoyunlular tayfalarının xələfləri olan sakinlər gündəlik məişət qayğıları ilə məşğul olurlar.

Çox ləngiməyib yolumuza davam edi­rik, mühafizə postunu keçib Talışa doğru irəliləyirik. Erməni separatçılarından tə­mizlənən bu torpaqların hər qarışı əziz olduğu, qürur, xoşbəxtlik duyğusu yarat­dığı qədər də qəribə kövrəklik bəxş edir, uğrunda sevə-sevə canını fəda edən qəhrəman oğullarımızın ruhları qarşılayır sanki insanı bu yerlərdə. Qeyri-iradi dili­mizdən dua və şükranlar süzülür...

Azad, “ağıllı” Talış

Bu da vaxtilə uğrunda amansız döyüş­lərin getdiyi, Şuşa polis batalyonunun tər­kibində həmin döyüşlərin iştirakçısı olmuş mərhum atamın gözəlliyini tərifləməkdən doymadığı həmin məşhur Talış kəndi.

Girişdə yoldan xeyli uzaqda qanlı sa­vaşların nişanəsi olan çoxdan vurulmuş hərbi texnika görünür. Erməni vəhşiliyinin qurbanına çevrilmiş, dağıdılmış evlərlə əhatələnmiş yeni Talış sanki toz içində çiçəyi xatırladır. Asfalt və özündə tarixi­liyi yaşadan daş döşənmiş küçələr boyu nizamla, səliqə ilə yeni evlər sıralanıb. Bir ildən artıqdır ki, 20 ailənin daimi məs­kunlaşdığı, işıqlarını yandırdığı, həyatın yenidən qayıtdığı bu evlər ümid verir, se­vindirir, yaxşı mənada heyrətləndirir. Çün­ki 2020-ci ildə Vətən müharibəsində qa­zandığımız tarixi zəfərimizdən keçən qısa müddətdə burada yaşayış üçün şəraitin ən gözəli yaradılıb. Tam mübaliğəsiz, Ta­lışdakı müasir dayanacaq bəlkə dünyanın inkişaf etmiş ölkələrinin çoxunda belə yox­dur. Yollar, inzibati binaların, yeni məktə­bin, uşaq bağçasının, tibb məntəqəsinin, el arasında deyilən kimi, xeyir-şər evinin əraziləri günəş panelləri ilə işıqlandırılır. Kənddə sakinlərin istirahəti üçün gözəl bir park da salınıb…

Talışın qonaq-qarası da çoxalıb. Kən­din ərazisini gəzdiyimiz zaman Ağdam sakinləri olan Məmmədovlar ailəsi ilə rastlaşdıq. Hazırda Quzanlı qəsəbəsin­də məskunlaşmış Ceyhun Məmmədov bizimlə söhbətində bildirdi ki, artıq üçün­cü dəfədir Talışa gəlir. Bu dəfə ailəsini də gətirib. İstəyir onlar da həm Talışın, Suqo­vuşanın gözəlliklərini görsünlər, həm də övladları rəşadətli ordumuzun qəhrəman­lıqlarının nəticələrinin şahidi olsunlar.

Xoş günlərə qovuşanlar

Talışın sakinləri xalqımızın qonaqpər­vərliyinin ən gözəl nümunəsini nümayiş etdirirlər. Bizi bura dəvət etmiş “Talışın Muğan əmisi”ndən (Birinci Qarabağ mü­haribəsi zamanı Talış kəndi uğrunda ağır döyüşlərin iştirakçısı olmuş, kəşfiyyatçı, qazi Muğan Kərim oğlu Hüseynov haqqın­da ayrıca yazacağam – M.R) tutmuş küçədə rastlaşdığımız hər kəs ac olub-ol­madığımızı soruşur, evinə yeməyə, çaya dəvət edir. Özü də təkcə bizi deyil, kəndə gələn bütün qonaqları. Böyük Qayıdışın ilk ünvanlarından olan Talışda sakinlərin həyatı, qayğıları ilə maraqlanmaq üçün evlərdən birinə qonaq oluruq. Ev sahibi Telman Məmmədov bizi həyətdə, arıları­na baxarkən qarşılayır. Üzrxahlıq edir ki, az qalıb, indi yekunlaşdırıram. “Xoşdur, tələsmə”,-deyirik. Arısı da özü kimi təzə­binədir, beçədir deyəsən. Telman deyir, belə olduğuna baxmayın, ötənilki balı o qədər təmiz idi, hər adam yeyə bilməzdi.

İşini bitirir, dördotaqlı, yarlı-yaraşıq­lı evinə keçirik. Söhbətimiz çay süfrəsi arxasında davam edir. Əvvəllər valideyn­ləri yaşayıb burada. 1992-ci ildə, Telma­nın bir yaşı olanda Talış ermənilər tərəfin­dən işğal edilib və onlar kəndi tərk etməyə məcbur olublar. 2023-cü ilin martında hə­yat yoldaşı, oğlu və qızı ilə bura ilk qa­yıdanlardandır. Hisslərini ifadə etməkdə çətinlik çəkdiyini deyir:

– Tərtərdə məskunlaşmışdıq. Validey­nlərim Talış haqqında o qədər danışmış­dılar ki, bu kənd artıq xəyallarımda canla­nırdı. Gələndə gördüm elə dedikləri qədər gözəldir. Ötən il Novruz bayramını burada keçirdik. Bizim üçün ən yaddaqalan bay­ram oldu.

Evdə yaradılmış şəraitdən çox razıdır Telman və ailəsi. Bildirir ki, dövlətimiz ya­şayış üçün hər şərait yaradıb. Ev mətbəx mebelinə, internetinə, çilçıraqlarına, hət­ta kondisionerinə qədər hər şeylə təmin edilib. Üstəlik, fərdi təsərrüfatla məşğul olmaq üçün dövlət tərəfindən dörd inək də verilib. İndi həm heyvandarlıq və arı­çılıqla, həm də həyətdə əkin-biçinlə məş­ğul olurlar. Üstəlik, özü də, həyat yoldaşı da Talış kənd orta məktəbində işlə təmin ediliblər:

– Ötən il keçirilən antiterror tədbirlə­rinə kimi erməni separatçıları Talış kəndi­nin yaxınlığında yerləşirdilər. Düzdür, elə əvvəldən, Tərtərdə yaşayandan onların atəşinə öyrəşmişdik, qorxmurduq. Ancaq Müzəffər Ali Baş Komandanımızın rəhbər­liyi ilə keçirilmiş antiterror tədbirlərindən sonra bütün torpaqlarımız düşmənlərdən təmizləndi, daha heç bir narahatlığımız qalmadı. Ona görə də, indi qalır zəhmətə qatlaşıb Talışda xoşbəxt yaşamaq. Bu gözəl günlər üçün möhtərəm Preziden­timizə, rəşadətli Ordumuza minnətdarıq! Allah şəhidlərimizə rəhmət eləsin!

Suqovuşan – arzulara qovuşduran məkan

Talışla yenidən görüşmək ümidi ilə sağollaşırıq. Yolumuz buraya çox da uzaq olmayan Suqovuşanadır. O Suqovuşana ki, erməni təcavüzkarlarından təmizlən­dikdən qısa müddət ərzində burada gö­rülən işlər, yaradılan şərait və təbii ki, öz əsrarəngiz mənzərələri ilə artıq Azərbay­canın yeni turizm istiqamətlərindən birinə çevrilməkdədir. Talışla arası çox yaxın olduğu üçün bir neçə dəqiqəyə Suqovu­şana çatırıq. Burada hər yerdə həyat qay­nayır. Qəsəbənin bir tərəfində su anbarı və su elektrik stansiyası fəaliyyət göstərir, gölün ətrafında yaradılmış gözəl parkda ziyarətçilər istirahət edir, bir tərəfi isə bö­yük tikinti meydançasını xatırladır. Böyük Qayıdış çərçivəsində Suqovuşana bu il ilk sakinlərin köçürülməsinə sürətlə hazırlıq gedir, yaşayış binalarının, fərdi yaşayış evlərinin, məktəbin, uşaq bağçasının, məscidin tikintisi aparılır. 

Suqovuşan parkında bizi Qarabağ Regional Turizm İdarəsinin baş mütəxəs­sisi Tariyel Məmmədli qarşılayır. Bildirir ki, işğaldan azad olunduqdan sonra qısa müddətdə parkın ərazisində idman zona­sı, söhbətgahlar, uşaq əyləncə mərkəzi yaradılıb, restoran fəaliyyət göstərir. Bura gələn qonaqların sayı isə gündən-günə artır. Ziyarətçilər arasında xarici turistlər də var. Onlar əsasən Naftalan sağlamlıq mərkəzlərinə müalicə üçün gələn əcnə­bilərdir. 

Karvanlar geri dönür

İşğaldan azad edilmiş bütün əraziləri­miz kimi, Talış və Suqovuşandan da ayrıl­maq, geri dönmək istəmirik. Sanki, bu tor­paqlarda adamı maqnit kimi özünə çəkən sehrli bir qüvvə var. Üstəlik, qalib ölkənin azad vətəndaşı, jurnalisti kimi Vətənimizin erməni işğalından azad olunan hər qarış torpağına səfər etməyin qürurunu yaşa­maq da bir başqa əvəzolunmaz hissdir. 

Geri gözəl təəssüratlarla dönürük. Bi­lirik ki, daha istədiyimiz vaxt gələ, ruhu­muzu dincəldə biləcəyimiz bu yerləri gəzə bilərik. Bir zamanlar məcburi köçkünlə­rin ümidsizcəsinə respublikamızın digər bölgələrinə üz tutmuş maşın karvanları bu gün həmin insanları geriyə, ata-ba­ba yurdlarına daşıyır. Bu dəfə həmişəlik, əbədilik! Getdikcə cənnətə çevrilən Qara­bağa və Şərqi Zəngəzura səfər etmək isə daha əlçatmaz arzu deyil!

Mahir RƏSULOĞLU,
yazıçı-jurnalist

Bakı–Ağdərə–Bakı

Sosial həyat