Ölkədə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini təmin edən, ixrac potensialının artırılmasına və kənd yerlərində rifahın yüksəldilməsinə töhfə verən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, habelə emalı sənayesinin formalaşdırılması sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən birini təşkil edir.
Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş müvafiq qərarlara uyğun olaraq kənd təsərrüfatının inkişafı məqsədilə çoxşaxəli dövlət dəstəyi sistemi qurularaq bu sahənin potensialının gücləndirilməsinə yönəldilən resursların həcmi getdikcə artır. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 2 milyard 115 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox) dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilməsi də bu fikrin bariz ifadəsidir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 2,7 faiz artaraq 165,8 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,5 faiz artaraq 1 milyard 950 milyon manat olub.
Cari ilin yanvar–aprel aylarında diri çəkidə 190,1 min ton ət, 701,9 min ton süd, 764,3 milyon ədəd yumurta, 1,9 min ton yun, 131,5 min ton tərəvəz və 50,9 min ton kartof istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,5 faiz, süd istehsalı 0,6 faiz, yumurta istehsalı 5,2 faiz, tərəvəz istehsalı 2,5 faiz, kartof istehsalı 1,1 faiz artıb.
Kənd təsərrüfatında müsbət göstəricilərin əldə edilməsinə Aqrar Kredit və İnkişaf Agentliyinin səmərəli fəaliyyəti öz təsirini göstərib. Belə ki, cari ilin yanvar–aprel ayları ərzində AKİA tərəfindən 4286 (ötən illə müqayisədə 2,1 dəfə çox) kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib. Bundan savayı, adıçəkilən mərkəzinin hesabatına görə, cari ilin ilk dörd ayında aqrar sektorda fəaliyyət göstərən 1060 fiziki və hüquqi şəxsə 20,7 milyon manat məbləğində güzəştli kredit verilib. Bunun 18,7 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 35 min manatı güzəştli kreditlər, 1,9 milyon manatı isə mikrokreditlər olub.
Bütün bu rəqəmlər hökumətin ölkədə ərzaq təhlükəsizliyini gerçəkləşdirən, ixrac potensialının daha da güclənməsinə, habelə kənd yerlərində əhalinin rifahının daha da yüksəlməsinə töhfə verən aqrar sektorun inkişafını diqqət mərkəzində saxlamasından xəbər verir. Davamlı inkişaf strategiyasına uyğun olaraq bu sahədə çoxşaxəli dövlət dəstəyi sisteminin qurulması, sözügedən sektorun potensialının reallaşdırılmasına yönəldilən resursların həcminin artırılması və nəticədə kənd təsərrüfatı məhsulları istehsalında dinamik artım əldə edilməsi aqrar sistemin gücləndirilməsinə dövlət qayğısının məntiqi nəticəsidir.
Onu da deyək ki, kənd təsərrüfatının inkişafında meliorasiya layihələrinin icrası da əhəmiyyətli rol oynayıb. Bu fikrin təsdiqi üçün xatırladaq ki, respublikada meliorasiya-irriqasiya sisteminin yenidən qurulması və təkmilləşdirilməsi üçün dövlət büdcəsi vəsaitləri hesabına son 10 il ərzində 390 min hektardan çox sahədə torpaqların su təminatı yaxşılaşdırılıb, 188 min hektar sahə yeni suvarılan torpaqlar qrupuna əlavə edilib. Həmçinin suvarılan sahələrdə müvafiq dövlət dəstəyi hesabına tətbiq olunan müasir suvarma sistemlərinin payı artıq 5 faizdən çox yüksəlib.
Xatirladaq ki, respublikada meliorasiya-irriqasiya sisteminin yenidən qurulması və təkmilləşdirilməsi bu gün də diqqət mərkəzində saxlanılır. Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərlinin “Ambisiyaların artılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu”nda bildirdiyinə görə, ölkədə 59 min hektarda pivot suvarma sistemləri qurulub. Eyni zamanda, irriqasiya sistemlərinin quraşdırılması üçün ayrılan subsidiyaların məbləğinin artırılmasına xüsusi diqqət yetirilib. Məsələn, son 5 ildə fermerlərin 38,2 min hektar ərazidə irriqasiya sistemlərini quraşdırmaları üçün 93,3 milyon manat subsidiya ayrılıb.
Yeri gəlmişkən, aqrar sektorda iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin yumşaldılması məqsədilə strategiya hazırlanıb. A.Cəfərlinin sözlərinə görə, kənd təsərrüfatı resurslarının idarə edilməsi baxımından mühüm önəm daşıyan bu strategiyada özəl-dövlət tərəfdaşlığı vasitəsilə aqrar sahənin iqlimə davamlılığını gücləndirmək qarşıya əsas vəzifə kimi qoyulub.
V.BAYRAMOV
XQ