ABŞ-ın məhşur ictimai xadimi, filantrop və dünya tarixinin ilk dollar milyarderi kimi ad çıxarmış Con Devis Rokfellerin belə bir sözü var: “Müvəffəqiyyətin və uğurun təminatı üçün inadkarlıq qədər mühüm şərt yoxdur”.
“Unutmayın ki, həyat bir imtahandır, sınaqdır”, – deyən Kanada əsilli amerikalı tanınmış natiq Brayan Treysi isə özünün böyük populyar motivasiya təlimlərində inadkarlığa bir qədər də geniş yanaşaraq bildirir ki, böyük uğur əldə etmək üçün əzm sınağından keçməlisiniz, ancaq bu test tez-tez sizi təəccübləndirir. Çətin vəziyyət istənilən vaxt dəyişə bilir, özü də buna inanmadığınız halda. Gözlənilməz çətinlik, məyusluq, gecikmə, uğursuzluq durumlarında özünüzə və ətrafınızdakı hər kəsə, əslində, “hansı materialdan hazırlandığınızı” göstərirsiniz. Hesab edirik ki, ölkəmiz müstəqillik illərində Rokfellerin, Treysinin, eləcə də digər şəxsiyyətlərin klassik baxışlarındakı əzm və inadkarlıq testindən ləyaqətlə çıxıb. Son iyirimi ilə yaxın müddətdə hərəkət və davranışları ilə bu testin bütün fəlsəfi anlamlarını özündə ehtiva edən xarakterin sahibi isə odur – Azərbaycan Prezidenti İlham Əliyev.
Ədalətin diktəsi və sülhün şərtləri
Dövlət başçısının ölkəmizin media orqanlarına müsahibələri də inadkarlığın və prinsipiallığın ənənəvi nümayiş platformasıdır. Azərbaycan cəmiyyəti bu platformada qətiyyətin və əzmin təntənəsini görməkdədir. Ayrıca onu da deyək ki, ölkəmizin rəhbəri, varlığına xas olan xarakterini sanki ənənələşdirib. Əslində isə onun xarakterindəki cəhətlər bütövlükdə xalqın, dövlətin və cəmiyyətin mahiyyətinə hakim kəsilmiş obraz qazanıb. Qətiyyətlə bildirmək mümkündür ki, bu obraz həm də qalib xalqın obrazıdır.
Bəli, cənab İlham Əliyevin Salyanda – dünya türkçülüyünün banisi Əli bəy Hüseynzadənin yurdunda Azərbaycan Televiziyasına müsahibəsindəki fikirləri ilə bir daha qalib xalqın obrazını nümayiş etdirdi. İllərlə çətinliklərə, məhrumiyyətlərə, sıxıntılara mətanətlə sinə gərərək, Zəfərinə qovuşmuş xalqın. Bu xalq artıq yaşadıqları ağrı-acıların hesabını sormalıdır, öz şərtlərini diktə etməlidir. Nəzərə alınmalıdır ki, Prezidentin diktəsi kimisə, indiki halda Ermənistanı və onun rəhbərliyini nə əzməkdir, nə də aşağılamaq. Bu diktə Tanrının İlahi ədalətidir. Ədalətin yaşadığımız Cənubi Qafqaz regionunda sülhün, əmin-amanlığın, barışın və dinc birgəyaşayış naminə olan diktəsi.
Azərbaycan xalqı böyük xalqdır. 44 günlük müharibədə qalib gəlməsinə, işğalçı Ermənistanı darmadağın etməsinə rəğmən ona əlini uzadır, ölkənin müharibənin nəticələrinə və o nəticələri doğurmuş yaramaz siyasət səbəbindən düşdüyü girdabdan çıxmasına kömək göstərmək istəyir. Prezidentin müsahibəsində toxunduğu ilk məqam da məhz budur. Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin hazırkı vəziyyətindən bəhs edən dövlətimizin başçısı vurğulayır: “Bildiyiniz kimi, danışıqlarla bağlı, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir. Biz bəri başdan bəyan etmişdik ki, məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında danışıqlar mümkündür və sülh müqaviləsi imzalana bilər”.
Erməni etirafı, reallığa aciz müqavimət
Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Bu liderlik dünya dövlətləri tərəfindən, tam mənada, qəbul edilir. Təsadüfi deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan da aprelin 18-də ölkə parlamentindəki çıxışı zamanı dolayısı ilə mövcud reallığa söykəndi. Beynəlxalq vəziyyətin Bakının daha artığına nail olmasına imkan yaratdığını deyən Paşinyan əlavə etdi: “Çünki Azərbaycan enerji və ya logistika kəsişməsinə çevrilib və onun həm Rusiya, həm də Qərb ölkələri üçün əhəmiyyəti artıb”.
Görünür, Nikol dövlətimizin başçısının “Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni müxtəlif dəyişikliklər olub” fikrinin həqiqətlə səsləşdiyinin fərqindədir. Hər halda, özünün qeyri-ciddi qarşılandığını bilməmiş deyil. Belə nəticəyə gəlmək olar ki, baş nazir bu ziqzaqların ölkəsi üçün növbəti fəlakət ssenarisi doğuracağını düşünür. Sadəcə, bunu, cənab İlham Əliyevin təbirincə desək, başqa variantın olmadığını başa düşməyən xəstə erməni cəmiyyəti var. O cəmiyyət ya anlamır, yaxud anlamaq istəmir ki, Paşinyan keçən ilin oktyabrında Praqa və Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən qəbul edib. Dövlətimizin başçısı müsahibəsində bu məqamı xüsusi vurğulamaqla da Ermənistan üçün sülhün qaçılmazlığı üzərinə gəlir. Sülhün qaçılmazlığındakı başlıca formul isə Qarabağın Azərbaycan ərazisi kimi rəsmən tanınmasıdır.
Qarabağ Azərbaycandır!
Prezidentin fikirlərinə diqqət yetirək. Diqqət yetirək və bilək ki, İrəvan nəyi artıq qəbul edib: “Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər – 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. O da nəyi göstərir? Onu göstərir ki, müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri sayılır. Beləliklə, bax, bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir. Çünki əgər “A” deyibsə “B” də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır”.
Ermənistan, heç bir halda, Qarabağ mövzusunu gündəmə gətirməməlidir. Çünki, “nəticə etibarilə bizə belə gəlir ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır”, – deyən Azərbaycan Prezidenti, əslində, həmin Alma-Ata Bəyannaməsinin erməni cəmiyyətindəki fərqli interpretasiya cəhdlərinin səmərəsizliyini vurğulamaqdadır.
Dövlətimizin başçısının fikirləri İrəvanın siyasi manipulyasiya cəhdlərinə meydan verilməyəcəyinin növbəti təsdiqidir. Deməli, aprelin 18-dəki məlum çıxışında Ermənistan və Azərbaycanın Sovet İttifaqında tərtib edilmiş xəritələrinin ölkələrin ərazi bütövlüyünün əsası kimi gələcək sülh müqaviləsinə əlavə olunmasının vacibliyini vurğulayan baş nazir Paşinyan “lakin burada ən çətin məsələ Dağlıq Qarabağdır” qənaətinə gəlməməlidir. Daha doğrusu, bütövlükdə, Ermənistan cəmiyyəti bu məntiqə söykənməməlidir. Nəzərə almalıdır ki, diktə edən tərəf kimi Azərbaycanın Alma-Ata Bəyannaməsinə baxışı Qarabağı müzakirə mövzusu kimi qəbul etməkdən tam və prinsipial şəkildə uzaqdır.
Həm də ona görə uzaqdır ki, Bakının bölgənin erməni əhalisi ilə bağlı öz yanaşması var. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır. Bu gün bizim hərəkətlərimiz onu göstərir və niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun”.
Bəli, Ermənistanın Azərbaycana qarşı, yumşaq desək, mənfi münasibətinə son qoymasının vaxtı çatıb. Əslində, o vaxt 2020-ci ildə çatmışdı. Sadəcə, ölkədəki şovinist və revanşist dairələr bunu anlamaq istəməmişdilər və demək olmaz ki, bu gün anlayırlar. Həmin dairələr ötən müddətdə xaricdəki havadarlarının, anti-Azərbaycançı qüvvələrin köməyilə 44 günlük müharibədən sonra Cənubi Qafqazda formalaşmış yeni reallıqlara, bir növ, demarş xətti götürmüş, müxtəlif “fəaliyyətlərə” baş vurmuşdular. Ermənistan hakimiyyəti isə onlara arxalanaraq təxribatlar törətmiş, elə zənn etmişdi ki, güc nümayişi ilə nəyəsə nail olmağı bacaracaq. Ancaq Prezident İlham Əliyevin də bildirdiyi kimi, bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə gördülər.
“Mən indi sadalamaq istəmirəm, bu iki il yarım ərzində bir çox önəmli hadisələr baş vermişdir, həm Azərbaycan–Ermənistan dövlət sərhədi istiqamətində, eyni zamanda, Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə. Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın”, – deyən dövlətimizin başçısının vurğuladığı bir məqamın üzərində xüsusi dayanmağa ehtiyac duyuruq.
Qarabağ ermənilərinin reinteqrasiyası və “təlxəklərin marşı”
Məlumdur ki, Azərbaycan dövləti Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı təkliflər irəli sürür. Onları Bakıya, vətəndaşı olduqları dövlətin paytaxtına dəvət edir. Danışıq üçün irəli sürülmüş mövzulardan görünən budur ki, ölkəmiz bölgənin gələcək inkişafında yerli əhalinin rolunu vurğulamaq niyyətindədir. Bu vurğulanma, heç şübhəsiz, layiqli həyat şəraiti baxımından təminat deməkdir.
Təəssüf ki, qarşı tərəf ölkəmizin mövcud istiqamətdəki təşəbbüslərini dəyərləndirmir. Nəzərə alaq ki, Qarabağdakı separatçı rejim İrəvanın əli ilə hərəkətə gətirilir. Cənab İlham Əliyev isə ötən müddətdə, ilk dəfə olaraq, separatçılar üçün də şans yaradır. Səsləndirdiyi fikirlərlə, faktiki surətdə, onları da reinteqrasiyaya dəvət edir. Heç şübhəsiz, bu, son dərəcə böyük, siyasi anlam daşıyan amnistiyadır.
Ancaq dövlətimizin başçısının söylədiklərinə adekvat reaksiyanın verilməsi önəmlidir. Axı, Azərbaycan Prezidentinin şəxsində, ölkəmiz separatçıları da Ermənistan rəhbərliyinin orbitindən çıxarmağa dəvət edir. Bəs, dəvət edilmişlər nəyi düşünməlidirlər? Hesab edirik ki, ölkəmizin rəhbəri müsahibəsində bunu da kifayət qədər açıq tekstlə vurğulayır: “Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya, bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə”.
Bəli, Qarabağdakı separatçı rejimin təmsilçiləri koçaryanların, sarkisyanların, ohanyanların və digər yanların acınacaqlı aqibətindən ciddi nəticə çıxarmalıdırlar. Azərbaycan xalqına qarşı törətdikləri qətliamlarla, soyqırımları ilə öyünənlərin düşdükləri rəzil durumu gözlərinin önündə canlandırmalıdırlar. Bilməlidirlər ki, hazırda Qarabağda separatçılıq fəaliyyətinə baş vurmaqla, özlərini “prezident”, “nazir” və sair bu kimi vəzifələrə ucaltmaqla, Azərbaycan cəmiyyətinin və dövlətinin gözündə cənab İlham Əliyevin vurğuladığı kimi, təlxəklər toplusu obrazındadırlar. Bu topludakılar “ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar”.
Dəfələrlə bildirmiş və yazmışıq ki, Ermənistan rəhbərliyi və Qarabağdakı separatçı rejim bölgənin erməni əhalisinin həyatını ağırlaşdırmaqla məşğuldur. Yəni, faktiki olaraq, Qarabağ erməniləri avantürizmin qurbanıdırlar. Hətta onu da vurğulamışıq ki, Ermənistan hakimiyyəti özünün ambisiyalarını reallaşdırmaq üçün onların fiziki cəhətdən məhvinə də hazırdır. Bu fikri söyləyərkən, çox da uzaq olmayan tarixə nəzər salmışıq. 1988-ci ildə ermənilərin azərbaycanlılara qarşı nifrətini körükləyən erməni millətçilərinin Sumqayıtda özlərinin dinc soydaşlarını qətlə yetirmələrini və sonradan bunu, guya, azərbaycanlıların törətdiklərini dünyaya car çəkmələrini xatırlamışıq.
Erməni xisləti və Sumqayıt “ssenarisi”
Hazırda dünya erməniliyi də Qarabağda bu sayaq qətliama gedə bilər. Tipik erməni xəstəliyinin daşıyıcılarının fikrincə, Qarabağ ya müstəqil dövlət olmalı, ya da ermənisizləşməlidir. Etnik təmizləmə və soyqırımı “məntiqlərini” işə salmaları da bu mənfur baxışdan qaynaqlanır. Hesab edirlər ki, bölgənin erməni əhalisinin fiziki cəhətdən yoxluğu Azərbaycana qarşı dünya miqyaslı əks-təbliğatın tərkib hissəsi ola bilər. Yəni, əgər Qarabağ müstəqillik qazanmırsa, onun, belə demək mümkünsə, niskili intiqam və qisas motivi kimi gələcəyə daşınmalıdır. Ortada bu qədər qəddar xislət və yanaşma var.
Azərbaycan isə çalışır ki, Qarabağda erməni əhalisi qalsın və yaşasın. Ölkəmiz bölgənin siyasi spekulyasiyaların predmetinə çevrilməməsini istəyir. Dövlətimizin başçısı da müsahibəsində özünün qətiyyətli və prinsipial yanaşması ilə qeyd etdiyimiz məqamlara yetərincə əhatəli aydınlıq gətirir: “Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. Ona görə mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı və müharibədən sonra. Lazım olarsa, bir də sübut edərik istənilən formada”.
“Bayraq mənliyimdir, bayraq kimliyim...”
Azərbaycanla Ermənistan arasındakı sülh kompleks səciyyə daşımalıdır. İrəvan ölkəmizə, xalqımıza münasibətdə tipik erməni xəstəliyinin təzahür formalarından əl çəkməlidir. Hazırkı məqamda biz bunun şahidi deyilik. Əksinə, görürük ki, Ermənistandakı bəzi qüvvələr düşmənçiliyi, barışmazlığı təlqin edirlər. Ən pisi isə budur ki, ölkənin rəsmi siyasəti bu “baxışlara” qarşı nəinki müqavimət göstərir, eyni zamanda, onların arxasınca sürünür. Elə təəssürat yaranır ki, Paşinyan administrasiyasi azərbaycanlılara nifrət ritorikasını göstərmək uğrunda ənənəvi şovinistlərlə, bir növ, rəqabətə girib.
Təsəvvür edin, Paşinyan hökumətinin 2022-ci il üçün proqramının icrasına dair hesabatında ermənilərin azərbaycanlılara qarşı bəslədikləri bütün qəzəb hisslərinin kağıza köçürüldüyü, bunların azərbaycanlıların ermənilərə nifrəti adı ilə rəsmiləşdirildiyi və beynəlxalq hüquq müstəvisinə daşındığı açıqlanır. Halbuki, ortada son günlərin çox böyük faktı var. Söhbət İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılmasından gedir.
Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadə özünün məhşur şerində bildirirdi ki, bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma öz hakimliyim. Azərbaycanın dövlət başçısının İrəvandakı məlum həqarət olayına münasibətindəki sərtlik də şairin diqqətə çatdırdığımız misralarının ruhundadır.
Baş vermiş hadisəni Ermənistan hakimiyyətinin növbəti çirkin əməli kimi qiymətləndirən cənab İlham Əliyev bunu söyləməyə əsas verən səbəblər üzərində dayanıb: “Birincisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksəksəviyyəli şəxsləri ilə birbaşa təmasdadır. İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırırlar. Guya, onu saxlayıblar, ondan bir neçə dəqiqə sonra buraxıblar. Orada bir şou düzəldiblər, onu alqışlarla qarşılayıblar və bu adama qarşı heç bir cəza tədbiri, heç cərimə də tətbiq olunmayıb. Yəni, bu, nəyi göstərir? Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir və buna heç bir reaksiya verilmir. Deməli, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əməlin müəllifidir”.
Bəli, bir qədər əvvəl də bildirdik ki, Ermənistan hakimiyyəti ölkədəki xəstə anti-Azərbaycan baxışlarının arxasınca sürünməkdədir və öz fəaliyyəti ilə həmin baxışların birbaşa sahibləri olan müxaliflərdən daha “irəli getdiyini” nümayiş etdirməyə çalışır. Paşinyanın komandası hesab edir ki, belə davranmasa, daxildə nüfuzdan düşəcək. Nəticə bunu deməyə əsas verir: sanki ölkədə daha pis erməni olmaq uğrunda yarış gedir və mövcud iqtidar heç kəsin özündən öndə olmasını istəmir.
“Azərbaycan Bayrağınıöz başları üzərində görə bilərlər”
Sonda bir daha vurğulayaq ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına aprelin 19-da verdiyi müsahibədə ölkəmizin Qarabağ əzmini, ərazi bütövlüyümüzün təminatına və toxunulmazlığına, mövcud istiqamətdəki əks meyillərə qarşı inadını bir daha sərt və qətiyyətli formada ortaya qoydu. Dövlətimizin başçısı fikirləri ilə Ermənistanla normallaşma prosesinin fundamental tərəflərini də vurğulamış oldu.
İndi Ermənistan hakimiyyəti və cəmiyyəti Azərbaycan liderinin söylədiklərini ciddi şəkildə təhlil etməlidir. Təhlil etməli və ölkəmizlə münasibətlərin gələcək trayektoriyasını düzgün şəkildə müəyyənləşdirməlidir. Çünki bu müəyyənləşdirmə Ermənistan adlı dövlətin gələcəkdə mövcud olub-olmayacağı ilə bağlı suallara da aydınlıq gətirəcəkdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, yaxşı fikirləşsinlər. Çünki “bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər”.
Əvəz CAHANGİROĞLU, “Xalq qəzeti”

