Ağstafanın Mərkəzi bazarında vəziyyət yenidən nəzarətə götürüldü

post-img

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov növbəti dəfə rayonun Mərkəzi bazarına baş çəkib. RİH başçısı aidiyyəti üzrə məsul şəxslərlə birlikdə bazarda mövcud şəraiti yerindəcə qiymətləndirib, həm satıcıların, həm də alıcıların fikirlərini dinləyib.

Səhər saatlarından fəaliyyət göstərən bazarda Orucov həm məhsul bolluğunu, həm də ticarət mühitinin ümumi durumunu araşdırıb. O, satıcılarla söhbətlər zamanı onların fəaliyyət şərtləri, ticarət yerlərinin səliqə-sahmanı və gigiyenik vəziyyəti barədə məlumat alıb. Alıcılarla keçirilən söhbətlər isə göstərilən xidmətlərin keyfiyyəti və qiymətlərin əlçatanlığı ilə bağlı rəyləri öyrənmək məqsədi daşıyıb.

Bazarın ərazisində aparılan baxış zamanı bir sıra çatışmazlıqlar da üzə çıxıb. Mövcud sanitar-gigiyenik vəziyyət, satış yerlərinin təşkilindəki bəzi nöqsanlar və xidmət səviyyəsində müşahidə olunan problemlər RİH başçısının diqqətindən yayınmayıb. Seymur Orucov aşkar olunan məsələlərlə bağlı məsul şəxslərə nəzarət qaydasında tapşırıqlar verib, vəziyyətin qısa müddətdə yaxşılaşdırılması üçün müvafiq tövsiyələrini çatdırıb.

Görüşün sonunda bazarın rahat və səliqəli olması üçün görüləcək işlər bir daha müzakirə edilib. “Bazarda nə var, nə yox?” sualının cavabı  isə bundan sonra daha ciddi şəkildə, müntəzəm araşdırılacaq.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Ağstafa şəhəri





















Sosial həyat