Dünən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli “Xalq qəzeti”nin növbəti yüksək titullu ziyalı qonağı oldu.
Azərbaycan elminin rəhbərini, görkəmli ədəbiyyatşünas akademiki, eləcə də qəzetimizin yarım əsrlik müəllifini salamlayan baş redaktor Əflatun Amaşov bildirdi ki, bu il 105 yaşı tamam olan, ötən dövrdə milli və avanqard mətbu nəşr statusu qazanmış “Xalq qəzeti” 1 əsrdən artıq müddətdə həmişə ölkə alimləri və elmi qurumlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərib. Qəzet milli elmin inkişafına, uğurlarına informasiya dəstəyi verdiyi kimi, alimlərimiz də redaksiyanın elmi-maarifçilik missiyasının kütləviləşməsində fəal iştirak ediblər.
Qəzet rəhbəri qeyd etdi ki, son vaxtlar 2 qurum arasında çoxillik əməkdaşlıq daha səmərəli və rəngarəng formalarda davam etdirilir. Azərbaycançılıq ideologiyasının dövlətçiliyimizin möhkəmləndirilməsi, ümummilli prioritetlərin gerçəkləşdirilməsi prosesi ilə üzvi surətdə qovuşmasında AMEA rəhbərliyi, elmi qurumlar, bütövlükdə, elmi ictimaiyyət öz nüfuzlu sözünü “Xalq qəzeti”ndə daha geniş ifadə edir. Son dövrdə qəzetdə davamlı yer tutan “Qərbi Azərbaycan”, “Güney Azərbaycan”, “Turan dünyası” kimi səhifələrin hazırlanmasında, milli ideya anlayışının geniş açılımında, ümummilli hədəflərin və tarixi nailiyyətlərin elmi baxımdan araşdırılmasında və publisistik təqdimatında alimlərimiz redaksiyaya gərəkli yaradıcılıq dəstəyi göstərir.
AMEA prezidenti İsa Həbibbəyli söylədi ki, yarım əsr əvvəl redaksiyanın keçirdiyi yaradıcılıq müsabiqəsində “Arpa çayı daşa bilməz” yazısının çap edilərək 3-cü yer tutmasının gənc alim olaraq onu qəzetlə əməkdaşlığa həvəsləndirib və müəlliflərdən birinə çevirib. Akademik redaksiyada məsul işə dəvət edildiyini də məmnunluqla xatırlayaraq dedi ki, elmə dərin bağlılığı bu təklifi qəbul etməyə imkan verməsə də, o, həmişə özünü bu qəzetin yazarı hesab edib, kollektivlə daimi əlaqə saxlayıb.
Akademiya rəhbəri daha sonra son vaxtlar “Xalq qəzeti”nin forma və məzmun baxımından xeyli yeniləşdiyini, ictimai-siyasi nəşrlər arasında təşəbbüskar yaradıcılığı ilə seçildiyini vurğuladı. O qeyd etdi ki, qəzet səhifələrində ümumi, mücərrəd təbliğatçılığın konkret, əməli təşviqediciliklə əvəzlənməsi ictimai rəyə təsiri də çevikləşdirib. “Xalq qəzeti”nin azad media prinsiplərinə, jurnalist peşəkarlığına əsaslanan demokratik ruhu ziyalı dairələrində rəğbətlə qarşılanır, qocaman nəşrin milli öncül media məktəbi kimi nüfuzunu yüksəldir.
Görüşdə bu il “Xalq qəzeti”nin 105 illik, gələn il isə milli akademiyanın 80 illik yubileylərinin faydalı əməkdaşlıq üçün əlavə mövzular verməsinə də diqqət yetirildi. Akademiyada davam etdirilən islahatların və qəzetdə gedən yeniləşmənin qarşılıqlı surətdə dəstəklənməsi ilə bağlı faydalı müzakirə aparıldı. Yekun olaraq bildirildi ki, AMEA və “Xalq qəzeti”nin bir-birinin imkan və dəstəyindən qədərincə yararlanması ölkənin intellektual və informativ sferalarına yeni zənginlik gətirəcək.
Sonda akademik İsa Həbibbəyli onun rəhbərliyi ilə AMEA-nın nəşr etdiyi “Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyini və digər fundamental nəşrlərin nüsxələrini redaksiyanın kitabxanasına hədiyyə etdi.
Tahir AYDINOĞLU
XQ