Bahəddin Xəlilov – 75
Bahəddin müəllimlə uzun illər bir-birini görməyən köhnə dostlar kimi görüşüb hal-əhval tutduq. Səmimiliyi, mehribanlığı, bir qədər də az danışması, qarşısındakını daha çox dinləməyə üstünlük verməsi elə əvvəlki kimi qalıb – heç dəyişməyib.
Aqrar Universitetin, yəni Bahəddin müəllimin iş yerinin yanındakı “Xan Bağı”nda bir-iki stəkan pürrəngi çay içib söhbət edir, ötən günləri yada salırıq...
İxtisasca memar olan Bahəddin Xəlilov 15 ildir ki, Aqrar Universitetdə çalışır. Əvvəlcə akademiyanın memarlıq və texniki qrafika kafedrasında baş müəllim işləyib. Sonra kafedranın baş müəllimi, daha sonra on il həmin kafedraya başçılıq edib. Amma mən onu 1975–1976-cı illərdən, Azərbaycan Dövlət Layihə İnstitutunun Gəncə filialında memar işləyəndən tanıyıram. O vaxtlar tez-tez görüşürdük. Gəncənin baş meydanındakı İnzibati Binanın üçüncü mərtəbəsində çalışdığım şəhər qəzetinin redaksiyası, beşinci mərtəbədə isə institutun filialı yerləşirdi və daha çox pilləkəndə rastlaşırdıq. Salamlaşar, hal-əhval tutardıq.
Amma sonralar eşitdim ki, Bahəddin Xəlilov ulu öndər Heydər Əliyevin təşəbbüsü və köməyi ilə Gəncədə tikilib istifadəyə verilən və tezliklə şöhrəti keçmiş İttifaqın hər yerinə yayılan Çörək-Qənnadı fabrikinə konstruktor şöbəsinin rəisi vəzifəsinə dəvət olunub. Xatırlayırsınızsa, o zamanlar bu fabrikin istehsal etdiyi qənnadı məhsullarına ölkədə böyük tələbat vardı. Xüsusilə “Çinar” şokaladlarının şöhrəti hər yerə yayılmışdı. Həmin şirniyyatın nəfis tərtibatlı qutularını bir anlığa yadınıza salın. Bax, onun müəllifi Bahəddin Xəlilov idi. Yaxud yağlı boya ilə işlədiyi Məhsəti Gəncəvi dünyasını tərənnüm edən iki rəsm əsəri bu gün də öz orijinallığına və ideyasına görə sayılıb –seçilir və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Eyni qiymət Mirzə Şəfi Vazeh obrazını yağlı boya ilə kətan üzərində işləyib onun Gəncədə yaradılmış muzeyinə bağışladığı əsərə də verilib.
Amma onu istehsalatdan, müxtəlif əsərlər yaratmaqdan daha çox pedaqoji sahə daha çox cəlb edirdi və ən böyük arzusu əldə etdiyi təcrübəni gələcəyin mütəxəssisləri ilə bölüşmək idi. Buna görə də onu bu sahəyə dəvət edərkən tərəddüd etmədən razılıq verdi və 20 ildən çox Gəncə Baza İnşaat Texnikumunda işlədi və 2009-cu ildən isə Azərbaycan Dövlət Aqrar Universitetində çalışır. Hazırda isə memarlıq və dizayn kafedrasınınnın professorudur və tələbələrinə peşənin sirlərini öyrədir.
1949-cu il mayın 5-də Gürcüstan Respublikasının Borçalı mahalının Faxralı kəndində anadan olan Bahəddin Xəlilovun elmi fəaliyyəti çoxşaxəlidir, təkcə bir sahəni əhatə etmir. O, hələ gənc yaşlarında Azərbaycan SSR və keçmiş SSRİ-nin Memarlar İttifaqına üzv qəbul olunub. Bahəddin müəllimin rəhbərliyi altında tələbələr gözəl sənət əsərləri yaradaraq Bakı və Gəncədə keçirilən sərgilərdə dəfələrlə iştirak etmiş, fəxri fərmanlara və diplomlara layiq görülmüşlər.
2012-ci ilin noyabrında Milli Elmlər Akademiyasında memarların müsabiqəsində iştirak edərək Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasına müxbir üzvü seçilib. Elə həmin il ADAU Elmi Şurasının qərarı ilə B.Xəlilova ADAU-nun dosenti adı verilib. 2018-ci ildən isə Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın qərarı ilə “Dizayn” kafedrası üzrə professor olub.
Onun elmi rəhbərliyi ilə bakalavr pilləsində təhsil alan çox sayda tələbə buraxılış işləri yazmış və müvəffəqiyyətlə müdafiə etmişdir. Kafedra müdiri işlədiyi müddətdə tədris etdiyi fənnin tələbələr tərəfindən mənimsənilməsini asanlaşdırmaq üçün bir sıra maraqlı ideyalar irəli sürmüş və onun tətbiqinə nail olmuşdur ki, bu gün də həmin üsullardan istifadə edilir. Bakalavriat səviyyəsi üzrə “Rəsm”, “Layihələndirmə”, “Maketləşmə”, magistratura səviyyəsi üzrə “Dizaynın fəaliyyət sahələri”, “Dizayn və informasiya”, “Dizayn və incəsənət” və digər fənləri tədris edən Bahəddin Xəlilov “Memarlıq konstruksiyaları”, “Layihə qrafikası və rəngli kompozisiya” dərsliklərinin, “Dizayn tarixi” dərs vəsaitlərinin həmmüəllifi, “Rəsm” dərs vəsaitinin müəllifidir. Müəllifi və həmmüəllifi olduğu “Müasir şəhərsalmada landşaft formaların seçilməsi”, “Təbii iqlim şəraitinin yaşayış binalarının quruluşuna təsiri”, “Gəncə memarlığının tarixi inkişaf mərhələləri”, “Qədim dövrün dini və xatirə tikililəri”, “Qarabağda memarlıq abidələri”, “Abşeron məscidləri”, “Azərbaycan dulusçuluq sənətinin formalaşması”, “Ornamentin yaranma tarixi və analizi”, “Həndəsi motivlərin tematikası”, “Məlumatların loqotip və etiketlərinin müasir tendensiyaları”, “Yeni şəhərsalma konsepsiyaları” ,“Azərbaycan tikililəri” və başqa elmi məqalələri respublikamızın və dünyanın bir çox ölkələrinin elmi ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır. Gərgin intellektual əmək sərf edərək hazırlamış olduğu “Qrafik dizayn”, “Kompozisiya, layihə qrafikası və şriftin əsasları”, “Layihələndirmə”, “Mühit dizaynının əsasları”, “Aqrar sahənin qrafikası”, “Rəsm”, “Maketləşdirmə”, “Dizayn və reklam”, “Tədqiqat üsulları” fənn proqramları, “Landşaft memarlığının əsasları”, “Memarlıq ixtisası tələbələri üçün buraxılış işinin yerinə yetirilməsi” adlı metodik vəsaitləri bu gün uğurla tədris və tətbiq olunur.
Professor Xəlilov ADAU-nun ictimai-siyasi həyatında da yaxından iştirak edir. Universitetin rəhbərliyi və iş yoldaşları arasında böyük hörmət qazanıb. Siyasi tədbirlərdə fəal və hazırlıqlıdır. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Bahəddin Xəlilov Gəncə şəhərində qorunan qədim binaların bərpasının layihələrini işləmiş, onların tarixi görünüşünün saxlanması üçün 100-dən artıq layihəni Gəncə Şəhər İcra Hakimiyyətinə vermişdir. Həmin memarlıq inciləri arasında Bahəddin Xəlilovun ulu həmkarı və adaşı Şeyx Bəhəddinin 1606-ci ildə inşasını başa çatdırdığı Gəncə Cümə məscidi və ətrafındakı meydanın memarlıq ansamblı da var.
Bahəddin müəllim, demək olar ki, bütün həyatını Gəncə şəhəri ilə bağlamışdır. Onun hazırladığı kompozisiyaları, quruluşları, dizaynları şəhərin müxtəlif yerlərində, tarixi abidələrdə, binalarda görmək mümkündür. Hələ inşaat texnikumunda işləyərkən XVIII əsr və XX əsrin əvvəllərində Gəncədə yaşayış binaları” mövzusu üzərində gərgin iş aparmış və tezliklə istədiyinə nail olmuşdur. O, bu illərdə qədim şəhərin küçə və meydanlarını qarış-qarış gəzərək köhnə yaşayış binalarının tarixini, onları inşa edən, layihəsini verən şəxslərin həyatını diqqətlə öyrənmiş, yadigar binaların hansı üslubda tikilməsini sənətkar gözü ilə araşdırmağa həvəs göstərmişdir. Məhz o illərdə “Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü” diplomuna layiq görülmüş B.Xəlilov deyir ki, hələ layihə institutunda fəaliyyət göstərdiyim dövrlərdə Gəncənin abadlaşdırılmasında, Mahrasa bağı yaşayış sahəsi layihəsinin işlənməsində, onun bütün sahələrinin planlaşdırılmasında yaxından iştirak etmişəm.
...Bahəddin müəllim təvazökar insandır. Yuxarıda qeyd etdiyim kimi, özü haqqında danışmağı sevmir. Bu ilıq may günündə təsadüfən öyrəndim ki, ömrünün 75-ci baharını yola salır. Mayın 5-də 75 yaşını da yaxın çevrəsində qeyd edib. Heç iki kəlmə xoş söz yazmaq barədə fikrimi də dəstəkləmədi, “nə etmişəmsə, peşəmə olan məhəbbətimdən yaranıb bütün bunlar”– dedi. Sonra da əlavə etdi ki, yaşımın bu ahıl vədəsində tələbələrimin mənə dikilmiş mehriban gözlərinə baxarkən ruhum dincəlir. Mənə ruh verən, yaşadan budur, başqa heç nə!
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Gəncə