Düz beş il əvvəl, 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə milli iradənin, beynəlxalq hüququn və tarixi ədalətin səsini birləşdirərək torpaqlarımızı işğaldan azad etdi. Bu zəfər, bu hərbi qələbə həm də Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildən qüvvədə olan, lakin icra edilməyən dörd qətnaməsinin hüquqi əsasda həyata keçməsi idi. Başqasözlə, Azərbaycan öz suverenliyini beynəlxalq hüquq çərçivəsində bərpa etdi. Hansı ki, bu, hər bir dövlətin ənali qanuni haqqıdır. Yəni biz zorla deyil, haqla qalibgəldik.
Qələbə bir xalqın öz tarixini yazması, taleyini müəyyən etməsidir. 44 günlük şanlı müharibə və Zəfər Günü bizə göstərdi ki, azadlıq kağız üzərində deyil, xalqın ruhunda yaşamalıdır. Odur ki, bu gün Qarabağ üzərində dalğalanan üçrəngli bayrağımız təkcə torpağın deyil, milli ləyaqətin, birliyin və əzmin təntənəsidir.
İllərboyu işğal altında yağmalanan kəndlər, viranqoyulmuş şəhərlər, təhqir edilmiş məscidlər indi yenidən canlanır, yenidən doğulur. Bu torpaqlarda tikilən hər ev, çəkilən hər yol, əkilən hər ağac Zəfərin məntiqi davamıdır.
Biz Zəfərə təkcə hərbi və siyasi kontekstdə baxmamalıyıq. Bu, eyni zamanda, konstitusion vəhumanitar ədalətin bərpa olunmasıdır. Hazırda Azərbaycan dövləti də beynəlxalq hüquq normalarına əsaslanaraq vaxtilə o torpaqlardan, öz yurdlarından zorla çıxarılan, qaçqın və məcburi köçkün həyatına məhkum edilən insanların ləyaqətli geridönüşünü mərhələli şəkildə təmin edir. Bu isə yuxarıda da qeyd etdiyim kimi, zülmün və həsrətin bitməsi, vətəndaşların konstitusion hüquqlarının bərpası deməkdir.
8 Noyabr – Zəfər Günü, hüquqi terminlərlə desək, dövlətin ərazi bütövlüyü prinsipinin de-fakto vəde-yure bərpası günüdür. Çünki beynəlxalq hüquqda ərazi bütövlüyü mütləq prinsip sayılır və bu prinsipin qorunması dövlətin varlığının əsas şərtidir. Azərbaycan bu prinsipi məhz öz ordusunun gücü, xalqının iradəsi və beynəlxalq qanuni tələblər çərçivəsində həyata keçirdi.Odur ki, bu zəfərlə Azərbaycan hüquq tarixində nadir birnümunə yaratdı:
- ədalətsiz vəziyyəti sülh və qanun prinsiplərinə əsaslanaraq dəyişdirdi;
- suverenlik hüququnu hüquqi legitimliklə təsdiqlədi;
-beynəlxalq münasibətlər sistemində müasir hüquq dövlətinin mövqeyini möhkəmləndirdi.
Bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Zəfərbizə yalnız qürur deyil, məsuliyyət də verir. Qarabağ vəŞərqi Zəngəzur indi sadəcə bir bölgə deyil, yenidən qurulan, dirçələn, gələcəyə fokuslanan Azərbaycanın simvoludur. Orada salınan və salınacaq yeni şəhərlər, məktəblər, mədəniyyət mərkəzləri, yollar və hava limanları milli dirçəlişin hüquqi, iqtisadi, sosial vəmənəvi təcəssümüdür.
O da sirr deyil ki, bu qələbə bir xalq olaraq bizi daha da birləşdirdi. Artıq hər bir azərbaycanlı bilir ki, Vətən, onun suverenliyi, hər bir qarış torpağı milli birliklə, milli iradə ilə qorunur. 8 Noyabr – Zəfər Gününün kökündə də məhz bir millətin əzmi dayanır. Bu tarxi gün həm də Azərbaycan dövlətinin hüquqi haqlılığını sübut etdiyigündür.
Qoy bu zəfərin işığı nəsillər boyu sönməsin, bu qürur hərbir azərbaycanlının qəlbində əbədi yaşasın!
Eşq olsun Azərbaycan Ordusuna!
Eşq olsun Müzəffər Azərbaycan xalqına!
SƏBİNƏ SALMANOVA,
Milli Məclisin deputatı

