Milli Məclisin Sədri Sahibə Qafarova Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında müzakirələrdə çıxış edib.
İclasda bir çox vacib məsələlərə diqqət yetirildiyini, vacib müzakirələr aparıldığını bildirən spiker sülh, təhlükəsizlik və qanunun aliliyini inkişaf etdirmək üçün parlament diplomatiyasının önəmini diqqətə çatdırıb. Deyib ki, bu, gələcəyə dair düşüncələrimizlə sıx bağlı olan məsələdir. Həmçinin bildirib ki, qanunun aliliyi sülhün və təhlükəsizliyin təmin edilməsində ilk şərtdir. Bu məsələyə istənilən yanaşmanın əsasında dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət kimi, beynəlxalq hüququn hamı tərəfindən tanınmış normalarına ciddi riayət edilməsi, ayrı-seçkiliyə yol vermədən tətbiqi dayanmalıdır.
Spiker dünyadakı mövcud vəziyyəti nəzərə alaraq, Parlamentlərarası İttifaqın öz fəaliyyətində və 6-cı Dünya Konfransı çərçivəsində bundan sonra da bu məsələyə diqqət yetirilməli olduğunu bildirib. O, iqlim dəyişikliyi probleminə də toxunaraq, deyib ki, bu, təcili həll edilməli olan qlobal problemlərdən biridir.
S. Qafarova xatırladıb ki, Azərbaycan bütün ölkələrin yekdil dəstəyi ilə COP29-a evsahibliyi etmək üçün seçilib və bu ilin noyabrında Bakıda bu möhtəşəm tədbir təşkil olunacaq. Onun sözlərinə görə, Azərbaycan bütün tərəfləri və ölkələri cəlb etmək, cəmiyyətləri ümumi məqsəd ətrafında birləşdirmək üçün əlindən gələni edəcək. Spiker, həmçinin diqqətə çatdırıb ki, Parlament Sədrlərinin 6-cı Dünya Konfransı da bu məsələ ilə bağlı yeni ideyalar və yanaşmalar formalaşdırmalı və gələcək fəaliyyətində bunları əks etdirməlidir.
Spiker dünən Qadın Parlament Sədrlərinin Sammitinə hazırlıq məqsədilə Qadın Parlament sədrlərinin də görüşündə iştirak edib. Tədbirdə əvvəlki sammitlərin nəticələri nəzərdən keçirilib və növbəti tədbirə hazırlıq məqsədilə bir sıra təşkilati məsələlər müzakirə edilib. O, çıxışında dünyada gender bərabərliyinin təmin olunması məsələlərində qarşıya çıxan problemlərə diqqəti yönəldib. Deyib ki, gender bərabərliyi mövzusu müxtəlif tədbirlərdə müzakirə olunsa da, hələ də bir çox ölkələrdə bununla bağlı məsələlərin həlli mümkün olmayıb.
Növbəti sammitdə qadınların ictimai fəallığının artırılması, onların təhsil hüququnun reallaşdırılması, yüksək vəzifələrdə təmsil olunması mövzularının geniş müzakirələrə çıxarılmasının zəruriliyini qeyd edən S.Qafarova, həmçinin qlobal iqlim dəyişikliyi məsələsinin olduqca aktuallığını nəzərə alaraq, qadınların bu məsələdə də fəal iştirakının vacibliyini diqqətə çatdırıb.
Ə.BƏDƏLOV
XQ