Yaxud erməni avantürizminin baş-ayaq məntiqi
Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir. Artıq delimitasiya və demarkasiya işlərinə start verilib. İlk baxışdan pozitiv mühit formalaşıb. Hazırkı vəziyyət onu deməyə əsas verir ki, yekun sülh sazişinin imzalanacağı gün uzaqda deyil. Amma...
Sülh prosesini şübhə altına alan bir sıra proseslər də diqqətdən yayınmır. Onlardan birincisi, Tavuş arxiyepiskopu Baqrat Qalstanyanın başlatdığı hərəkatdır. Açıq-aydın görünür ki, bu hərəkat danışıqlara və əldə edilmiş razılaşmalara qarşı çıxmaq məqsədi daşıyır.
Doğrudur, bu hərəkat baş nazir Nikol Paşinyan iqtidarına qarşı yönəlib və əsl məqsədi Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaqdır. Erməni kilsəsinin revanşist-şovinistlərlə işbirliyi məsələsini nəzərə alsaq, vəziyyətin daha dramatik şəkil aldığını söyləyə bilərik.
Ancaq ehtimal etmək mümkündür ki, keşişin başladığı hərəkat aysberqin görünən tərəfidir. Yəni, anti-iqtidar dirənişinin erməni hakimiyyəti tərəfindən təşkil olunduğunu da söyləmək üçün əsas var. Məsələ ondadır ki, Paşinyan və komandası indiyədək Azərbaycanla sülh danışıqları fonunda səmimi olmayıb. Bir qayda olaraq, manipulyasiya yolunu tutub. Yəni, ölkə müxalifətinin qaldırdığı şivən ritorikası onun işinə yarıyıb.
Rəsmi İrəvan xaricdəki havadarlarına göstərməyə çalışıb ki, daxili etiraza görə, Azərbaycana güzəştə gedilməsi mümkünsüzdür. Bu yolla ikincilərin ölkəmizə təzyiq göstərmək üçün qərarlı davranmalarını istəyib.
Bəli, Ermənistan hakimiyyəti elə indinin özündə də səmimi deyil. Həm bu baxımdan, həm də ümumən erməni cəmiyyətinin və ictimaiyyətinin qeyri-səmimiliyi nöqteyi-nəzərindən ən müxtəlif məqamları qabartmaq mümkündür. Yazımızda onlardan yalnız ikisinin üzərində dayanacağıq.
***
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurasının Nazirlər Komitəsinin 133-cü sessiyasında çıxış edərkən Azərbaycanla sülhdən söz açıb və ölkəsinin prosesə sadiqliyini ifadə edib. Ancaq, o, bunadək Ermənistan xarici siyasətindəki ənənəvi absurdizm notlarına köklənməyi yaddan çıxarmayıb. Məsələn, Mirzoyan dünyada sülh və təhlükəsizliyin pozulması tendensiyasının Cənubi Qafqaz seqmentini ortaya ataraq, ölkəmizi ittiham yolunu tutub. XİN rəhbəri bildirib ki, Azərbaycan doqquz ay blokadada saxladıqdan sonra Qarabağa hücum çəkib və nəticədə bölgənin erməni əhalisi öz evlərini tərk etmək məcburiyyətində qalıb. Bu isə insan hüquqlarının və deməli, Avropa Şurasının təməl prinsiplərinin pozulmasıdır.
Göründüyü kimi, erməni iqtidarı insan hüquq və azadlıqları müstəvisində manipulyasiya yolunu tutur. Çünki Azərbaycan antiterror tədbirləri ilə özünün suveren ərazilərində konstitusion quruluşunu bərpa edib. Erməni əhaliyə gəlincə, onları bölgədən çıxaran ölkəmiz deyildi. Ermənistan hakimiyyəti bunu qəsdən etmişdi ki, gələcəkdə məsələni etnik təmizləmə kimi təqdim edib, Bakıya qarşı təzyiq formalaşdırsın. Lakin istəyinə çata bilmədi.
Mirzoyanın manipulyativ xəttinin digər göstəricisi isə onun Azərbaycan həbsxanalarında hərbi əsir və girovların saxlanılması ilə bağlı sərsəmləmələri idi. Məsələ ondadır ki, saxlanılan şəxslər müharibədən sonra ölkəmizin ərazisində kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyə cəhd göstərənlərdir. Yəni, hər bir halda məsuliyyətə cəlb edilmələri mütləqdir. Belələri ətrafında siyasi şou yaratmaq yolverilməzdir. İndiki halda həm də riyakarlıqdır.
***
Üzərində dayanacağımız ikinci məqam qeyri-səmimi yanaşma baxımından daha qabarıq nəzərə çarpır. Məlum olduğu kimi, iki gün əvvəl Azərbaycanda səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Şuşada oldu. “Novosti Armenii-News.am” informasiya agentliyi hadisəni belə sərlövhə ilə təqdim etdi: “Lukaşenko “qardaşı” Əliyevin müşayiəti ilə Azərbaycan tərəfindən işğal olunmuş (?) erməni şəhəri Şuşidə (?) oldu”.
Əlbəttə, Ermənistan hakimiyyəti bu təqdimatı söz və ifadə azadlığı kimi göstərəcək durumdadır. Ola bilər, ölkə iqtidarı medianın işinə qarışmadığını da bildirsin. Ancaq, heç şübhəsiz, bunun özündə də bir manipulyativ gediş olacaq. Reallıq budur ki, Paşinyan və komandası lazım olanda bu kimi hallara münasibətdə süngüyə əl atmaqda pərgardır.
Digər yandan, bir halda ki, Mirzoyan, az qala, Qarabağın Azərbaycan tərəfindən işğalı ritorikasına baş vurur, o zaman “News.am” və digər media orqanlarından nə gözləyəsən? Əlbəttə ki, heç nə. Üstəlik, oxşar “dəst-xətt” seçən erməni media orqanlarının sayı onlarcadır və hər birinin ictimai rəyə böyük təsir imkanları var. İndi belə başa düşək ki, Ermənistan hakimiyyətinin media prinsiplərinə saymazyana münasibət göstərənlərə qarşı təsir gücü yoxdur?..
Deməli, erməni XİN başçısı kimi, ölkənin media orqanları da beynəlxalq hüquqa zidd davranırlar. Mirzoyan bir yandan Qarabağ erməniləri məsələsindən söz açır, digər yandan isə 1991-ci il Alma–Ata Bəyannaməsinə əsasən, sərhədlərin delimitasiyası və demarkasiyasından danışır. Sual yaranır: Alma–Ata Bəyannaməsi sabiq SSRİ-yə daxil olan müttəfiq respublikaların bir-birinin ərazi bütövlüklərini tanımalarını əsas götürürdüsə, o zaman Mirzoyan hansı əsasda beynəlxalq platformalarda Qarabağ erməniləri ilə bağlı məsələdən söz açır? Üstəlik, “Dağlıq Qarabağ” ifadəsini işlədir. O ifadəni ki, elə yaranışından erməni avantürizminin məhsulu olub.
***
Bəli, əvvəldə vurğuladığımız kimi, Ermənistandakı bu sayaq yanaşmalar səmimiyyət mühitinin formalaşmasına əngəl törədir. Belə çıxır ki, əslində, Mirzoyanın arxiyepiskop Baqratdan heç bir fərqi yoxdur. Nəzərə alsaq ki, media ölkədə ictimai rəyin formalaşmasında katalizator rolunu oynayan institutdur, deməli, XİN rəhbəri cəfəng məntiq ilə erməni mediası üçün də eyni dərəcəli mənbədir. Bütün bunlardan sonra Ermənistanda Azərbaycanı nədəsə ittiham edənlər tapılır.
XQ-nin analitik qrupu