Uzun ömrün cövhəri

post-img

20 May Ümumdünya Bal Arısı Günüdür

Zərif qanadları ilə uçaraq güldən-gülə, çiçəkdən-çiçəyə qonan bal arısı öz həyat tərzi, iş rejimi, yaşam fəlsəfəsi, istehsal etdiyi bir-birindən qiymətli və sağlamlıq üçün əhəmiyyətli məhsulları ilə möcüzəli bir dünya təsiri bağışlayır. Elə bir dünya ki, doğumundan ölümünə qədər hər anı müəyyən qanunlarla tənzim olunur.

Dünyada 20 mindən artıq arı növü var. Onlara Antarktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. 17-18 günlükdə arılar bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35-40 ki­loqram təmiz bal verə bilir.

“Qurani-Kərim”in “Ən-Nəhl” surəsində də bu barədə bəhs olu­nur. Məhəmməd peyğəmbər (ə) de­yirdi: “Bal ye, sağlam ol”.

Böyük Sokrat isə “Bal uzun öm­rün cövhəridir” söyləyirdi.

Arı 100 qram bal hazırlamaq üçün kilometrlərlə yol qət edir və yüzlərlə çiçəyə qonur. Həmin mə­safədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verir. Onlar həm yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edənləri tanıyırlar.

Arı dünyası çox ecazkar və sirli­dir. Maraqlıdır ki, işçi arı cəmi 40-45 gün, ana arı isə ondan 50-60 dəfə çox 6-7 il yaşayır. Apidiyetoloqlar arı sancması ilə az qala bütün xəstəlik­ləri müalicə etməyin mümkünlüyünü söyləyirlər. Təxminən, ayyarım ya­şayan kiçik bir varlıq öz qısa öm­ründə nə qədər xeyirxah və savab işlər görür. Arının istehsal etdiyi bal, bərəmum, propolis, arı südü, çiçək tozu, mum və güləm sağlamlıq üçün olduqca qiymətli və əvəzsiz məhsul­lardır.

Təbabətdə sübut edilib ki, çiçək tozcuğu insana lazım olan bütün vi­tamin-mineral kompleksini özündə cəmləşdirən nadir qida maddəsidir. Balın tərkibində həyat əhəmiyyəti olan vacib 450-yə qədər komponent var.

Arı ən böyük loğman, onun is­tehsal etdiyi məhsullar isə əvəzsiz dərmandır. Son vaxtlar həkimlər arı sancması ilə bir çox xəstəliklərə şəfa verməyin mümkünlüyünü sü­but ediblər. Ana südündən başqa dilinə heç nə dəyməyən körpənin di­linə bal sürtülməsi onun ağız boşlu­ğunda və ağız ətrafında olan mikrob və bakteriyalardan qoruyur.

Azərbaycanda arıçılıq kənd təsərrüfatının inkişaf edən sahələ­rindən biridir. Onu inkişaf etdirmək məqsədilə son illər bir sıra tədbirlər həyata keçirilib. Dövlət başçısı Azər­baycanda arıçılığın inkişafının sti­mullaşdırılması haqqında sərəncam da imzalayıb. Ölkəmizdə bal verən 600-ə qədər bitki növü mövcuddur ki, bunların da təxminən, 200-ü nek­tar və çiçək tozu mənbəyi kimi arı­çılığın genişləndirilməsi üçün daha böyük təbii imkanlar yaradır.

Deyirlər ki, məşhur loğman İbn Sina dünyadan köçəndə ətrafına toplaşanların onları kimin ümidinə qoyub getdiyini soruşanda deyib: “Mən gedirəm, amma iki böyük loğ­man qalır. Onun biri dəvədir, biri də arı. Dəvənin südünü için, ətini yeyin, arının balını”.

Son illərdə dünyada milyardlarla arının məhv olması, onların sayları­nın azalması narahatlıq doğurmağa başlayıb. Dahi Eynşteyn deyirdi ki, arılar qırılandan dörd il sonra dünya məhv olacaq. Məşhur alimin bu söz­ləri belə deməyə əsas verir ki, arı həm də həyat mənbəyidir. Deməli, nə qədər ki, arı var, həyat da var…

Süleyman QARADAĞLI



Sosial həyat