Astanada Azərbaycan və Qazaxıstan QHT-ləri arasında gələcək fəaliyyət perspektivləri ilə bağlı müzakirələr aparılıb

post-img

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əsas fəaliyyət istiqamətləri qeyri-hökumət təşkilatlarına informativ, konsultativ və maliyyə dəstəyi göstərmək, həmçinin onlar arasında beynəlxalq əməkdaşlığı təşviq etməkdir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Astanada Qazaxıstanın XII Vətəndaş Forumunda iştirak edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib.

A.Əliyevanın sözlərinə görə, bu istiqamətdə türk dövlətlərində fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələri ilə əlaqələrin qurulması da Agentliyin prioritetləri sırasındadır.

“Bu çərçivədə Agentliyin nümayəndələri Astanada keçirilən XII Qeyri-Hökumət Təşkilatları Forumunda iştirak edir. Forum iki gün davam edəcək və forum çərçivəsində müxtəlif panel müzakirələrdə iştirak, analoji qurumla memorandumun imzalanması və s. fəaliyyətlər nəzərdə tutulub.

Artıq birinci panel müzakirə yekunlaşıb və bu müzakirə zamanı biz Agentliyin fəaliyyəti, həmçinin Azərbaycan və Qazaxıstan qeyri-hökumət təşkilatları arasında gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq”, – deyə o bildirib.

A.Əliyeva qeyd edib ki, bu ilin noyabr ayında Agentliyin təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan QHT-lərinin I Forumunun və Türk Dövlətləri Təşkilatının üzv ölkələrində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumunun keçirilməsi planlaşdırılır.

“Biz çox istərdik ki, Qazaxıstanın vətəndaş cəmiyyəti nümayəndələri bu forumlarda aktiv iştirak etsin. Eyni zamanda, növbəti il – 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının birgə təşəbbüslərinin icrası da nəzərdən keçirilə bilər”, – deyə o əlavə edib.

Sosial həyat