“İlahi” ilə səsləşən sənədli filmlər festivalı

post-img

Artıq bir neçə gündür ki, DokuBaku Beynəlxalq Sənədli Film Festivalı öz işinə başlayıb. Bu, Azərbaycanda təsis edilmiş ilk müstəqil sənədli film festivalıdır. Festival, həqiqət axtarışında olan kinematoqrafiyanın, tənqidi düşüncənin və mədəni dialoqun dinamik platformasını yaratmaq məqsədi ilə təsis olunub. Yarandığı gündən etibarən, DokuBaku dünyanın müxtəlif güşələrindən seçilmiş sənədli filmləri təqdim edərək, həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə qeyri-fantastik hekayəçilik sənətinə daha dərindən maraq oyatmağa xidmət edir. Festival daim gənc istedadları dəstəkləyir. Hekayələr sadəcə danışılmır, onlar yenidən formalaşır, genişlənir və bizə dünyanı fərqli baxış bucağından görmək imkanı yaradır.

Bu il festival 9-cu buraxılışını təqdim edir. Mövzu, 5DWORLDHYPERDIVINEMAT3X (İlahi) adlanır. Festivalda nümayiş olunan sənədli filmlərdə həm qlobal, həm də yerli aktual mövzulara toxunulur. 2025-ci il DokuBaku Beynəlxalq Sənədli Film Festivalı açılışını Seyran Bədəlovun “Evim” sənədli filmi ilə edib. Rejissor burada “ev” anlayışını divarların və coğrafi sərhədlərin fövqünə daşıyaraq onu yaddaşın, mənsubiyyətin və kimliyin yaşadığı bir məkan kimi təqdim edir. Film hər kəsi düşündürən sualları gündəmə gətirir: mənsub olmaq nə deməkdir? Köç, məcburi köçkünlük və dövrümüzün sürətli dəyişiklikləri bizim köklərimizi, davamlılıq hissimizi və icma anlayışımızı necə formalaşdırır? Bu film həmçinin festivalımızın builki mövzusu olan “İlahi” - 5DWORLDHYPERDIVINEMAT3X ilə gözəl şəkildə səsləşir. Filmdən də aydın olur ki, hər birimiz evimizi qoruyub saxlamağa borcluyuq ki, bu evdən gələcək nəsillərə yaddaş, mənsubiyyət və ümidlə dolu bir dünya miras qoya bilək. Əks halda, bir gün artıq çox gec ola bilər. 

Qeyd edək ki, bu dəfəki tədbirdə 60-dan çox ölkədən 200-dən artıq müraciət daxil olub. Sənədli filmlər arasından 26 tammetrajlı və 31 qısametrajlı ekran işi tamaşaçıların ixtiyarına verilib. Proqramda 5 yerli film də yer alıb. 

Dünya üzrə 64 rejissorun iştirak etdiyi festival çərçivəsində filmlər 6 kateqoriya üzrə yarışır: 

dokubox: ən yaxşı debüt sənədli film, 

dokutam: ən yaxşı beynəlxalq sənədli film, 

dokushorts: ən yaxşı beynəlxalq qısa sənədli film, 

dokumuse: Musiqi, Rəqs və Ritm haqqında Ən Yaxşı Sənədli Film, 

dokuecho: Təbiət Haqqında Ən Yaxşı Sənədli Film, 

dokukids: Uşaqlar üçün Ən Yaxşı Sənədli Film. 

Festivalın dokuecho: Təbiət haqqında ən yaxşı sənədli film kateqoriyasında Azərbaycan Fotoqrafları Birliyinin üzvü, gənc fotoqraf Sadıq Əliverdibəylinin operatoru və ssenari müəlliflərindən biri olduğu “Fraşa – Kriti”  adlı sənədli filmi də yer alır. S. Əliverdibəyli ilə film haqqında danışdıq. O, bildirdi ki, həmin ekran işini Mədəniyyət və İncəsənət Universitetində təhsil aldığı illərdə  diplom işi üçün ərsəyə gətirib: - Bu filmi tələbə olduğum vaxtda çəkmişdik. Film -  operator kimi həm mənim, həm də tələbə yoldaşım Araz Quliyevin diplom işi olmuşdur. Filmin işıq üzü görməsində universitetimizin tələbələrinin böyük rolu var. Rejissoru, ssenari müəllifi və montaj rejissoru Araz Quliyev, rejissor assistenti Sevinc Mahmudova, icraçı prodüseri isə Leyla Əsədullayevadır. Layihəyə kənardan yalnız 2 nəfər dəvət olunmuşdu. Bunlar - rəng korreksiyaçısı Etka Kızıltepe və filmin bəstəkarı Bakı Musiqi Akademiyasının məzunu Əli Cəfərzadədir.

Sonda onu da xatırladaq ki, festivalda hər kateqoriyanın qaliblərini müəyyən edəcək 3 nəfərlik peşəkar münsiflər heyəti fəaliyyət göstərir. 

DokuBaku-nun məqsədi sənədli filmlər vasitəsilə müxtəlif cəmiyyətlər arasında mədəni dialoqu gücləndirmək, tənqidi düşüncəni inkişaf etdirmək və orijinal sənədli filmləri dünya auditoriyasına çatdırmaqdır. Festival çərçivəsində film nümayişləri ilə yanaşı, panel müzakirələr, ustad dərsləri və tematik seminarlar da təşkil ediləcək.

Fidan Salmanova
XQ





Mədəniyyət