Moldova Prezidenti Maya Sandu mədəniyyət, idman, təhsil, dövlət idarəçiliyi, tibb, iqtisadiyyat və elm sahələrində fəaliyyətlərinə görə bir sıra şəxsləri dövlət mükafatları ilə təltif edib. Onların arasında "Paris-2024" Yay Olimpiya Oyunlarının bürünc medalçısı, azərbaycanlı cüdoçu Adil Osmanov da yer alıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, həmyerlimiz Moldova Prezidentinin Fərmanına əsasən həmin ölkənin idmanının inkişafındakı müstəsna xidmətlərinə və bu sahədə əldə etdiyi yüksək nailiyyətlərə görə “Şərəf” ordeni ilə təltif olunub.
Adil Osmanov ali mükafata layiq görüldüyü üçün Prezident Maya Sanduya təşəkkürünü bildirib, bu təltifin Moldova ilə Azərbaycan arasındakı dostluq və qarşılıqlı hörmətin göstəricisi olduğunu vurğulayıb.
Məlumat üçün bildirək ki, Azərbaycan diasporunun və Moldova Azərbaycanlıları Konqresinin fəal üzvü olan Adil Osmanov bu il Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsində də iştirak edib.
Mustafa Kamal
XQ