Professor Rəna Məmmədovanın biblioqrafik göstəricisi nəşr olunub

post-img

Görkəmli musiqişünas alim, sənətşünaslıq elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın 75 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən alimin əsərlərinin biblioqrafik göstəricisi hazırlanıb.

AMEA Rəyasət Heyətinin müvafiq qərarlarına əsasən tərtib olunan biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin redaktoru Biblioqrafiya şöbəsinin müdiri, fil.ü.f.d. Aytən Əliyeva, tərtibçisi isə Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzovadır.

XQ xəbər verir ki, göstəricidə Rəna Məmmədovanın həyat və fəaliyyətinin əsas mərhələləri, 1974–2025-ci illəri əhatə edən elmi əsərlərinin biblioqrafiyası təqdim olunur. Nəşrdə, həmçinin alimin elmi-pedaqoji yaradıcılığı və ictimai fəaliyyəti haqqında qısa oçerk, görkəmli elm adamlarının onun haqqında fikirləri, eləcə də həyat və yaradıcılıq yolunun əsas tarixləri yer alıb.

Bundan əlavə, göstəriciyə alimin monoqrafiyaları, broşürları, eləcə də dövri mətbuatda, müxtəlif məcmuə və konfrans materiallarında Azərbaycan və xarici dillərdə dərc olunmuş məqalələrinin biblioqrafik mənbələri daxil edilib.

Sənətşünaslıq sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu nəşrin elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür.

Elm