NDU-da “Psixoloji xidmət və uşaq inkişaf mərkəzi”nin açılışı olub

post-img

15 oktyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetində “Psixoloji xidmət və uşaq inkişaf mərkəzi”nin açılışı olub.

Ali təhsil müəssisəsindən “Xalq” qəzetinə verilən məlumatda bildirilir ki, tədbirdə universitetin rektoru Elbrus İsayev “Psixoloji xidmət və uşaq inkişaf mərkəzi”nin açılışını yüksəkixtisaslı psixoloq kadrların hazırlanmasında önəmli rol oynadığını bildirib. Çünki universitetdə  2021-ci ildən bakalavriat səviyyəsində “Psixologiya” ixtisası, magistratura səviyyəsində isə 2025-2026-cı tədris ilindən  “İnkişaf psixologiyası” ixtisaslaşması üzrə kadr hazırlığı aparılır. Rektor ali təhsil ocağında bütün istiqamətlərdə olduğu kimi, “Psixologiya” ixtisasının da xüsusilə diqqətdə olduğunu, bu istiqamətdə yeniliklərin izlənildiyini vurğulayıb. 

Qeyd olunub ki, bu gün açılışı olan mərkəz də zəngin maddi-texniki baza ilə təchiz olunub və tələbələr bu imkanlardan yararlanaraq həm tədris prosesində, həm də dərsdənkənar məşğələlərdə müxtəlif simuliyasiyalar təşkil etməklə praktik bacarıqlar əldə edə bilərlər. 

Elbrus İsayev həmçinin akademik bilgilərin də zənginləşməsi üçün keçirilən tədbirlərdən söz açıb, xüsusilə ilk dəfə Naxçıvan Dövlət Universitetində keçirilən Azərbaycan Psixoloqlarının I Forumunu diqqətə çatdırıb. Vurğulanıb ki, həm təşkilatı tədbirlər, həm bu gün açılışı olan mərkəz deməyə əsas verir ki, bu istiqamətdə əldə olunan nəticələr NDU-da  Psixologiya ixtisasında tədrisin keyfiyyətini daha da yüksəltməklə yanaşı, ümumilikdə, ölkədə bu sahənin inkişafına dəstək olacaq. 

Magistratura və doktorantura mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev mərkəzin yaradılması məqsədi və fəaliyyət istiqamətləri haqqında məlumatları diqqətə çatdırıb. Qeyd olunub ki, psixoloji xidmət və tədris məqsədli qurulan mərkəzdə iki istiqamətdə xidmət aparılması planlaşdırılır. Mərkəz daxilindəki “Psixoloji konsultasiya” otağında psixoloji dəstəyə ehtiyacı olan universitet kollektivinə psixoloji xidmət göstəriləcək. “Uşaq inkişaf mərkəzi”ində isə “Psixologiya” ixtisasında təhsil alan tələbələrin tədrisin praktik əsaslarla aparılmasını təmin etmək imkanı olacaq. 

Naxçıvan Dövlət Universitetinin psixoloqu Nuranə Səlimova isə “Uşaq inkişaf mərkəzi”nin fəaliyyəti, mərkəzdə mövcud olan avadanlıqlar haqqında məlumat verib. Qeyd olunub ki, burada diqqət əksikliyi olan və hiperaktiv uşaqlara yardım məqsədli “Play Attention” aparatı, müxtəlif fobiyaları və adaptasiya problemlərini aradan qaldırmaq məqsədilə “Virtual reallıq” aparatı, nitq problemi olan uşaqlara inkişafetdirici dəstək məqsədilə “Forbrain” aparatı və uşaqlarda sensor adaptasiya, müxtəlif psixoloji inkişaf ləngimələrini aradan qaldırmaq üçün müxtəlif vəsaitlər var. 

Sonda rektorun “Psixologiya” ixtisasının tələbələri ilə görüşü də olub, tələbələrin təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb. 

Səbuhi HƏSƏNOV

 









Sosial həyat