Prezident İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizin gələcək inkişaf istiqamətləri ilə yanaşı, ordumuzla bağlı qarşıdakı planları haqqında da maraqlı fikirlər səsləndirib. Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci ilin 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi Zəfərə imza atdığını bildirən dövlət başçısı, əldə edilən bütün uğurlara rəğmən ordunun inkişafı istiqamətindəki səylərin davam etdirildiyini bildirib.
Silahlı qüvvələrə ayrılan vəsait artırılıb
Dövlət başçısının müsahibəsində diqqət çəkən məqamlardan biri orduya ayrılan vəsaitin həcminin artırılacağı ilə bağlıdır. Bütövlükdə, büdcəyə 3 milyard manat məbləğində əlavələr olacaq ki, bu vəsaitin də əsas hissəsi işğaldan azad edilən ərazilərdəki yenidənqurma işlərinə sərf ediləcək. Büdcəyə əlavələrin sərf ediləcəyi ikinci sahə isə ordu və onun ehtiyacları olacaq.
Azərbaycanın yenidənqurma işləri ilə yanaşı, ordunun güclənməsinə bu qədər böyük diqqət yetirməsi, dövlət başçısının xalqımızın və dövlətimizin təhlükəsizliyinə verdiyi önəmi göstərir. Bununla yanaşı, bu fakt həm də onu göstərir ki, Azərbaycan regionda və dünyada gedən hərbi-siyasi prosesləri diqqətlə izləyir, dəyişikliklər fonunda hərbi gücün artırılmasının önəmini dərk edir. Prezident İlham Əliyev müsahibəsində büdcə əlavələrindən bəhs edərkən bu haqda deyir: “İkinci yerdə bizim hərbi xərclərimiz olacaq. Çünki buna da böyük ehtiyac var. Dünyada gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər artır, təhlükələr artır”.
Prezidentin məlum fikirləri göstərir ki, Azərbaycan öz təhlükəsizliyini qlobal miqyasda təmin etməkdə qətiyyətlidir və bunun üçün heç bir maddi məsrəfdən çəkinmir. Elə bu səbəbdən də büdcəyə edilən əlavələrdən orduya da böyük vəsaitlərin ayrılması nəzərdə tutulub ki, bunun da dövlətimizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyi şəksizdir.
Xüsusi təyinatlıların sayı 2 dəfə çoxalıb
Prezident 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun daha da gücləndiyini qeyd edib. Bildirib ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış Azərbaycan Ordusundan qat-qat güclüdür.
Doğrudan da, son iki ildə Azərbaycan Ordusunda həyata keçirilən islahatlara nəzər salsaq, ordumuzun həm döyüş hazırlığının, həm də maddi-texniki təminatının daha da yaxşılaşması istiqamətində ciddi addımların atıldığını görərik. Nümunə üçün qeyd edək ki, 44 günlük Vətən müharibəsində böyük şücaətlər göstərən, çətin və mürəkkəb relyefə malik yaşayış məntəqələrinin azad edilməsində qəhrəmanlıqlar sərgiləyən Xüsusi Təyinatlı Qüvvələrin sayı müharibədən sonra iki dəfə artırıldı. Bu, müzəffər Ali Baş Komandanın Xüsusi Təyinatlı Qüvvələrə, onların Vətən müharibəsindəki qəhrəmanlığına necə böyük önəm verdiyini göstərir.
Bundan başqa, Türkiyənin ordu təcrübəsini ciddi şəkildə öyrənən və onu sürətli şəkildə tətbiq edən Azərbaycanda yeni hərbi qüvvələr – Komando Qüvvələri yaradıldı. Buna paralel olaraq dəniz piyadalarının, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun xüsisi təyinatlılarının sayı da əhəmiyyətli dərəcədə artırıldı.
Vətən müharibəsi əsl sınaq oldu
Vətən müharibəsi ordumuzu, bütövlükdə Azərbaycan Silahlı Qüvvələrini, onun döyüş hazırlığını, texniki təminatını real döyüş şəraitində yoxlamaq baxımından əsl test oldu. Bu sınaq silahlı qüvvələrimizin bütün üstünlükləri ilə yanaşı, həm də ordudakı çatışmazlıqları da aşkara çıxardı. Real döyüş şəraitində özünü o qədər də doğrultmayan, yaxud qismən doğruldan texnikalar daha müasirləri ilə əvəzləndi.
Vətən müharibəsi müxtəlif qoşun növləri arasındakı koordinasiyalı fəaliyyətin nə qədər önəmli olduğunu, bunun qələbəyə necə böyük töhfə verdiyini sübut etdi. Müharibədən sonra müxtəlif qoşun növlərinin birgə təlimlərinin sayı artırıldı, bu sahədə daha böyük və zəngin təcrübəyə nail olundu.
Müharibə zamanı bəzi ermənipərəst dövlətlərin Ermənistana verdiyi hərbi, eləcə də iqtisadi-siyasi dəstək Azərbaycanı Ermənistanla yanaşı, həm də erməni faşizminin havadarı olan qüvvələrlə də mübarizə zərurəti qarşısında qoydu. Amma Azərbaycan bu sınaqdan da qalib çıxdı və sübut etdi ki, ordumuz hər cür təhlükəni dəf etməyə qadirdir. Bununla yanaşı, məhz bu amil müasir dünyamızda hər ötən gün yeni güc əldə etməyin nə qədər vacib olduğunu ortaya qoydu.
Bu gün Azərbaycan ordu quruculuğu sahəsində uğurlara imza atmaqla, məhz bu prinsipi rəhbər tutmaqdadır: Durmadan güclənmək və hər an istənilən gözlənilməzliyə hazır olmaq! Eynilə dövlət başçısının son müsahibəsində dediyi kimi : “Biz hər bir vəziyyətə hər an hazır olmalıyıq!”
Seymur ƏLİYEV

