Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, – biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, – bu təlxəklər toplusu, nəhayət, bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz...
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Görəsən dünyada ikinci bir xalq tapmaq mümkündürmü ki, çağırılmamış qonaqlara münasibətdə biz azərbaycanlılar qədər dözümlü, onların başlarından böyük iddialarına uzun müddət səbirlə yanaşmağı bacarsın?
195 il bundan əvvəl İrandan Qarabağa köçürülən, süfrəmizin artığı ilə böyüyən ermənilərlə hesablaşmağın son mərhələsidir. Atalar demişkən, qaradan o yana rəng yoxdur. 44 günlük Vətən müharibəsindəki Zəfərdən sonra Azərbaycanın dəyişdiyi reallıqla, eləcə də üzləşdikləri acı aqibətləri ilə heç cür barışmaq istəməyən həm rəsmi İrəvana və həm də kənardan qızışdırılan Qarabağ ermənilərinə yerlərini konkret göstərmək lazım idi və göstərildi. “Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir", – deyən Prezident İlham Əliyev birmənalı olaraq bildirdi ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özlərinə başqa yaşayış yeri tapmalıdırlar.
Cənab Prezident Qarabağın erməni icmasına bu mesajı aprelin 18-də Salyan rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində verdi. Qarşılıqlı dialoqdan, cəmiyyətimizə reinteqrasiyadan boyun qaçıran hayların diqqətinə buna qədər də ən yüksək səviyyədə oxşar təkliflər və seçim variantları çatdırılmışdı. Amma qəbul etmədilər, vəziyyətin ciddiliyini anlamaq istəmədilər. Ona görə indi onlara təklif deyil, xəbərdarlıq edildi. Həm də, deyəsən, bu, sonuncu xəbərdarlıq olacaq. Hər tərəfində üçrəngli bayrağımızın dalğalandığı Qarabağdakı təxribatçı daşnak tör-töküntüləri özlərinə qondardıqları, “dövlət atributları”na malik “respublika” adından çıxışlar edir, bəyanatlar verir və hətta beynəlxalq tədbirlərə dəvətlər alırlar. Şərti sərhədin ya o üzündə, ya da bu üzündə hər dəfə başlarını qaldırmaq istəyəndə “dəmir yumruğun” zərbini görən bu təxribatçıların, fəaliyyətləri ilə artıq kimə və nəyə güvəndikləri bəlli olmayan “məmurların” qollarına qandalların vurulacağı gün də uzaqda deyil.
Bəli, cənab Prezidentin dediyi kimi, onlar Azərbaycan xalqının səbrini kasanı dolduran həddə çatdırıblar. Bundan o tərəfə isə son iki il beş ayda İrəvanın dövriyyəyə buraxdığı yalançı vədlərə inanmağı bir kənara qoyaraq, qəti addımlar atmaq mərhələsi başlayır.
Hazırda Qarabağda yaşayan erməni əhalisinin böyük əksəriyyətinin Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduğuna əminliyini ifadə edən dövlətimizin başçısı sözünü aranı qarışdıran kənar qüvvələrə ünvanladı: “Sadəcə olaraq, bu zəlillər, yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. Ona görə mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı və müharibədən sonra. Lazım olarsa, bir də sübut edərik istənilən formada”.
Sülhə gəlməyə üzü, döyüşməyə gücü olmayan rəsmi İrəvanın son açıqlamaları müəyyən pozitivliyə əsas versə də, Bakı onunla yalnız bir dildə danışmağın mümkünlüyünü artıq qəbul edib. Bunu keçmiş iqtidarların yaşadığı qibtəolunmaz sonluqların timsalında İrəvanın indiki hakimiyyətinin diqqətinə çatdıran Azərbaycan Prezidentinin bəyanatı həm də görk sayılmalıdır.
Faktlar da hayların üzünə durur
Bu tarixi həqiqəti ermənilərin əksəriyyəti bilir. Düşündük ki, indiki məqamda Qarabağ ermənilərinə hər vəchlə unutmağa çalışdıqları tarixlərinin bu səhifəsini bir daha xatırlatmağımız vacibdir. Hayların Qarabağa köçü 1828-ci ildə imzalanmış bədnam Türkmənçay müqaviləsindən sonra başlanıb. Onların İrandan Qarabağa köçürüldüyünü sübut edən çoxlu arxiv materialı, tarixi sənədlər var. 1978-ci ildə Tərtər rayonunun Şıxarx qəsəbəsində tikilən “Marağa-150” memorial kompleksi də belə sübutlardan biri idi. Çılpaq faktı özündə əks etdirən həmin abidə ötən əsrin 70-ci illərində qoyulmuşdu. Abidə ermənilərin İranın Marağa əyalətindən Azərbaycanın keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisinə köçürülmələrinin 150 illiyinin rəmzi idi. İşğal dövründə söküb izini itirməyə çalışdıqları həmin abidənin mərmər sütunlarından birinin üzərində 1828, digərinin üzərində isə 1978 rəqəmləri yazılmışdı. Gəlmə haylar əlamətdar günlərində buranı ziyarət edir, köç barədə babalarından eşitdiklərini xatırlayırdılar. Sovetlər dönəmində “DQMV” adlandırılan Qarabağımızda ermənilərin məskunlaşdığı kəndlərimizin adı ilə baglı “Çaylı-150”, “Cığabert-150”, “Metişen-150” kimi başqa xatirə kompleksləri də olub. Bu abidələr həm də indi Qarabağ ermənilərinə xüsusi statusdan, öz müqəddaratını təyinetmədən dəm vuran revanşist-daşnaklara ən tutarlı cavabdır.
Bəli, Azərbaycan xalqı 30 il əvvəl, yəni vətənsizin gəlib yurdumuzu ələ keçirdiyi işğala qədərki 165 il üzlü qonaqların xidmətində dayandı, onların hər nazı ilə oynadı. Sonra məlum oldu ki, ifrat qonaqpərvərliyimizlə başımıza iş açmışıq. Suyumuza, çörəyimizə şərik elədiyimiz, amma xislətinə gec bələd olduğumuz haylar sonda müxənnətliyə əl atdılar, torpağımıza göz dikdilər. Daha yetər, bu “qonaqlıq” çox uzandı, xain haylara qapını göstərməyin məqamı çatıb. 1828–2023! 195 il bəs deyilmi?!
Yeganə HACIYEVA,
politoloq
Qarabağ münaqişəsi artıq həll edilib. Məsələ ondadır ki, biz Ermənistanın bir sıra havadarlarından münaqişənin həll olunmadığı barədə, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini ara-sıra eşidirik. Bu ifadələri işlədən dairələr regionu yeni təhlükəyə sürükləməyə çalışanlardır. İstər Avropa İttifaqının, istər Dövlət Departamentinin bəzi rəsmilərinin dilindən səslənən, xüsusilə, Fransa dairələrinin tez-tez təkrarladığı “Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb” tezisi ciddi fəsadlara gətirib çıxara biləcək açıqlamalardır. Əslində bu, Ermənistandan alət kimi istifadə etmək, revanşizmə dəstək vermək, Qarabağda separatizmi körükləmək cəhdidir.
Qarabağdakı etnik ermənilərlə münasibətlər hüquqi məsələdir və bu, Azərbaycan Konstitusiyası və qanunları əsasında həll edilməlidir və ediləcək. Cənab Prezident aprelin 18-də bildirdi ki, Qarabağ bizim daxili işimizdir, burada yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özlərinə başqa yaşayış yeri tapmalıdırlar.
Azərbaycan Prezidenti növbəti dəfə bəyan etdi ki, Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu sözdə deyil, əməldə tanımalıdır. Baş nazir Nikol Paşinyan parlamentdə Bakı ilə danışıqlar prosesinin ləng getməsinin Ermənistan üçün yaratdığı təhlükə barədə danışarkən, Qarabağ bölgəsi daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təkrarladı. Bu, əlbəttə ki, Paşınyanın növbəti manipulyativ gedişidir, çünki bunu deyən ölkə rəhbəri sülh sazişini imzalamalıdır. Əgər İrəvan Qarabağın Azərbaycan ərazisi olduğunu təsbit edən sülh sazişini imzalamasa, bu halda böyük risklə üzləşəcək. Yəni, Bakı danışıqlarda SSRİ-nin tərkibinə daxil olduğu vaxtdakı şərtlərə qayıdacaq. Bu isə 70 il ərzində hissə-hissə Ermənistana verilmiş Azərbaycan torpaqlarının geri qaytarılması prosesinə start verilməsi deməkdir və bu məsələ İrəvan üçün ciddi siyasi, ideoloji fəsadlarla nəticələnə bilər.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”


