Sağlamlıq məhdudiyyətli insanlar arasında futbol yarışları müxtəlif kateqoriyalar üzrə keçirilir. Əlillərin əmək qabiliyyətli insanlardan heç də aşağı olmadığını, hətta bəzən üstünlüyünü sübut etdikləri idman növlərindən biri də amputasiyalılar üçün futboldur. Bu oyunda birtərəfli aşağı ətraf amputasiyası və ya qapıçılar üçün yuxarı ətraf amputasiyası olan oyunçular sübut edirlər ki, idmanda əsas həvəs və istəkdir. Uğura isə böyük səy, gərgin əmək və əzmkarlıqla nail olmaq olar.
Bəs ölkəmizdə amputasiyalılar üçün futbolun inkişafı, kütləviləşməsi, gələcək perspektivləri ilə bağlı hansı işlər görülür. Müsahibimiz 2023-cü ildə yaradılan Azərbaycan Amputasiya Futbol Federasiyasının (AAFF) prezidenti Elnur Sadıqovdur.
– Öncə Azərbaycan Amputasiya Futbol Federasiyasının yaranması, məqsəd və vəzifələri ilə bağlı fikirlərinizi bilmək istərdik...
– Azərbaycan Amputasiya Futbol Federasiyasını yaratmaqda əsas məqsəd, amputasiyalı futbolçuları bir araya gətirib, bu futbol növünü daha peşəkar səviyyəyə çatdırmaq, ölkəmizi beynəlxalq arenada layiqincə təbliğ etməkdir. Federasiyamız yarandığı gündən Azərbaycan Minatəmizləmə Agentlyi ilə sıx əməkdaşlıqda çalışır, onun tədbirlərində fəal iştirak edir. Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası bizə yaxından dəstək göstərir. Bildiyiniz kimi, milli komandamız əsasən, işğaldan azad edilmiş ərazilərimizdə düşmən tərəfindən basdırılan minaların partlaması nəticəsində xəsarət alan şəxslərdən ibarətdir. Bu idmanı inkişaf etdirməkdə məqsəd, həm də belə insanlara dəstək olmaq, Azərbaycanın minadan əziyyət çəkən bir ölkə ölduğunu dünyanın diqqətinə çatdırmaqdır.
– Millidə minaların partlaması nəticəsində xəsarət alan şəxslərdən başqa daha kimlər yer ala bilər?
– Komandamızda heç bir məhdudiyyət yoxdur. Yəni qazilər, anadangəlmə əlillər, yaxud qəza nəticəsində sağlamlığını itirmiş hər bir kəs bu futbolda özünü sınaya bilər. Hazırda federasiyada 42 oyunçu var. Bu işdə futbol klubları bizə böyük kömək göstərirlər.
– Ölkəmizdə amputant futbol komandalarının inkişafı qənaətbəxşdirmi?
– Hazırda “Neftçi”, “Qarabağ”, “Sumqayıt” və “Kəpəz”in amputant futbol komandaları yaradılıb. Həmin komandalar arasında da müxtəlif yarışlar təşkil edilir. Bu ilin sentyabrında ölkə çempionatını keçirməyi nəzərdə tutmuşuq. Gələcəkdə regionlarda da klublar yaratmağı planlaşdırırıq. Ümumilikdə, bu sahədə görülən işlər öz bəhrəsini verməyə başlayıb.
Millimiz beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etmək üçün potensialını getdikcə artırır. Ötən il yığmamız Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən Millətlər Liqasında uğurla çıxış edərək Avropa çempionatının finalına vəsiqə qazanıb.
– Avropa çempionatına hazırlıq necə gedir və bu yarışdan hansı nəticələr gözləyirsiniz?
– Fransada iyunun 1-dən 8-dək keçiriləcək Avropa çempionatı bizim üçün daha bir ciddi sınaqdır. Hazırlıqla bağlı fasiləsiz məşqlər edirik. Aprelin 23-dən mayın 7-dək Türkiyədə təlim-məşq toplanışında iştirak etdik. Hazırda Türkiyənin “ODTÜ Amputant” futbol klubu ilə birlikdə Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçirik.
Komandamız Avropa çempionatının final mərhələsində ilk dəfə iştirak edəcək. 16 komandanın mübarizə aparacağı yarışda dünya çempionu Türkiyə ilə yanaşı İngiltərə, Fransa, İspaniya, İtaliya, Almaniya və Polşa kimi güclü millilər də çıxış edəcəklər. Ümid edirik ki, ilk 2 yerdə qərarlaşıb, növbəti tura çıxa biləcəyik. Əsas hədəf isə dünya çempionatına vəsiqə qazanmaqdır. Ölkə sıralamasına görə, ilk 7 yerin sahibi dünya çempionatına lisenziya əldə edəcək.
– Gələcək planlarınız?
– Ötənilki Millətlər Liqasında D divizionunda mübarizə aparırdıq. Niderlandla ilk görüşümüz uğursuz olsa da, Şotlandiya, Albaniya və Kosovo seçmələrinə qalib gələrək qrupu 2-ci pillədə tamamladıq. Biz artıq bu yarışın “C” divizionuna yüksəlmişik. Gələnilki Millətlər Liqasının oyunlarının Azərbaycanda keçirilməsi üçün təkliflərimizi verəcəyik. Ümid edirik ki, yarışda yüksək səviyyədə çıxış edəcəyik.
Bir qazi, sağlamlıq imkanları məhdud şəxs kimi, itirdiyimiz ayağımızı “yaşıl meydan”da tapmışıq. Hər dəfə stadionda qələbə uğrunda apardığımız mübarizə bizə fəal həyat tərzindən zövq almaq üçün geniş imkanlar verir. Gələcəkdə əsas hədəfimiz Azərbaycanı dünyada layiqincə təmsil edib, yeni zirvələr fəth etməkdir.
Leyla QURBANOVA
XQ