Türk dünyasının elmi-mədəni birliyinin özülü 1 əsr əvvəl Bakıda qoyulmuşdu

post-img

Birinci Türkoloji Qurultay – 100

Bakı 1926-cı ildə yalnız bir elmi konfransa deyil, bütün Türk dünyasının mədəni və mənəvi birliyinə ev sahibliyi etmişdi. Birinci Türkoloji Qurultay türk xalqlarının tarixində həm elmi tərəqqi, milli həmrəylik, həm də XX əsrin əvvəllərində türk dünyasının intellektual dirçəlişini simvolizə edən tarixi hadisə kimi qalmışdır. Onun ideyaları bir əsr sonra da yaşayır, çünki türk xalqlarının birliyini təmin edən əsas amil – dil, elm və mədəniyyət hələ də eyni dərəcədə aktualdır. 1926-cı ildə Bakıda əsası qoyulan bu elmi və mənəvi birliyin ideyası Qurultayın 100 illiyində artıq yeni tarixi mərhələyə qədəm qoyur.

100 il sonra bu tarixi hadisənin mahiyyətinə və mənasına yenidən baxmaq, onun ideyalarını müasir dövrün reallıqları fonunda dəyərləndirmək mühüm zərurətə çevrilmişdir. Tanınmış alim, akademik Muxtar Kazımoğlu ilə də söhbətimiz bu barədədir.

– Muxtar müəllim, 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay təkcə elmi-mədəni deyil, həm də ictimai-siyasi hadisə kimi tarixə düşüb. Bolşeviklərin hakimiyyəti şəraitində keçirilmiş bu Qurultayın məzmun və məqsədləri nədən ibarət idi?

– I Türkoloji Qurultay sırf elmi toplantı olmaqla yanaşı, siyasi mahiyyət də daşıyan hadisə idi. 1926-cı ilin fevralında Bakıda keçirilən Qurultay SSRİ məkanında yaşayan bütün türk xalqları arasında elmi əməkdaşlığın, milli özünüdərkin, həm də mədəni inteqrasiyanın zirvəsi sayılır. Həmin dövrdə Sovet İttifaqının tərkibində olan Krım, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Başqırdıstan, Yakutiya, Qaraqalpaq və digər bölgələrdən ziyalıların bir araya gəlməsi, bu şəraitdə milli və elmi məsələləri açıq müzakirə etməsi özü-özlüyündə böyük bir tarixi hadisə idi.

Qurultayın məqsədi çoxşaxəli idi: bir tərəfdən türk xalqları arasında əlifba və yazı sistemi üzərində ortaqlıq yaratmaq, digər tərəfdən isə elmi terminologiyanı birləşdirmək, türk dillərinin sistemli öyrənilməsini təmin etmək idi. Eyni zamanda, Qurultay türk xalqlarının öz köklərinə, dil birliyinə və mənəvi varisliyinə qayıdışının təməl prinsiplərini bərpa edirdi.

Sovet ideoloqları formal olaraq “millətlərin öz müqəddəratını təyin etməsi” prinsipini qəbul etmişdilər. Amma reallıqda imperiya türk xalqları arasında milli oyanışdan ciddi şəkildə ehtiyat edirdi. Belə bir şəraitdə Bakıda bu miqyasda elmi-mədəni hadisə həm elmi, həm də siyasi mənada uğurlu addım idi.

– Qurultayda aparılan elmi müzakirələrin arxasında hansısa gizli siyasi məqamlar dayanırdımı?

– Bəli, bu sual çox düşündürücüdür. Bu gün üstündən 100 il keçən I Türkoloji Qurultay həm görünən, həm də görünməyən tərəfləri ilə yaxın tariximizin ən mühüm hadisələrindən biridir. Görünən tərəfi ondan ibarətdir ki, bu elmi toplantıda Fuad Köprülü, Əhməd Baytursun, Qalimcan Şərəf, Aleksandr Samoyloviç, Gyula Mesaroş, Aleksandr Miller, Artur Zifeldt kimi böyük türkoloqlar çıxış edərək türklüyün elmi və mədəni birliyini müzakirə etmişdilər.

Qurultayın görünməyən tərəfi daha dərin və faciəlidir. O dövrün sovet rejimi bu toplantıdan “millətçi”ləri üzə çıxarmaq və “zərərsizləşdirmək” üçün bir sınaq meydanı kimi istifadə etmişdi. Qurultay zahirən elmi xarakter daşısa da, onun arxasında ciddi ideoloji gərginliklər vardı. Türk xalqları arasında ortaq mədəni və elmi əməkdaşlıq ideyası Moskva üçün “pantürkizm” anlayışı ilə eyniləşdirilirdi. Türk dillərinin yaxınlığı, ortaq köklərin vurğulanması və mədəni inteqrasiya məsələləri sovet rəhbərliyi tərəfindən potensial təhlükə kimi qiymətləndirilirdi.

Bu səbəbdən, qurultayda irəli sürülən fikirlər, xüsusilə ortaq latın əlifbasına keçid ideyası, türk dillərinin bir sistemdə öyrənilməsi və milli ədəbiyyatların qarşılıqlı təsiri kimi məsələlər sonradan repressiya dalğalarının ideoloji əsaslarından birinə çevrildi. Bu mənada, I Türkoloji Qurultay həm böyük intellektual yüksəlişin, həm də milli faciənin başlanğıc nöqtəsi kimi tarixə düşdü.

1937-ci ilin qanlı hadisələrinə aparan yolda bu qurultay, bəlkə də siyasi qiymətləndirmə rolu da oynayıb. Həmin illərdə elmi müzakirələrdə iştirak edən bir çox alimlər – Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Qalimcan Şərəf, Əhməd Baytursun və başqaları – az sonra “pantürkist” damğası ilə repressiyaya məruz qaldılar.

– Qurultayda Azərbaycan ziyalılarının iştirakı və rolu barədə nə deyə bilərsiniz?

– Azərbaycan həmin dövrdə türk dünyasının mədəni və elmi mərkəzinə çevrilmişdi. Qurultayda ölkəmizdən iyirmiyə yaxın görkəmli ziyalı iştirak etmişdi. Onların arasında Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Salman Mümtaz, Əhməd Pepinov kimi alimlər vardı. Bəkir Çobanzadə “Türk dillərinin fonetikasında sait və samitlərin sintezi”, Hənəfi Zeynallı isə “Məktəblərdə tədris dili” mövzusunda çıxış etmişdi. Hər iki alim türk dillərinin ortaq prinsiplər əsasında öyrənilməsini və müasir tədris metodlarının yaradılmasını təklif edirdi. Təəssüf ki, onların hər ikisi 1937-ci ilin repressiyalarında həyatını itirdi.

– Qurultayda müzakirə olunan əsas elmi istiqamətlər nələr idi?

– Qurultayın materiallarından aydın olur ki, keçirilən on yeddi iclasın ondan çoxu dil məsələlərinə həsr olunmuşdu. Bu, təsadüfi deyildi, çünki türk xalqlarının mədəni inteqrasiyasının əsasını, bəlkə də birincisini, dil faktoru təşkil edirdi. Türkləri birləşdirən və bizi bir-birimizə bağlayan ən güclü vasitə məhz dildir. Dil mövzusu Qurultayda müxtəlif istiqamətlərdə müzakirə olunmuşdu: türk dillərinin yaranma məkanı, onların qohumluq əlaqələri, ədəbi dilin formalaşması, türk dillərinin yazı sistemi, o cümlədən orfoqrafiya qaydaları qurultayda müzakirə olunan məsələlər sırasında idi.

Türkoloqların, o cümlədən Bəkir Çobanzadə və Hənəfi Zeynallının çıxışlarında türk dilləri üçün orfoqrafik lüğətlərin və vahid transkripsiya sisteminin işlənib hazırlanması təklifi irəli sürülürdü. Məlum siyasi hadisələr ucbatından bu təklif kağız üzərində qaldı və öz həllini tapmadı.

Qurultayın qətnaməsində ortaq elmi terminologiya ilə bağlı vəzifənin qarşıya qoyulması son dərəcə əhəmiyyətli məsələ idi və həmin məsələ bu gün də aktual olaraq qalmaqdadır. Ən mühüm və mübahisəli məsələ isə əlifba məsələsi idi. Qurultayın iclaslarına sədrlik edən Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlu latın qrafikalı əlifbaya keçidin əsas tərəfdarlarından biri idi.

Türkiyədən gələn başqırd əsilli Zəki Vəlidi Toğan, Qazaxıstandan gələn Əhməd Baytursun və Tatarıstandan olan Qalimcan Şərəf bu fikrə qəti etiraz etmişdilər. Qalimcan Şərəf isə deyirdi ki, yaponlar doxsan milyon funt sterlinq pul xәrclәdilәr vә islahata başlayıb әlifbanı dәyişmәk istәdilәr. Amma 1914-cü ildə əlifba dəyişikliyindən imtina etdilər, çünki bunun nə qədər çətin və məsuliyyətli olduğunu anladılar.

Qurultaydan sonra SSRİ MİK-in 11 may 1927-ci il tarixli sәrәncamı ilә yeni türk Əlifbasının Mәrkәzi Komitәsi yaradıldı, Ağamalıoğlu onun sәdri təyin edildi. 1928-ci ildә isә Ümumittifaq yeni Türk Əlifbası Komitәsi yaradıldı. Yerlәrә yeni әlifba layihәlәrini tәqdim etmәk tapşırığı verildi. Məlum oldu ki, əlifba islahatı Moskva üçün türk xalqlarının yazı sistemini birləşdirmək yox, ayırmaq üçün mühüm bir vasitəsidir. Bu səbəbdən, Moskva ayrı-ayrı türk xalqlarında əvvəl latın, daha sonra isə kiril əlifbalarını fərqli variantlarda qəbul etdirdi. Yeri gəlmişkən, xatırladım ki, türk xalqlarında ortaq əlifba problemi bu gün də öz həllini gözləməkdədir. 2023-cü ildə Türk Dövlətləri Təşkilatı tərəfindən Ortaq Türk Əlifbası Konsepsiyasının qəbul edilməsi bu sahədə atılan mühüm siyasi addımdır.

– Qurultayda qəbul edilən qərarlar necə yerinə yetirilirdi?

– Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin təşkil olunması “türk xalqlarının elmi birliyi” üçün atılan addım kimi təqdim edilirdi. Amma sonrakı illərdə Moskva bu islahatdan türk xalqlarını birləşdirmək yox, əksinə, bir-birindən ayırmaq məqsədilə istifadə etdi. Əvvəl latın, daha sonra isə müxtəlif kiril variantlarının tətbiqi nəticəsində türklər bir-birinin yazısını oxuya bilməz hala gətirildilər. Bu, mədəni parçalanmanın ən təhlükəli formalarından biri idi.

2023-cü ildə Türk Dövlətləri Təşkilatının Ortaq Türk Əlifbası Konsepsiyasını qəbul etməsi tarixi əhəmiyyətə malik addımdır. Bu, 1926-cı ilin ideyasına – yəni türk xalqlarının mədəni və elmi birliyinə – mənəvi qayıdış deməkdir.

– Qurultayın sənədləri və materiallarının bu günümüz üçün önəmi nədədir?

– Qurultayın protokolları və məruzə mətnləri Azərbaycan Milli Elmlər Akademiyasının arxivində və Moskva fondlarında saxlanılır. Bu materiallar təkcə dilçilik tariximiz üçün deyil, bütövlükdə türk dünyasının intellektual tarixinin əsas mənbələrindəndir. Bu irsin tədqiqi göstərir ki, 1926-cı il qurultayı sistemli türkoloji elmin bünövrəsini qoymuş, eyni zamanda, milli kimlik məsələlərinin elmi kontekstdə müzakirəsinə şərait yaratmışdır. Son illərdə həmin sənədlərin transliterasiya və təhlili istiqamətində mühüm işlər görülür. Gənc tədqiqatçılar bu materiallardan istifadə edərək türk dillərinin müqayisəli tədqiqinə yeni yanaşmalar formalaşdırırlar.

Qurultay bu gün yalnız elmi hadisə kimi deyil, Türk dünyasının mənəvi həmrəyliyinin simvolu kimi dəyərləndirilməlidir. Onun ideyaları – ortaq dil, mədəniyyət, elmi əməkdaşlıq bu gün Türk Dövlətləri Təşkilatının fəaliyyətində konkret şəkildə öz əksini tapır. Məsələn, ortaq tarix dərsliyinin hazırlanması, vahid terminoloji baza yaradılması, elmi mübadilə proqramlarının təşkili kimi təşəbbüslər 1926-cı il Qurultayının ideyalarının müasir dövrdə yenidən dirçəlməsi deməkdir. Türk dünyasının gücü məhz dil, mədəniyyət və elmi birlikdən qaynaqlanır. Bunu unudan xalqlar tarixi bağlarını da itirirlər.

– Bəs Qurultayın 100 illiyinin qeyd olunması Türk dünyasına hansı məfkurə impulsları verir?

– 100 illik yubiley təkcə tarixi xatırlamaq deyil, həm də gələcəyə baxış üçün fürsətdir. Bu hadisə bizə göstərir ki, türk xalqlarının birliyi keçici siyasi amil deyil, ortaq tarixi yaddaşın məhsuludur. 2025-ci ilin 21 oktyabrında Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması qərara alındı. Bu sənəd təkcə yubiley xarakteri daşımır, həm də Azərbaycanın türk birliyinin elmi-mədəni mərkəzi statusunu təsdiqləyir.

Bu Sərəncam həm də onu da göstərir ki, Bakı 1926-cı ildə olduğu kimi, bu gün də türk dünyasının intellektual paytaxtıdır. Azərbaycan keçmişin mirasını qorumaqla yanaşı, həm də Türk Dövlətləri Təşkilatında elmi, mədəni və siyasi inteqrasiyanın lideridir. Bakı bu mənada yenə də türk dünyasının paytaxtı rolunu oynayır. Əgər 1926-cı ildə burada ideya səviyyəsində bir birlik formalaşdısa, bu gün həmin birlik siyasi və elmi reallığa çevrilməkdədir.

– Bugünkü türkoloqlar üçün qurultayın ən mühüm dərsi nədir?

– Mən deyərdim ki, qurultaydan çıxan ən böyük dərs elmin millətə xidmət anlayışıdır. O dövrün alimləri dilin, ədəbiyyatın və mədəniyyətin sadəcə tədqiqat obyekti deyil, həm də milli kimliyin əsas dayağı olduğunu dərk etmişdilər. Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Əhməd Baytursun və Fuad Köprülü kimi şəxsiyyətlər XX əsrin əvvəllərində türk dünyasının mədəni, elmi və ideoloji yüksəlişində aparıcı rol oynamış ziyalılardır. Onlar yalnız öz ölkələrinin deyil, bütün türk xalqlarının elmi və mənəvi inkişafını ortaq dil, ədəbiyyat və mədəniyyət platforması yaratmaqda görürdülər.

Görkəmli alimlər və maarifçilər üçün elm milli şüurun oyanışı və Türk dünyasının gələcəyini formalaşdıran strateji güc idi. Çobanzadə türkologiyanın nəzəri əsaslarını qoymaqla türklüyün elmi sistemini qurmağa çalışdı. Hənəfi Zeynallı Azərbaycan dilinin və ədəbiyyatının tədqiqi vasitəsilə milli kimlik şüurunun möhkəmlənməsinə töhfə verdi. Əhməd Baytursun türk xalqları üçün yeni əlifba və tədris modeli təklif etməklə ümumtürk mədəni inteqrasiyasına yönəldi. Fuad Köprülü isə türk mədəniyyətini tarixi və bəşəri miqyasda təqdim edərək türkologiyanın elmi istiqamətlərini dünya elminə inteqrasiya etdi.

Bu şəxsiyyətlərin ortaq cəhəti ondadır ki, onlar hər biri elm və fikir sahəsində sərhədləri aşaraq Türk dünyasının gələcəyini düşünən, onu bir ortaq ideya ətrafında birləşdirməyə çalışan mütəfəkkirlər idilər. Bu gün müasir türkologiyanın elmi konsepsiyaları, metodoloji prinsipləri və intellektual istiqamətləri məhz onların qoyduğu təməllər üzərində formalaşır.

Birinci Türkoloji Qurultayın ideyaları təkcə tarixi irs deyil, həm də türk xalqlarının gələcək elmi və mədəni birliyini istiqamətləndirən düşüncə mənbəyidir. O məfkurə mücahidləri öz elmi fəaliyyətlərini türk dünyasının gələcəyi naminə səfərbər etdilər. Onların ideyaları bu gün müasir türkologiyanın intellektual xəritəsini formalaşdırır.

– Muxtar müəllim, I Türkoloji Qurultayın 100 illiyi ərəfəsində türk xalqları zamanın hansı çağırışlarına köklənməlidir?

– Məncə, bu gün bütün türk xalqlarının ziyalıları üzərinə düşən ən böyük vəzifə elmi və mənəvi birliyi qorumaqdır. Texnologiyanın, qloballaşmanın və informasiya müharibələrinin gücləndiyi bir dövrdə ortaq dil, tarix və elm əsasında formalaşan mənəvi birliyin önəmi daha da artır.

Qurultay bizə bunu öyrətdi: “Birliyi olmayan xalqın elmi də, mədəniyyəti də parçalanır”. Bu gün biz o ideyanı yenidən bərpa etməliyik. 1926-cı ilin Bakı ruhu — yəni türk xalqlarının bir masa arxasında oturub elmi və mədəni gələcəklərini müzakirə etməsi bizim üçün ən böyük mənəvi mirasdır.

– Müsahibə üçün çox sağ olun.

Söhbəti hazırladı:
Namiq ƏHMƏDOV,
BDU jurnalistika fakültəsinin müəllimi, fəlsəfə doktoru





Müsahibə