Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Yaxın Şərqdə baş verən hərbi eskalasiyanı pisləyib.
AZƏRTAC-ın xəbərinə görə, o bildirib ki, Amerika Birləşmiş Ştatları və İsrailin İrana qarşı güc tətbiqi və sonradan İranın regionda qisas tədbirləri beynəlxalq sülhü və təhlükəsizliyi pozur.
“Bütün üzv dövlətlər BMT Nizamnaməsi də daxil olmaqla, beynəlxalq hüquq üzrə öhdəliklərinə hörmət etməlidir. Nizamnamə hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı və ya BMT-nin məqsədləri ilə ziddiyyət təşkil edən hər hansı digər şəkildə güc tətbiqi təhdidini açıq şəkildə qadağan edir. Mən hərbi əməliyyatların dərhal dayandırılmasına və gərginliyin azaldılmasına çağırıram. Bunun edilməməsi mülki şəxslər və regional sabitlik üçün ağır nəticələrə səbəb olan daha geniş regional münaqişə riskini yaradır. Bütün tərəfləri dərhal danışıqlar masasına qayıtmağa çağırıram”, - deyə Baş katib əlavə edib.
O qeyd edib ki, mübahisələrin BMT Nizamnaməsi də daxil olmaqla, beynəlxalq hüquqa tam uyğun olaraq sülh yolu ilə həllinə alternativ yoxdur.

